Xəbər lenti

Vaşinqton İrəvana qucaq açarsa...(ŞƏRH)
Dünya 18:45 14.01.2025

Vaşinqton İrəvana qucaq açarsa...(ŞƏRH)

"ABŞ-la Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişi sırf Rusiyaya qarşıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə Vaşinqtonda Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq sazişinin regiona, Azərbaycana mümkün təsirlərini şərh edərkən deyib:
 
"İkinci Qarabağ müharibəsindən sonra Ermənistan KTMT-dən çıxmaq, həmçinin ölkəsindəki Rusiya hərbi bazasına son qoymaq niyyətinə düşüb. Bu səbəbdən də Paşinyan hökuməti Qərb, daha çox da ABŞ-la münasibətləri yaxşı səviyyədə saxlamağa çalışdı. Bu mənada, Paşinyan hökumətinin ABŞ-la strateji tərəfdaşlıq istiqamətində addım atacağı əslində məntiqi ardıcıllıq idi. Yəni bu strateji tərəfdaşlıq əslində Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istiqamətində atılan yeni addımdır”. 
 


Bu səbəbdən ekspert həmin sazişin Azərbaycana mənfi təsirlərinin olacağını zənn etmir:

"Ancaq buna baxmayaraq, Ermənistanın silahlandırılması mənfi faktordur. Sülh və  təhlükəsizliyə təhdidlər yaradır. Vaşinqtonla İrəvan  arasındakı strateji tərəfdaşlıq isə sırf Rusiyaya qarşıdır. Yəni onun Azərbaycana qarşı yönəldiyini tam olaraq düşünmək düzgün deyil. Azərbaycan düzgün xarici siyasi kurs götürüb. Rusiya ilə Qərb arasında narahatlıq yaradacaq siyasi proseslərə qoşulmuruq. Strateji tərəfdaşlıq o demək deyil ki, ABŞ hər zaman Ermənistanın arxasındadır. Bu həm də o anlama gəlmir ki, Ermənistan nədənsə şikayət edən kimi, Vaşinqton da dərhal qaça-qaça gələrək ona kömək edəcək”. 

Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan yanvarın 14-15 arasında Vaşinqtonda səfərdə olacaq.  Artıq onun Vaşinqtona gəldiyi bildirilir. O, burada  dövlət katibi Entoni Blinkenlə görüşməlidir. Ermənistan XİN-i bildirilir ki, görüş çərçivəsində  Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığa dair sənəd imzalanacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->