Dünya 17:04 30.11.2022

Ukraynada davamlı sülh: Qərb müharibənin bitməsində maraqlı deyil?

NATO-nun keçmiş baş komandanı və ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis "Bloomberg”də köşə yazısında bildirib ki, quruma üzv ölkələrin liderləri Ukraynaya MiQ-29 və F-16 qırıcılarının təhvil verilməsi imkanlarını müzakirə edirlər. "NATO ölkələrinin paytaxtlarında liderlər müharibənin ilk günlərində imtina edilmiş ideyanı yenidən müzakirə edirlər. Ukraynaya ya sovet dövründən qalma MiQ-29 qırıcılar, ya da təlimi asan olan ABŞ-ın F-16 çoxfunksiyalı qırıcılar veriləcək”, deyə Stavridis yazıb. 

Onun fikrincə, belə addımlar atılmasa, Rusiya hava qarşıdurmasında üstünlüyünü saxlayacaq. Stavridis hesab edir ki, NATO həm də Kiyevə çoxlu sayda "hava-yer” raket kompleksləri, o cümlədən İsrail tərəfindən hazırlanmış "Dəmir günbəz” hava hücumundan müdafiə sistemi, həmçinin "Patriot” hava hücumundan müdafiə sistemi təqdim edəcək. 

Bu arada NATO-nun Baş katibi Yens Stoltenberq də bəyan edib ki, Ukraynada sülhə nail olmağın yolu hərbi dəstəyi təmin etməkdən keçir: "Bu, paradoks kimi səslənə bilər, amma həqiqət budur ki, Ukraynada davamlı sülhə nail olmağın ən yaxşı yolu hərbi dəstəyi təmin etməkdir”. 

Bu iki açıqlama onu deməyə əsas verir ki, Rusiyanın Ukraynanın enerji sistemini raket atəşinə tutmasından sonra Qərb nəhayət Kiyevə onun çoxdan istədiyi hərbi dəstəyini göstərmək qərarına gəlib. Maraqlıdır, F-16 və ən müasir hava-hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi müharibənin gedişinə necə təsir edəcək? 

Hərbi ekspert Ədalət Verdiyev Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, sözügedən silahların Ukraynaya verilməsi məsələsi hələ uzun çəkəcək:



"Rusiya ilə Ukrayna arasında belə bir müharibənin olacağı ehtimalı 2014-cü ildən mövcud idi. Maraqlısı odur ki, Qərb Ukraynanın 25 faiz ərazisi işğal olunduqdan sonra Kiyevə F-16-lar və hava-hücumundan müdafiə sistemləri vermək barədə müzakirələrə başlayır. Bütün bunlar onu deməyə əsas verir ki, Qərb bu müharibənin bitməsində maraqlı deyil. Onlar müharibənin daha uzun müddətdə davam etməsi və Rusiyanın Ukrayna bataqlığında daha çox çabalamasında maraqlıdırlar. 

İsraillə "dəmir günbəz” hava hücumundan müdafiə sisteminin alınması barədə danşıqlar aparılsa da, müsbət nəticə ilə bitməsi yaxın perspektivin işi deyil. Bu sistemlərin alınması, qurulması, heyətin təlimlərə cəlb olunması, Ukraynanın hava-hücumundan müdafiə sisteminə uzlaşdırılması kifayət qədər zaman tələb edəcək. Bəzən bu məsələnin tam həlli üçün illərlə zaman tələb oluna bilər. 

Türkiyənin timsalında NATO üzvünə ABŞ F-16-ları çətinliklə verirsə, quruma üzv olmayan birisinə rahatlıqla verəcəyini düşünmürəm. Anoloji fikri "Patriot”lar barədə də deyə bilərik. Yaxın 2-3 ayda ABŞ-ın bu hərbi texnikaları Ukraynaya verəcəyini düşünmürəm. Amma "Patriot” hava-hücumundan müdafiə sistemləri Polşa ərazisində yerləşdirilə bilər”. 
 
Ekspert düşünür ki, həmin silahların verilməsi fonunda Ukrayna əks-hücum əməliyyatlarını artıraraq, hətta bir sıra yerlərdə Rusiya ilə sərhədə də çata bilər. Amma bu, heç də müharibənin başa çatacağı anlamına gəlməməlidir:

"Yaxın 2-3 ayda deyilən silahlar Kiyevə verilərsə, Ukrayna təbii ki, əks-hücum tempini artıracaq. Hətta bəzi istiqamətlərdə Rusiya ilə sərhədi bərpa da edə bilər. Amma bütün hallarda bu, yaxın perspektivdə müharibənin başa çatacağı demək olmayacaq. Müharibə hələ bir neçə il də davam edə bilər”. 

Rüfət Sultan