Vatikanın rəhbəri Papa Fransiskin hər iki ağciyərində pnevmoniya başlanğıcı aşkar edilib. 14 fevralda xəstəxanaya yerləşdirilən Papa həyatının sonuna yaxınlaşdığını hiss edərək başladığı kilsə islahatlarının özündən sonra da davam etməsi üçün tədbirlər görməyə başlayıb.
Papa Fransisk sağlamlığının pisləşdiyini hiss edir
Qayanrinfo xəbər verir ki, "Politico"nun məlumatına görə, Papa şiddətli ağrılar çəkir və bu dəfə sağ qalacağına əmin olmadığını etiraf edib. Vatikan daxilindəki mənbələrin bildirdiyinə görə, Papa xəstəxanaya yerləşdirildiyi günlərdə adətən heç vaxt buraxmadığı səhər dualarını belə icra edə bilməməsi onu dərin kədərləndirib. Başqa bir mənbə isə bunun həkimlərin təkidi ilə edildiyini bildirib.
Məlumata görə, Papa Fransisk ilkin mərhələdə xəstəxanaya getməkdən imtina edib. Lakin ona Vatikan otağında qalacağı təqdirdə həyatını riskə atdığı açıq şəkildə bildirilib.
Papa Fransiskin vəziyyəti "mürəkkəb" olaraq qiymətləndirilir
Vatikan 88 yaşlı Papa Fransiskin 14 fevraldan bəri xəstəxanada müalicə aldığını və hər iki ağciyərində pnevmoniya başlanğıcı olduğunu açıqlayıb. Rəsmi açıqlamada bildirilir:
"Papanın laboratoriya testləri, döş qəfəsi rentgeni və ümumi klinik vəziyyəti mürəkkəb qalmağa davam edir. Bu gün günorta saatlarında aparılan döş qəfəsi tomoqrafiyası, onun daha ciddi farmakoloji müalicəyə ehtiyacı olduğunu göstərib. Bununla belə, Papa yüksək əhval-ruhiyyədədir və müalicəyə müsbət cavab verir".
Vacib təyinatlar üçün hərəkətə keçdi
Papa Fransisk 14 fevralda bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilib və həkimlər onun tənəffüs yollarında çoxsaylı bakterial infeksiya aşkar edildiyini bildiriblər. Bu səbəbdən papanın müalicə planında dəyişiklik edilib.
Roma Gemelli xəstəxanasında müalicəsi davam edən Papa Fransiskin sağlamlıq vəziyyətinə görə həftə sonuna planlaşdırılan iki dini mərasim ləğv edilib.
Vatikanın açıqlamasına görə, 22 fevral şənbə günü keçirilməsi nəzərdə tutulan Yubiley ayini baş tutmayacaq. Bazar günü təşkil olunacaq ayin üçün isə yüksək vəzifəli bir din adamı təyin edilib.
Papa mirasını qorumaq üçün addımlar atır
2013-cü ildə Papa seçildikdən sonra Katolik Kilsəsini daha açıq və əhatəli hala gətirməyi hədəfləyən Fransisk mühafizəkarların etirazlarına baxmayaraq, islahatlarını davam etdirib. Lakin sağlamlığının pisləşməsi ilə əlaqədar başladığı dəyişiklikləri tamamlamaq və özünə yaxın kardinalları vacib vəzifələrə gətirmək üçün təcili addımlar atıb.
Xəstəxanaya yerləşdirilməzdən əvvəl Papa Fransisk Kardinallar Kollegiyasının dekanı vəzifəsində olan italiyalı kardinal Covanni Battista Renin müddətini uzadıb.
Bu qərarla Papa Fransisk öz istəklərinin həyata keçirilməsini təmin etmək və növbəti Kardinallar Kollegiyası dekani seçkisindən yayınmaq istəyib. Müddəti uzadılan kardinal Renin yeni papanın seçiləcəyi konklav toplantısına nəzarət edəcəyi bildirilir.
Papa Fransisk vəfat edərsə, nə baş verəcək?
17 dekabr 1936-cı ildə anadan olan Papa Fransisk yaxın tarixdə seçilən ən yaşlı papalardan biridir. O, 13 mart 2013-cü ildə Papa 16-cı Benediktin istefasından sonra Katolik Kilsəsinin lideri seçilib.
Əgər Papa Fransisk vəfat edərsə və ya vəzifəsini tərk edərsə, dünyanın hər yerindən gələn kardinallar Vatikandakı Sistina Kapellasına toplaşaraq yeni papanın kim olacağına qərar verəcək.
Yeni papanın seçilməsi üçün keçiriləcək səsvermənin nəticəsi Sistina Kapellasının bacasından çıxan tüstü ilə elan olunacaq. Əgər kardinallar yeni papanı seçə bilsələr, bacadan ağ tüstü çıxacaq. Lakin konsensus əldə olunmazsa, bacadan qara tüstü qalxacaq.
Aydın
Şərhlər