Xəbər lenti

Vasif Talıbov müşavirə keçirdi
Ölkə 20:00 04.08.2018

Vasif Talıbov müşavirə keçirdi

Avqustun 4-də Naxçıvan Muxtar Respublikasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, "Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru Bəxtiyar İsmayılov və Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında artıq bir neçə ildir ki, payız-qış mövsümü heç bir problem olmadan başa vurulur. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində muxtar respublikanın bütün ərazisinin qazlaşdırılması, yeni elektrik stansiyalarının istifadəyə verilməsi hesabına fasiləsiz enerji təchizatı təmin edilib ki, bu da payız-qış mövsümündə meydana çıxan çətinlikləri aradan qaldırıb. Muxtar respublikanın sosial-iqtisadi inkişafı artan templə davam edir. Hər il enerji tutumlu yeni istehsal müəssisələri işə düşür, yaşayış binaları və xidmət sahələri istifadəyə verilir. Bütün bunlar isə öz növbəsində elektrik enerjisinə və qaza olan tələbatı da artırır. Bu tələbatı ödəmək üçün isə mövcud elektrik və qaz təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bundan əlavə, əhalinin içməli suya olan tələbatının ildən-ilə yaxşılaşması istiqamətində də müəyyən işlər görülür. Bu gün Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Şahbuz və Culfa rayon mərkəzləri və ətraf kəndlər fasiləsiz içməli su ilə təmin edilib. Digər rayon mərkəzlərində də bu işlər davam etdirilir.

Ali Məclisin Sədri deyib: Görülmüş işlər muxtar respublika sakinlərinin rahat yaşayışının təmin olunmasına, normal şəraitin yaradılmasına xidmət edir. Bu rahatlığın qış aylarında da qorunub saxlanılması, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün mövsümə hazırlıq işlərinə indidən başlamalı, lazımi mal-material ehtiyatı yaratmalıyıq.

Dövlət Energetika Xidməti elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan avadanlıq və xətlərin vaxtında müəyyən edilərək dəyişdirilməsini təmin etməli, qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların oktyabrın 20-dək texniki baxışdan keçirilməsini başa çatdırmalıdır. Xidmət tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsini və onların zəruri ehtiyatının yaradılmasını diqqət mərkəzində saxlamalı, qəza-bərpa briqadalarının komplektləşdirilməsini noyabr ayınadək yekunlaşdırmalı, işçiləri qış mövsümünə uyğun xüsusi geyimlə təmin etməli, elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün başlanan tədbirləri davam etdirməli, enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirlərini gücləndirməlidir. Naxçıvan şəhərində əhali istehlakçıları üzrə smart-kart tipli sayğacların quraşdırılması başa çatdıqdan sonra digər rayon mərkəzlərində də bu sayğacların quraşdırılmasını həyata keçirməlidir. "Naxçıvanqaz” İstehsalat Birliyi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməli, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmalı, istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsini diqqətdə saxlamalı, qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması işlərini ilin sonunadək yekunlaşdırmalıdır. Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanması təmin edilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunmasına diqqəti artırmalı, qış mövsümü başlayanadək işçilər müvafiq geyim və avadanlıqlarla təmin olunmalıdır.

Ali Məclisin Sədri deyib ki, şəhər və rayon icra hakimiyyətləri cari il noyabr ayının 1-dək bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, qazanxanalardan çıxan istilik xətlərinin üzərinin örtülməsini, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsini təmin etməlidirlər. Elektrik enerjisi, təbii qaz təchizatı sahəsində mövcud nöqsanlar aradan qaldırılmalı, ictimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, zirzəmilərdən keçən istilik xətlərinin istismar üçün yararlılığı yoxlanıb, müvafiq tədbirlər görülməlidir. Qış mövsümündə yolların təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə saxlanmasına diqqət artırılmalıdır. Naxçıvan şəhərində şəhər icra hakimiyyəti, rayonlarda isə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə içməli su və kanalizasiya sistemlərinin qışa hazırlıq vəziyyəti ilə bağlı nöqsanları aradan qaldırmalı, əhali fasiləsiz içməli su ilə təmin edilməlidir.

Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin nəticəsi olaraq əksər təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman obyektlərinin isə hamısı istilik sistemi ilə təchiz edilib. Lakin hələ də bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi həmin müəssisələrin qış mövsümündə fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməli, tələb olunan yanacaq ehtiyatının yaradılması üçün tədbirlər görməlidir. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalı, yaradılan müasir təhsil infrastrukturu qorunmalı və onlardan səmərəli istifadə olunmalıdır. Ali və orta ixtisas təhsili müəssisələrinin tədris korpuslarının, idman zallarının, sosial xidmət mərkəzləri və yataqxanalarının qış mövsümünə hazırlığı diqqətdə saxlanılmalıdır.

Ali Məclisin Sədri deyib: Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün tibb müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatına nəzarəti gücləndirməli, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə səhiyyə müəssisələrinin elektrik generatorlarının işlək vəziyyətdə olması və fövqəladə hallara hazırlığın səviyyəsi yoxlanılmalı, maarifləndirmə işləri aparılmalıdır. Maliyyə Nazirliyi istilik sistemi olmayan müəssisələrə qış mövsümündə tələb olunan mal-materialın alınması üçün maliyyə vəsaitinin ayrılmasını təmin etməli, dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmaması üçün tədbirlər görməlidir. Büdcədən maliyyələşən bütün dövlət müəssisə və təşkilatları elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə etməli, israfçılığa yol verməməli, istehlak olunan qazın və enerjinin dəyəri vaxtında ödənilməlidir. Dövlət Nəqliyyat Xidməti qış aylarında sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına və qrafik üzrə hərəkətinə nəzarəti gücləndirməlidir. Avtomobil Yolları Dövlət Agentliyi yolların qardan təmizlənməsi üçün texnikaların işlək vəziyyətdə olmasını və qum ehtiyatı yaradılmasını təmin etməlidir.

Naxçıvan Beynəlxalq Hava Limanı bütün maşın-mexanizmlərin, elektrik və işıqlandırma sistemlərinin, rabitə qurğularının texniki baxışını vaxtında yekunlaşdırmalı, tələbata uyğun yanacaq və mal-material ehtiyatı yaratmalı, hava limanının uçuş və enmə zolağının təmiri vaxtında başa çatdırılmalıdır. "Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlamalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalıdırlar. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq üçün tədbirlər görməli, bununla əlaqədar istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdırlar. İqtisadiyyat Nazirliyi mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünü təşkil etməli, qəbul olunmuş meyvə-tərəvəzin saxlanılması üçün müvafiq texnoloji şəraitin yaradılmasına nəzarəti artırmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə bağlı maarifləndirmə tədbirlərini gücləndirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi fasiləsiz poçt və rabitə xidmətlərinin göstərilməsi üçün mal-material ehtiyatının yaradılmasını təmin etməlidir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrinin istiliklə fasiləsiz təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın vəziyyətini araşdırıb, Ali Məclisə məlumat verməlidir. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini, payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün duz və yem ehtiyatı yaradaraq müəyyən olunmuş ərazilərə səpilməsini təmin etməlidir. Daxili İşlər Nazirliyi yerli icra hakimiyyəti orqanları və aidiyyəti təşkilatlarla birlikdə qış mövsümündə elektrik enerjisi və təbii qaz sayğaclarına müdaxilə, sayğacdankənar istifadə hallarına qarşı müvafiq tədbirlərin görülməsini davam etdirməlidir. Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etməli, yol verilmiş nöqsanları araşdıraraq noyabr ayının 1-dək aradan qaldırmalıdırlar.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırıb ki, istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın, digər mal-materialın bölgüsünü təsdiq etsin, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Ali Məclisin Sədri qarşıya qoyulmuş vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->