Almaniyalı politoloq Karlo Masala hesab edir ki, Rusiya Ukraynada qələbə qazandığı təqdirdə mütləq Avropaya hücum edəcək və ilk qurban Estoniya olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.
Politoloq "Əgər Rusiya qalib gəlsə: Ssenari" adlı kitabında yazır ki, Rusiyanın Ukraynadakı qələbəsini Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin, eləcə də Krımın tam işğalı, Ukraynanın isə rəsmi olaraq hərbi neytrallığını elan etməsi demək olacaq.
Masalanın fikrincə, sonrakı hadisələrin inkişafı ABŞ-da Donald Trampın Rusiyanın mümkün hücumu zamanı Avropanı müdafiə etmək istəməməsindən və hazırkı Avropanın özünü təkbaşına qoruya bilməməsindən asılı olacaq.
Politoloqun ssenarisinə görə, Rusiya ilk zərbəni Estoniyaya vuracaq və əsasən etnik rusların yaşadığı sərhəd şəhəri Narvanı ələ keçirəcək. Hücumun formal bəhanəsi kimi Moskva tərəfindən təşkil edilən və guya mərkəzi hakimiyyətin "təzyiqlərinə” qarşı keçirilən etiraz aksiyaları göstəriləcək.
Masala kitabında 27 mart 2028-ci il səhəri partlayış səsləri altında Narvaya Rusiya ordusunun daxil olduğunu və bir neçə saat ərzində şəhərin ələ keçirildiyini təsvir edir. Bu prosesdə əvvəldən silahlandırılmış yerli sakinlərin bir hissəsinin də rolu olacaq.
Politoloqun fikrincə, Narvadan başqa Rusiya Baltik dənizində strateji əhəmiyyətli Xiyumaa adasını da işğal etməyə cəhd edə bilər. Bunun üçün rus ordusuna diversantların dəstəyi ilə dəniz desantı çıxarmaq kifayət edəcək. Eyni zamanda, Rusiya Baltik donanması dənizin şərq hissəsini tam blokadaya ala bilər.
Masalanın qənaətinə görə, Kreml bu addımları atarkən NATO ölkələrinin bunu kiçik sərhəd insidenti kimi qəbul edib genişmiqyaslı müharibədən yayınmağa çalışacağına arxalanacaq. Onun fikrincə, bu, Rusiya ilə Ukrayna müharibəsindən əsas fərq olacaq: Ukrayna halında söhbət ərazi işğalından gedirdisə, Estoniya halında məqsəd NATO-nun qətiyyətini sınaqdan keçirmək olacaq.
"Düşünmürəm ki, Putin Sovet İttifaqını bərpa etmək istəyir. O, bütövlükdə Avropada, xüsusən də Şərqi Avropanın siyasətində dominant mövqeyə sahib olmaq istəyir,” deyə Masala bildirib.
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yüksək vəzifəli əməkdaşı Robert Dannenberqin fikrincə, Rusiya NATO-nu təyyarə və pilotsuz uçuş aparatları ilə təxribatlara məruz qoymaqda davam edəcək və nəhayət, bu insidentlərdən biri təyyarənin vurulması ilə nəticələnə bilər ki, bu da nəzarətsiz eskalasiyaya yol aça bilər.
ABŞ-ın Avropadakı keçmiş qoşun komandanı Ben Hodces isə hesab edir ki, Rusiya NATO ilə genişmiqyaslı qarşıdurmaya tab gətirə bilməyəcək. Onun sözlərinə görə, Rusiya dərhal Kalininqradı itirəcək, Sevastopol isə hərbi baza kimi məhv ediləcək.
Aydın
Şərhlər