Bir aksioma var: "Kadrlar hər şeyi həll edir”. Bu hər yerdə belədir. İstər ən inkişaf etmiş dövlət olsun, istərsə də ən mürtəce. Niyə kadrlar? Çünki onlar qanunun aliliyinin icraçıları, dövlətin və vətəndaşın xidmətində duranlardır. Zəif və ya tutduğu işin öhdəsindən gələ bilməyən kadr heç bir hakimiyyətə başucalığı gətirmir.
Son aylar Azərbaycanda ciddi kadr islahatları həyata keçirilir. Dövlət strukturlarının təkmilləşdirilməsi, ixtisar edilməsi prosesi gedir. Bu islahat dövlət xərclərinin və bürokratik manelərin azalmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu qəbul edərkən bu məsələlərə toxunub. Dövlət başçısı bildirib ki, islahatlara alternativ yoxdur: "Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.
Prezident İlham Əliyev islahat prosesinə mane ola məmurlara qarşı da ən ciddi sanksiyalar və tədbirlər görüləcəyini vurğulayıb. Dövlət başçısı islahatlar və yarıtmaz məmurlarla bağlı ismarışlar verib: "Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.
Dövlət başçısı kadr islahatlarının başlıca məqsədini belə vurğulayıb: "Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq".
Prezident İlham Əliyev müstəqil iqtisadiyyatın vacibliyidən, bunun Azərbaycan əhalisi üçün faydasına toxunraq deyib: "Bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır”.
Azərbaycan Prezidenti neft-qaz sektorunun ölkə iqtisadiyyatındakı rolundan danışıb: "Bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Bu təbiidir. Bu, demək olar ki, neft-qazla zəngin olan bütün ölkələrdə müşahidə edilən mənzərədir və bu faktdır. Bəzi hallarda bunu mənfi amil kimi yozurlar. Mən bunu mənfi amil kimi qəbul edə bilmərəm, çünki məhz neft-qaz sektorunun inkişafı hesabına biz böyük infrastruktur layihələri icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz 300 mindən çox köçkünü yerləşdirmişik, biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri icra etmişik. Əgər bizdə neft-qaz sektoru olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik, biz nəyin hesabına inkişaf edəcəkdik? Guya kimsə bizə gəlib arxa mı duracaqdı? Hansısa ölkə, yaxud da ki, beynəlxalq maliyyə qurumu bizə kömək mi göstərəcəkdi? Ona görə iqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir. Bu, bizə güc verir, inam verir, xalqımız təhlükəsizlik şəraitində yaşayır və biz ölkə üçün vacib olan bütün layihələri icra edirik".
Təbii ki, islahatlar həm də komandanın yenilənməsinə xidmət edir. İstefaya gedən mərmulara hörmət göstərilir, xidmətlərinə görə mükafatlandırılırlar. Bu müsbət hal sayıla bilər. Bu, keçmişdə fərqli olub. Əvvəllər buraxılan səhvləri və ya çatışmazlıqları bir nəfərin, yaxud bir qrupun üzərinə yıxardılar. Nəticədə inamsızlıq və xof yaranardı. Ancaq mükafatlandırma bu stereotipi sındırdı.
Yeri gəlmişkən, cinayətkarın cəzalanacağının bu məsələyə aidiyyəti yoxdur. Son zamanlar baş verən kadr dəyişikliklərinin uğurlu nəticəsi olacağını indidən ehtimal etmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Baş Naziri müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimovun və başqalarının fəaliyyəti, yaxşı təhsilli və müasir dünyagörüşünə malik olmaları buna əsas verir.
Beləliklə, Azərbaycan hakimiyyətinin başlatdığı islahatların uğurla həyata keçməsində, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında kadr dəyişikliyi başlıca vasitədir. Uğurlu islahatlar uğurlu kadrlarla reallaşar.
Mənbə: Report.az
Şərhlər