Foto 11:28 15.03.2024

Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşdü (FOTO)

Novruz bayramı ərəfəsində Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri ilə birlikdə Şuşa və Xankəndidə yerləşən hissə və bölmələrdə hərbi qulluqçularla görüşərək, bayram tədbirləri keçiriblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, tədbir iştirakçıları Vətən və millət qarşısında misilsiz xidmətləri olan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Hərbçiləri Novruz bayramı münasibətilə təbrik edən Hərbi prokuror Xanlar Vəliyev çıxışında bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrik düşüncəsi və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, ölkəmizin sürətli tərəqqisində və qazanılan uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Respublikamızın dinamik inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini vurğulayan ədliyyə general-leytenant Xanlar Vəliyev bildirib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı olaraq yaxşılaşıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhvali-ruhiyyəsi yüksəlib, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Vətən müharibəsindən və antiterror tədbirlərindən bəhs edən Xanlar Vəliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından və yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrin misilsiz rəşadətindən, hərbçilərimizin qəhrəmanlığından danışaraq əldə olunan möhtəşəm tarixi Qələbəni, tarixi torpaqlarımızın azad olunmasını Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Digər çıxış edənlər də xalq-dövlət-ordu həmrəyliyinin möhtəşəm gücündən danışıblar.

Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Hərbi prokuror əsgər və zabitlərin qayğı və problemləri ilə maraqlanıb, onlarla birlikdə nahar edib. Hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.

Tədbirin yekununda "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar müxtəlif ağaclar əkilib.