Xanım həkimin modul klinikadan səs yazısı

Xanım həkimin modul klinikadan səs yazısı

Nazlı Ağayeva

Təxminən üç il olar sosial şəbəkədə tanış olmuşduq. Bütün yazılarıma münasibət bildirirdi. Fransız dili məlliməsidi, ingiliscəsi də mükəmməldi. Di gəl ki, mən onu fransız dilinin simasında həm də o dilin ədəbiyyatını, musiqisini mükəmməl öyrənmiş biri kimi sevirəm. Uşaq vaxtı o əfsanəvi ölkəni bütün zənginlikləriylə mənə sevdirən qardaşımı sevdiyim kimi. 

Elmira məllimə Maştağalıdı. Maştağanı və Fransanı eyni böyük ürəyə eyni sevgi ilə sığışdıran romantik qadın, fədakar ana və sədaqətli həyat yoldaşı. Evinə-ailəsinə bağlı- sivil dünyaya açıq təfəkkürünə, ədalət hissinə və vətəndaş mövqeyinə heyran olduğum insan...

Övladları, nəvələri səhifəsindən düşməzdi. Yenə elə olacaq, yenə düşməyəcək. Hələlik bizdən ayrıldı. Həkim qızına görə. 

Elmira məllimənin qızı Pərvanə Moskvada klinik akademiyada həkimliyini təkmilləşdirib, 2021-ci ilə qədər Moskvanın bütün xəstəxanalarında işləmək hüquqü qazanıb. Fəqət vətənə qayıdıb burda çalışmağı üstün tutub. Oçerk cümlələrinə oxşayacaq bəlkə, intəhası ortada olan həqiqət budur. "Ekol” klinikasında işləyərkən bir dəfə "telefonla” müalicə aldım ondan. Üzümü görmədən dərdimi bilib aylarla çəkdiyim əziyyətlərdən qurtardı məni. Əminliklə güclü  həkimdi deyə bilərəm, amma mən onun həkimliyi qədər daxili zənginliyinə vuruldum. 

Ötən həftələrdə Elmira müəllimə səhifəsini müvəqqəti bağlayacağını söyləyəndə pərt oldum. Bizim yaşımız üçün çox az vaxtda çox bağlanmışdım Elmira məlliməyə. Adamı ovunduran, həyata bağlayan həssas qəlbi var Ema bacımın. Telefonla gündəlik əlaqəmiz olur. Sosial şəbəkə daha əhatəli, daha maraqlıdır amma.

Pərvanə sabahdan gecə növbəsinə çıxır, dedi, "Semoşkadakı "modul” tipli xəstəxanada.  yazılıbmış. Ailəsindən qərarına sayğı ilə yanaşmalarını rica edib. Səsində kövrəklik vardı, narazılıq yoxdu. Üç balasını anasına əmanət edən Pərvanə "mən həkiməm, belə bir vaxtda seyrçi qala bilmərəm” deyəndə xeyir-duasını verib. Qızının qətiyyətinə, həkimliyinə və ən əsası insanlığına bələd olan ana kimi. Yoxsa bəlkə də ürəyindən başqa şeylər keçərdi. Ən azından "sənin üstündə üç uşağı böyüdüb boya-başa çatdırmaq borcu var” deyərdi. Amma onun əlindən şəfa tapacaq xəstələri təsəvvürünə gətirəndə o başqa şeylər bütün anaların içindən gələn ikicə kəlməyə çevrilib: "Allah amanında...”

Pərvanə ön cəbhəyə könüllü yollanan əsgər kimidir. O cəbhədən qulağımıza xoş olmayan həyəcanlı xəbərlər gəlir. O cəbhədə onun həmkarları vuruşurlar və... ölürlər. Dünyanın düzənini həyasızcasına pozub insanları məhv edən yoluxma çox amansızdır. Canımıza-qanımıza susayaraq ciyərlərimizin içinəcən soxulur. Ən ağırı isə bizi xilas edəcək həkimləri əlimizdən alır. O isə ki, hər həkim neçə-neçə sağalası xəstə, həyat qaynağı deməkdir. 

Doktorların mövcud durumdakı xəstəxana rejimindən danışmaq artıqdır. Pərvanə və onun kimilər həyat qurtarmaq üçün özlərini birbaşa riskə atan döyüşçülərdür. Təsadüfi əllərdə bərbad duruma düşmüş səhiyyənin əsas qurbanları həkimlərdir. Çarəsiz xalqla üz-üzə qalan ələbaxım toplum... Xəstəsini həm də yarıtmaz şərait üzündən itirən vətəndaş bütün qəzəbini, ağrı-acısını yoxsul xəstəxanaların "yarıtmaz” tibb personalının üstünə tökür. Sanki hər şeyə görə səhiyyənin başını kəsən məmurlaşmış peşəkar tayfa deyil, yerlərdəki "doktor milləti” günahkardır. O qədərki artıq tələbkar da, "günahkar” da bunu qəbul edərək vəziyyətə alışıb. Əsil cavabdehlər isə kimlərinsə kölgəsində şellənirlər. 

Əlbəttə, istisnalar hər zaman vardır. İstisnaları doğub yetişdirən mühit var olduqca bu həqiqət qaçılmazdır. Bu gün virusla qaydasız, qeyri-bərabər döyüşə atılan həkim toplumunun hər dəqiqəsi, hər saatı təhlükə altındadır. Yuxarıda dediyimiz kimi, hər həkim neçə-neçə vətəndaş deməkdir. Bir həkim azalarsa, onlarla xəstənin taleyi sual altında qalacaq deməkdir. O həkimlər dövlət təminatından, vətəndaş diqqətindən məhrum olmamalıdır. Onlar bizlər üçün savaşdadırlar. O həkimlər ki, o dəhşətli anlarda hansısa əzizimizin əlindən tuturlar, mən bu yaşımda o əlləri öpərdim. 

Ağır rejimli xəstəxananın uzun növbəsindən çıxmış həkim necə yorğun olarsa, ondan daha bitkin olmalıdır Pərvanə doktor. Çünki o növbənin ixtisasca ən uyğun həkimi olaraq başqa həmkarlarına da əl uzadır. Oteldəki "istirahət” vaxtında ailəsi, uşaqları ilə, əvvəlki xəstələri ilə əlaqə saxlamalıdır. Dövrü mətbuatı izləməlidir, virusla bağlı dünyada baş verənlərə göz atmalıdır. Ona inanıb yardım istəyən adamlara tövsiyələr göndərməlidir. Anasına ürək-dirək, uşaqlarına yaxın günlərdə görüşəcəklərinə dair söz verməlidir. 

Pandemiya mücadiləçisi Pərvanə Fətullayevanın anasına göndərdiyi səs yazılarından iki balaca sitatla bitirirəm yazını. 
Birinci yazı:

– Salam bocı. (Maştağada anaya bacı mənasında "bocı” deyirlərmiş, hərflər tələffüzə uyğun gəlməyə bilər, amma şipşirin bir şeydi). Bir az olar gəlmişəm. Sabah da gecə növbəsidi. Belə bocış, xəstələrimdə yaxşı effekt görürəm. Ondan böyük xoşbəxtlik nə olar həyatda? Onların gülər üzünü, sevgisini görürəm. Koronavirus xəstəlikdən çox fobiyadı, psixoloji yükdü. Onlar yaxşılığa doğru getdikcə, mən yüngülləşirəm. Heç nə adama bundan böyük zövq verə bilməz, bociş. Nigaran olma, şükür, hər şey yaxşıdı.

İkinci yazı:

– Bociş, salam. Necəsən mama? İşdən yorğun gəlmişəm. Telefonu açan kimi iyirmidən çox xəstəmin müraciətinə cavab verdim. Burda belə də, bir az gərginlikdi. Heç adam yatardı, yuxusuna gəlməzdi belə şeylər. Nə bilim, həyatdı da. Bu gün çiyin-çiyinə çalışdığımız ikinci həkim kolleqamı xəstə kimi qəbul eləmişəm. Tibbi personal çatmır. Həkim az, tibb bacısı az, sanitar az. Bu deyəni o eşitmir. Mən də bu gün neçə dəfə səsimi balaca qaldırmağa məcbur olmuşam. Bu şəraitdə onsuz da həssas xəstələr həyəcanlanırlar axı. Bir tərəfdən virus, bir tərəfdən də vəziyyət əldən salır. İnsan anlayışı var da. İnsanın əziyyət çəkməsi adama ağır gəlir. Amma xəstənin ki üzü gülür, onda elə bil dünyanı bağışlayırlar adama. Nəsə bociş, bunları deməkdə məqsədim özünüzü qoruyun, deməkdi. Marketə, aptekə gedəndə ehtiyatlı olun. Əllərinizi tez-tez sabunlayın. Belə də, mən özüm yaxşıyam. Sevə-sevə görürəm işimi. Bilirəm ki, yoluxmayacam. Adım kimi əminəm. Siz qorunun, mən də rahat olum. Yetəri qədər uzun müddət işimin başında daha çox fayda verə bilim. Buna həm səhhətim yol verir, həm vicdanım-qeyrətim, həm bacarığım, beynim. Amma bir onu bilim ki, siz tərəfdən gərginlik yoxdu, salamatlıqdı. Vallah, bociş, o cırtdan problemlər var eyy, hamısı boş-boş şeylərdi. İnsanlar bu gün həyat üçün vuruşurlar. Dünyada da, bizdə də. 

Özünüzdən muğayat olun, bociş, inşallah, hər şey yaxşı olacaq. Bir az dincəlim, xəstələrdən vaxt qalsa, yenə əlaqə saxlayacam”. 

Bu dramın əsas surəti Pərvanə doktorun otuz səkkiz yaşı, üç məktəbli uşağı var. Son aylarda üzürlü səbəbdən gözdən "itirilə” də bilərdi. O da olmasa ən pis halda sonralar evdə oturub ər çörəyi yeyəcəkdi. İtmədi, etmədi. Çünki həkimlik ondan ötrü sadəcə peşə deyil, həm də şərəf məsələsi imiş. Allah qorusun, onu da, məsləkdaşlarını da. Kimlər hardan gəlir-gəlsin, bizi onlar xilas edəcəklər, qalanı təfərrüatdı. 

P.S. Nazlı xalanı bağışla, Pərviş. Sənə istinad etməyə başqa yolum qalmadı. Ananın "günahını” da mənim reseptimə yazarsan...
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR