Dünya 16:51 26.01.2022

Ukraynada bu talanları ruslara qarşı kim törədir, məqsəd nədir: MKİ qabaqcadan demişdi...

"Ola bilsin, bu informasiyanı Rusiyanın müdaxiləsinə zəmin yaratmaq və ya Ukraynadakı rus əhalisinin etirazlarla küçələrə çıxmasını təmin etmək üçün sosial şəbəkələrdə saxtalaşdırılmış videolar vasitəsilə gündəmə gətiriblər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri sosial şəbəkələrdə Ukraynanın Kiyev, Xarkov, Dnepropetrovski, Zaporejyə şəhərlərində bu ölkədə yaşayan ruslara məxsus dukanların, evlərin silahlı qruplar tərəfindən qarət olunması barədə görüntülərin yayılmasına münasibət bildirərkən deyib:
"ABŞ-ın bir müddət əvvəl verdiyi kəşfiyyat məlumatlarında Rusiyanın Ukraynaya hərbi müdaxilə üçün bu cür zəmin hazırlayacağı bildirilirdi. Belə təxribatların Donbasda, Luqanskda, yaxud da Ukraynanın başqa əyalətlərində ola biləcəyi söylənilirdi. Əslində rusların "müdafiəsi” adı ilə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi gözləniləndir. 

Həqiqətən də Ukraynanın bəzi şəhərlərində ruslara münasibətdə bu cür təxribatlar törədilirsə, sözsüz ki, onun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır. Çünki Ukrayna xüsusi xidmət orqanları bilməmiş deyil ki, belə təxribatlar əslində hərbi təcavüzə zəmin hazırlanması anlamına gəlir. Ona görə də Ukrayna dövləti heç bir vəchlə bu cür olaylara imkan verməz”. 

Ekspert belə məlumatların sosial şəbəkələrdə süni olaraq yayılmasını da istisna etmir: 

"Bunun kütləvi şəkil alacağına inanmıram. Çünki belə vəziyyət Ukraynadakı rusların etiraz aksiyalarına rəvac verə bilər ki, bu da Kiyev hakimiyyətini ciddi problemlərlə üz-üzə qoyar. Ukraynada rus əhalisi çoxdur. Ən böyük şəhərlərdə belə yetərli şəkildə rus yaşayır. O baxımdan belə təxribatlara əl atıb, bu kimi etiraz aksiyaları vasitəsilə Ukrayna hakimiyyətinə ciddi problemlər yaratmaq mümkündürsə, sözsüz ki, Kreml bunu edəcək. Çünki hərbi müdaxilə Rusiyanın ciddi sanksiyalarla üzləşməsinə, Qərb dünyası ilə qarşı-qarşıya gəlməsinə səbəb olacaq”. 

N. Miri düşünür ki, Ukraynada etnik yöndə qarşıdurmaların olması Rusiyanın mövqeyini gücləndirə bilər: 

"Kreml Ukraynadakı hakimiyyəti belə etirazlarla dəyişərək özünə sərf edən birisini hakimiyyətə gətirə bilsə, sözsüz ki, bu Rusiya üçün böyük uduş olacaq. Bu, Rusiyanın əslində gecə yatarkən yuxusunda belə görmədiyi ciddi siyasi hadisə olardı”. 

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?