Vaxtsız ölümlərin diktəsi ilə “yaşamaq” cəzası

Vaxtsız ölümlərin diktəsi ilə “yaşamaq” cəzası

Nazlı Ağayeva

Biz JEK-in balansındakı qədim binaya köçəndə onun təxminən yeddi yaşı olardı. Şərikli damın altında yaşayasıydıq. Nabələdlik problemimiz yox idi, o evə yolun o biri üzündən gəlmişdik. Anamla yeni ünvana yerləşər-yerləşməz həyət qapısının zəngi çalmağa başladı. Qapı içəridən bağlı deyildi. Gedib baxdım, kimsə yox idi. Qayıtdım, eyni şey təkrar olundu. Üçüncü zəngi qapıda qarşılayıb "bizə sataşan” uşaqların arasından toppuş, şirin birini "ələ keçirdim”. Adı Elvin, özü də bizim evin uşağı imiş. Yaşlı nənə ilə qaldığımı, sabahdan işə çıxacağımı və adımı söyləyib, ondan bir də bunun təkrar olunmamasını xahiş etdim. "Baş üstə, Nazlı xala” dedi. 

O baş üstə-bu baş üstə, dünənə-srağagünə qədər dilindən başqa bir cavab eşitmədim. Həmin o vaxtdan Elvin bizim təcili yardımımız oldu. Qapıdan hansı xırda-para iş dalınca çıxdımsa yoldan qaytarıb özü yoluna qoydu. Axşamlar işdən gələndə qaraltısını görüb ürəkləndim, səhər gedəndə üzündəki sevimli işığa köklənib rahatladım. Nənəsi ilə rəfiqə olmuş anam onu kənddə qoyub gəldiyi nəvələri qədər sevirdi. Harasa bir hadisə yerinə gedəndə "can bala, Elvinlə get”, tapşırığı dilində bitmişdi. "Ay Alagöz bacı, qırxı adlayan adamam, yanıma uşaq qoşum?” - deyərdim. "Elvin uşaq deyil, a bala, maşallah, o boyda cahıldı, qoy görsünlər ki, tək deyilsən”. Alagöz bacı düz deyirdi, bizim şagird Elvində yeniyetmə boy-buxunu vardı. Di gəl ki, ürəyi körpə ürəyi idi.
Anam kənddə olanda onunla qalardım. Yatdığımız yerdə yuxu tutana qədər danışardıq. Elə qəribə suallar verərdi ki, elə şirin uşaq mülahizələri yürüdərdi ki, az qalırdım durum qulağını "çəkib” deyəm ki: "Böyü, Elvin! Həyat sənin təmiz, saf təxminindəki kimi hamar deyil axı...” Təbii ki, belə sözlərlə onun uşaq dünyasına zərər gətirməzdim. Amma sonralar da onun əzəmətli görünüşü ilə daxilindəki tərtəmiz uşaq aləmi arasındakı təzadın azalmadığını görürdüm.

İllər keçdikcə bir divarın iki üzündəki adamlar uzaqlaşıb ayrı düşdülər. Ara qapı mıxlandı. Girişimiz ayrı idi, yalnız küçədə rastlaşardıq. Əsgərliyə gedib-gələndən sonra lap yaraşıqlı, hündür gənc olmuşdu. Artıq anam yoxdu. Bizdən pərvazlanıb uçan qardaş-bacı uşaqlarının tünlüyündən özümə yer tapmadığım hay-küylü evin sükütu nadir hallarda pozulurdu. Hərdən axşamlar çolaq-çolaq evə qayıdanda küçənin başındakı qaya kimi qaraltının qayğı dolu doğma səsi ilə qarşılaşardım: "Nazlı xala, dayan çantanı götürüm, qapını açım, gedək yuxarının işığını yandırım...”

Qolumdan tutub eyvana çıxardardı. Düşəndə həmin o xoşbəxt gecələrin körpə ürəkli böyük uşağı kimi şirin-şirin deyərdi:

– Bir şey lazım olsa, buralardayam, Nazlı xala...

Nazlı xala olaraq bütün qəlbimlə: "Sənin sağlığından başqa heç nə lazım deyil, can bala” deyərdim.

Ötən ilin bu vaxtlarında məhlənin başına sanki daş kimi düşən acı xəbərdən nəfəsim tutuldu. Elvin xəstələnibmiş... Elvin ha! Həyat dolu o sağlam, sevimli uşaq niyə xəstələnsin ki? Gediş-gəlişimiz  kəslimişdi. Amma mövzu Elvin olduqda məni saxlamaq olardımı?

Halsız-heysiz uzanmışdı. Bilmirəm olardı-olmazdı, öpdüm onu. Mələk kimi anasının bütün gözəl xüsusiyyətləri hopmuş üzündəki ağrının dərin izlərini gizlətməyə çalışıb gülümsədi. Və bundan sonrakı bütün ömrümə yetəcək bir qüssənin möhürünü vurası sual verdi:

– Ayağın necədi, Nazlı xala?

Xərçəngin caynağındakı Elvinə verdiyim çaşqın cavabı xatırlamıram, o gün özümə dediyim cümlələr artıqlaması ilə yadımdadır. Ki, o ayaq kaş o qəzada tamam qırılaydı, amma sevdiklərim birər-birər ömrümdən getməyəydi... 

Elvinin müalicəsi davam edib, vəziyyəti yaxşılaşdıqca məhlənin üstündəki qara bulud çəkilmyə başladı. Bütün şəhərin xeyir-duası, məhəbbəti varlığından xeyirxahlıq yağan xoşniyyət gəncin üstündəydi. Və bizlər tam bir il Elvinin sağalma xoşbəxtliyini yaşadıq...

Ötən həftələrdən vəziyyəti geriləməyə başlayan Elvin yolda-irizdə görünməz oldu. Xərçəngin işgəncə verib anbaan tükətdiyi Elvinlə xəfif bir səs məsafəsində rahat nəfəs almaq ona və özümə xəyanət kimi gəlirdi. Bütün günü canım tüstülənirdi, boğazımdan heç nə keçmirdi. Bu damın altında özümə ölüm arzulaya-arzulaya bir il yataq dustağı olmuşdum. Bu evdə daha bir əzizim bir ayın içində əriyib əllərimdən getmişdi. Xatirələr reallıqla birləşib üstümə gələndə ani və səhv bir qərarla yığışıb kəndə getdim. Uşaqlar, gənclər amansız xəstəliyə tutulanda sağlam düşünə bilmirəm.

Sevgi cəfakeşləri

O ara Elvindən otrü göynəyən məhlənin ekiz Sevda-Sevinc bacıları ağlaya-ağlaya kəndə zəng vurdular: "Elvin gedir...” Bacılar heç bir qohumluqları çatmayan gəncdən ötrü ovxam-ovxam olmuşdular. Bütün günü fiziki işlərdə əziyyət çəkən qızlar işdən gəlib Elvinə baş çəkir, evə qayıdıb yeməz-içməz otaqlarına çəkilirdilər. Yorğun-arğın canlarında gəzdirdikləri nisgil üzlərində, səslərində yer eləmişdi. Daim üzü gülər o bacıların necə dəyişdiyini görüb içim titrədi. 

Bu necə dünyadı, allahım? Sadəcə səmimi, mehriban olduqları qonşu uşağa görə gündəlik həyatları, vərdişləri donan bacıların bu sözlərə ehtiyacı olmadığını bilirəm. Amma sıradan bir təmənnasız, mərd sevgilərin üstündən səssiz keçmək olmaz və bunu Elvin də istəməzdi. Çünki özünün də qəlbində hər kəsin belə sevgi payı vardı. 

*

...Dünən Elvinin can çəkişdiyi son saatlarda gedib bir neçə anlıq daim sevib hörmət bəslədiyim anasının yanında olmaq istədim. Ana-bala bir-birilərinə çox bağlı idilər və o bağın qopmamasını Elvin özündən daha çox anası üçün arzulayardı. Pilləkənə çatanda başım gicəllənib bütün bədənim buza döndü. Həmin anda yıxılacağımı hiss edib özümü birtəhər geri sürüdüm. Həyatı yarım qalan istəkli, əziz Elvinimizin vida mərasiminə xələl gəlməsin deyə. Orda yıxılmaqla öləsi deyildim əlbət, amma istər-istəməz bir qarışıqlıq düşərdi və məhləmizin nakam yaraşıqlısının ruhu inciyərdi. O isə ki, dünən şəhərimizin və məhləmizin sükutunu yalnız o özü poza bilərdi. Necə ki, pozdu... 

P.S. "Buralardayam, Nazlı xala”, - deyib, sözünü tuta bilmədiyin Nazlı xalandan: 

– Oralardasanmı, Elvin bala? Qolumdan tutarsan...
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR