Azərbaycan ordusunun bölmələri torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğratmaqda davam edir.
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətimizin atdığı addımları dəstəkləyir və daim ordumuzun, xalqımızın yanındadır.
Şirkətlər Qrupuna daxil olan "AVT Nəqliyyat” şirkəti ordumuza dəstək təşəbbüsü həyata keçirib. Belə ki, hazırkı dövrədək şirkət tərəfindən hərbi səfərbərlik şəraitində istifadə edilməsi nəzərdə tutulan 11 nəqliyyat vasitəsi cəbhə bölgəsinə yola salınıb.
Qeyd edilən nəqliyyat vasitələrinin səfərbərlik şərtlərinə uyğunluğu yoxlanılıb və hərbi məqsəd üçün istifadəyə yararlı hesab edilib.
Hər zaman Azərbaycan dövlətinin, xalqının və ordusunun yanında olan Veysəloğlu Şirkətlər Qrupu bu istiqamətdə lazım olan fəaliyyətləri davam etdirəcək.
Onu da əlavə edək ki, bundan öncə də Şirkətlər Qrupu Azərbaycan Silahlı Qüvvələrinə müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində dəstək məqsədi ilə avtomobil şinləri göndərib.
Qrupa daxil olan şirkətlər tərəfindən ordumuza avtomobil şinləri ilə ilk dəstək Tovuz döyüşlərindən dərhal sonra, iyul ayında verilib. Növbəti dəfə göndərilən şinlər isə Daşkəsən və Şəmkir rayonlarında yerləşən hərbi hissələrdə qəbul edilib.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ qaziləri və müharibə veteranlarına, dəstək xarakterli çoxsaylı layihələr həyata keçirir.
Şərhlər