Xəbər lenti

Tutanxamonun xəncəri kosmik mənşəli metaldan hazırlanıb
Dünya 23:28 07.08.2026

Tutanxamonun xəncəri kosmik mənşəli metaldan hazırlanıb

Misir fironu Tutanxamonun mumiyasının yanında 3 min ildən artıq müddət qalmış dəmir xəncərin Yer mənşəli olmadığı müəyyən edilib. Alimlərin araşdırmasına görə, silahın tiyəsinin kimyəvi tərkibi dəmir meteoritləri ilə üst-üstə düşür. Bu isə xəncərin kosmosdan Yerə düşmüş meteorit dəmirindən döyüldüyünü göstərir.

Qaynarinfo xəbər verir ki, "SpaceDaily" nəşrinin məlumatına görə, arxeoloqlar 1925-ci ildə Tutanxamonun mumiyasını tədqiq edərkən dəfn parçalarına bükülmüş iki xəncər aşkar ediblər. Onlardan birinin tiyəsi qızıldan, digərininki isə eramızdan əvvəl XIV əsr Misirində son dərəcə nadir və qiymətli sayılan dəmirdən hazırlanıb.

Uzunluğu 34,2 santimetr olan xəncərin qızıl dəstəyi, dağ büllurundan hazırlanmış başlığı və zəngin bəzədilmiş qızıl qını var. Maraqlıdır ki, üç min ildən artıq müddət qəbirdə qalmasına baxmayaraq, silah demək olar ki, paslanmayıb.

Xəncərin metalının mənşəyi uzun illər mübahisə mövzusu olub. Lakin 2016-cı ildə Milan Politexnik Universitetindən "Daniela Komelli"nin rəhbərlik etdiyi tədqiqat qrupu portativ rentgen-flüoressensiya spektrometrindən istifadə edərək artefaktı analiz edib.

Araşdırma nəticəsində müəyyən olunub ki, tiyənin tərkibində 10,8 faiz nikel və 0,58 faiz kobalt var. Bu nisbət məhz dəmir meteoritləri üçün xarakterik hesab olunur və alimlərə görə, xəncərin kosmik mənşəyinin əsas sübutudur.

Tədqiqatçılar həmçinin metalın hansı meteoritdən əldə edildiyini müəyyənləşdirməyə çalışıblar. Onlar xəncərin tərkibini Qırmızı dəniz sahillərindən 2 min kilometr radiusda tapılmış 20 dəmir meteoriti ilə müqayisə ediblər. Ən yaxın uyğunluq "Kharga" meteoriti ilə müəyyən olunsa da, alimlər bunun qəti sübut olmadığını bildirirlər.

2022-ci ildə yapon alimləri xəncərin səthini daha ətraflı tədqiq ediblər. Onlar metalda nikel ilə zəngin zolaqlar və dəmir meteoritlərinə xas olan troilit mineralının izlərini aşkar ediblər.

Mütəxəssislərin fikrincə, bu strukturların qorunub saxlanılması göstərir ki, silah aşağı temperaturda döymə üsulu ilə hazırlanıb. Əgər yüksək temperatur tətbiq olunsaydı, həmin izlər məhv olardı.

Bununla belə, yeni nəticələr metalın hansı konkret meteoritdən əldə olunması məsələsini tam aydınlaşdırmayıb və bu mövzuda elmi müzakirələr davam edir.

Alimlər xəncərin qızıl dəstəyini də kimyəvi analiz ediblər. Nəticələr onun Misirdən kənarda hazırlanmış ola biləcəyini göstərir.

Tədqiqatçılar qədim "Amarna məktubları"na istinad edərək bildirirlər ki, həmin mənbələrdə Misir fironuna qızıl dəstəkli dəmir xəncərin hədiyyə edilməsi qeyd olunur. Lakin alimlər bunun hələlik yalnız ehtimal olduğunu, qəti şəkildə sübuta yetirilmədiyini vurğulayırlar.

Araşdırmada həmçinin qeyd edilir ki, Tutanxamonun xəncəri tək nümunə deyil. Tunc dövrünə aid Misir muncuqları, baltalar, asmalar və digər bəzək əşyalarının da meteorit dəmirindən hazırlandığı müəyyən edilib.

Mütəxəssislərin sözlərinə görə, eramızdan əvvəl təxminən 1200-cü ildən sonra dəmir əridilməsinin geniş yayılmasına qədər bu metalın yeganə mənbəyi göydən düşən meteoritlər idi.

Alimlər hesab edirlər ki, Tutanxamonun məzarında tapılmış digər dəmir əşyaların da eyni üsulla araşdırılması növbəti mühüm elmi mərhələ olacaq.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->