Video 23:50 16.01.2021

Vətən müharibəsində qazi atasının arzusunu reallaşdıran qalib əsgər (VİDEO)

2020-ci in sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında fəal iştirak edən, bir sıra ağır döyüşlərdə şücaət göstərən qəhrəman əsgərimiz Siyasət Əmirov ordu sıralarından tərxis olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, Vətən müharibəsi iştirakçısının doğulduğu Cəlilabad rayonunda təntənəli qarşılanma mərasimi keçirilib.

Müqəddəs missiyasını tamamlayaraq evinə qayıdan əsgərimizin qarşılanma mərasimində ailə üzvləri, yaxınları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qələbə əzmi ilə geri dönən qalib Azərbaycan əsgəri daha sonra mərasim iştirakçıları ilə birlikdə Vətən müharibəsində şəhid olan döyüş yoldaşlarının məzarlarını ziyarət edib, onların ruhlarına dualar oxuyub.

S.Əmirov Cəlilabad rayonunun Sərhədabad kəndində, qazi ailəsində dünyaya göz açıb. Onun atası Seyfəddin Əmirov Birinci Qarabağ müharibəsi iştirakçısı olub. 1993-cü ildə Qarabağda gedən döyüşlərə qatılan S.Əmirov 1994-cü ildə yaralanıb və qazi kimi geri dönüb. Üç il sonra onun gələcəkdə növbəti Qarabağ savaşında missiyasını davam etdirəcək oğlu dünyaya gəlib.

Siyasət Vətən müharibəsinin ilk günündən Azərbaycanın işğal altında olan torpaqlarının erməni tapdağından azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, bir sıra döyüş əməliyyatlarında fəal iştirak edərək qazi atasının missiyasını qəhrəman övlad kimi tamamlayıb.

23 yaşlı qəhrəman əsgərimiz Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərib. Elə göstərdiyi şücaətlərə görə də Azərbaycanın Ali Baş Komandanı tərəfindən "Füzuli”, "Cəbrayıl" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.