Türkiyədə Azərbaycan - Belarus birgə müəssisəsinin açılacağı tarix bəlli oldu

Türkiyədə Azərbaycan - Belarus birgə müəssisəsinin açılacağı tarix bəlli oldu

Türkiyənin Qırıqqala şəhərində traktor istehsal edəcək Azərbaycan – Belarus birgə müəssisəsinin (Azerbaijan – Turkey Uretim Birligi Traktor – ATUB) bu ilin mart ayında fəaliyyətə başlaması nəzərdə tutulur.

Bu barədə "Report”a müəssisənin direktorlarından biri Murad İsmayılov bildirib.

"Müəssisənin gec işə başlaması Qırıqqaladakı hava şəraiti ilə və traktor istehsalı üçün müvafiq icazələrin əldə edilməsilə bağlıdır” – deyən müəssisə rəhbəri yubanmanın sərmayə və istehsalat həcminə təsir etməyəcəyini də qeyd edib.

Xatırladaq ki, ilkin olaraq müəssisənin təntənəli açılış mərasimi ötən il nəzərdə tutulurdu.

Qeyd edək ki, üç il ərzində illik traktor istehsalını 500-dən 3000 ədədə çatdırılması nəzərdə tutulur. Türkiyənin illik traktor tələbatı 70 minə yaxın olduğuna görə müəssisə ilk ilyarım ərzində daxili ehtiyacları ödəməyə yönələcək, sonra isə xarici, xüsusilə də Afrika bazarlarına məhsul ixracına başlayacaq.

Müəssisə rəhbəri daha əvvəl ilkin olaraq layihəyə 17 milyon ABŞ dolları həcmində sərmayə qoyulduğunu, bunun 5 milyon dollarının xərcləndiyini vurğulayıb: "Hər iki payçı müəssisəyə bərabər həcmdə, yəni 50-50 nisbətdə sərmayə qoyub. Gəncə Avtomobil Zavodunun layihədəki payı azərbaycanlı və türk sərmayəçilərdən cəlb olunan vəsaitlər hesabına maliyyələşdirilir. 17 milyon dollar həcmində nəzərdə tutulan sərmayə müəssisənin illik istehsal gücünü 5000-7000 ədəd traktora çatdırmaq üçün sərf olunacaq. İstehsalat zəncirinə gəlincə, əsas hissələrin 70 faizi Belarusdan Gəncəyə gətirilib təkmilləşdiriləndən sonra Qırıqqalaya göndəriləcək, qalan 30 faizi isə Azərbaycanda istehsal olunacaq. Təqribən, üç-dörd il sonra isə bəzi hissələrin Qırıqqaladakı müəssisədə istehsalına başlanacaq”.

Qeyd edək ki, müəssisə Minsk Traktor Zavodu (MTZ) ilə Gəncə Avtomobil Zavodu arasında bir neçə ildir yaradılan əməkdaşlıq çərçivəsində ərsəyə gətirilir. Hər iki tərəfin iştirakı ilə Türkiyə bazarı üçün "Belarus-1221” modelinin "Euro4” ekoloji standartına uyğunlaşdırılan xüsusi versiyası hazırlanıb.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR