Dünya 18:47 03.04.2024

"Ukraynada sülhün əldə edilməsi Vaşinqtondan asılıdır" (ŞƏRH)

"Hazırda Yaxın Şərq və Ukrayna məsələsində dönüşün əldə olunması üçün planlar hazırlanır. Bunu ABŞ dövlət katibi Entoni Blinkenin Fransaya səfəri də sübut edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, beynəlxalq proseslərin aktivliyinin artdığı bir dövrdə yaşayırıq:

”Mövcud regional proseslərin həll edilməsi və beynəlxalq güclərin bu proseslərdə rolunun əhəmiyyətinin artdığı görünür. Dünyada lidersizlik sindromundan qurtulmaq üçün bir-birinə əks qüvvələr öz hegemonluqlarını isbat etməyə çalışırlar. ABŞ dövlət katibinin tərəfdaş ölkələrlə məsləhətləşmələr üçün görüşlər keçirməsi və baş tutacaq konfranslar onu deməyə əsas verir ki, hazırda qaynar regionlar olan Yaxın Şərq və Ukrayna məsələlərində dönüş nöqtələrinin olması üçün planlar hazırlanır". 

Ekspert vurğulayıb ki, bu proseslərdə Vaşinqtonun rolu əsas olacaq:

”Hesab etmək olar ki, Qəzza və Ukrayna məsələsi bir mərkəzdən idarə edildiyi kimi, hadisələrin gedişinə də təsir edə biləcək qüvvə ABŞ olacaq. Odur ki, bu problemlərə eyni prizmadan yanaşmaq doğru olar. ABŞ Konqresinin Ukraynaya 67 milyard dollar yardımı təsdiqlədiyi xəbərlərinin yayıldığı bir fonda proseslərdə ciddi dəyişiklik, hətta irəliləyişlərin olacağı qaçılmazdır”. 
 


Həmsöhbətimiz hesab edir ki, bu yeniliklər problemin həlli istiqamətində yox, İsrail və Ukrayna dövlətlərinin planlarının həyata keçməsinə dəstək istiqamətində olacaq: 

"İsrailin artıq HƏMAS-la məsələni böyük ölçüdə həll etdiyini düşünsək, fikrimcə, növbəti mərhələdə "Hizbullah”la qarşıdurma olacağını da proqnoz etmək olar. Ukrayna cəbhəsində Rusiyaya yönəlik əks zərbələrin artması və Rusiyanın dərinliklərinin, Krımın daha çox vurulmasının artacağını da gözləmək olar. Ukraynaya NATO qoşunlarının göndərilmsinin hələlik mümkün olmadığı bilinsə də, böyük ehtimalla hansısa ölkələrin ordu mənsublarının Ukraynaya göndərilməsi baş tutacaq. Bu məsələ əvvəllər də olub, lakin gizli şəkildə həyata keçirilib”. 

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Ukrayna və Qəzza ilə bağlı danışıqlar aparmaq üçün Fransaya gəlib. Burada o, Fransa prezidenti Emmanuel Makronla Rusiya ilə müharibədə Ukraynaya dəstək, və İsraillə HƏMAS terror qruplaşması arasında münaqişə ilə bağlı danışıqlar aparacaq. Tərəflər həmçinin  Ukraynaya maliyyə və hərbi dəstəyin təmin edilməsi üçün fevralda Parisdə keçirilən beynəlxalq konfransın nəticələrini nəzərdən keçirəcəklər. 

Rüfət Sultan