V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı

Mayın 1-dən Bakıda keçirilən  "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini yekunlaşdırıb.

ONA-nın məlumatına görə, bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Bakı prosesi sayəsində mədəniyyətlərarası dialoqa nail olunub: "Panel ərəfəsində ciddi müzakirələr keçirildi. Ümumilikdə forum çərçivəsində 20-yə yaxın tədbir oldu. Bu gün siyasi elitanı QHT və gənc nəsillərlə bir aya gətirə bildiksə, bu, əməli tədbir deməkdir. Tədbirin uğurlu olmasına töhfə verən hər kəsə minnətdarlığımı bildirirəm".

Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos forumun təşkili üçün Azərbaycan hökumətinə təşəkkür edib. Onun sözlərinə görə, Bakı prosesində yeni çoxtərəfliliyə nail olunub: "İndi biz üzümüzü gənclərə tutmalı, islahatlara nəzər yetirməliyik. Biz öz işimizdə bütün vacib elementləri əks etdirməliyik. Çoxtərəflilik qərəzsiz olmalıdır və Bakı prosesi bunu yerinə yetirməyə çalışır. Multikulturalizm həm müdafiə edir, həm də bizi irəliyə səsləyir".

UNESCO baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif deyib ki, münaqişə qurbanlarını bir araya gətirmək vacibdir: "Bu dəfə maraqlı müzakirələrimiz keçdi. Dilin və təhsilin rolunu müzakirə etdik. Ümid edirəm ki, bu müzakirələrimiz gənclərlə gələcəkdə də davam edəcək".

İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycrinin sözlərinə görə, forumun təşkili üçün ən böyük səylər ortaya qoyulub: "Bugünkü dünyada ekstremizm, ədavət hökm sürür, terror aktları törədilir. Ayrı-seçkilik və bərabərsizlik hökm sürür. Biz çalışırıq ki, bunların qarşısını alaq. Əhalisi səfalət içində yaşayan ölkələr var. Dünya ölkələri bundan utanmalıdır. Müharibələr çıxış yolu deyil. Dialoqumuzu sivil qaydada qurmalıyıq. Gənclərlə iş aparmalıyıq".

Sonda çıxış edən BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter də bu təşəbbüs üçün Azərbaycan hökumətinə təşəkkür edib. O bildirib ki, bu konfrans doğru zamanda keçirilib: "Turizm mədəniyyətlərarası dialoqun hərəkətverici qüvvələrindən biridir. Turizm bizim hamımızı daha açıq düşüncəli və yaradıcı olmağa təşviq edir. Biz turizmlə daha yaxşı cəmiyyətləri formalaşdırmağa nail oluruq. Qurumlarımız arasında koordinasiya çox vacibdir".

Bununla da forum başa çatıb. 
XƏBƏRLƏR
BLOGLAR