Xəbər lenti

İdman 16:41 20.12.2023

Xaqani Məmmədov: “Rauf o səviyyəyə qalxa bilmədi”

Azərbaycanda bu mövsüm də hakim idarəçiliyindən narazılıqlar kifayət qədər oldu. Hətta bu mövsüm ötənilkininə nisbətən səhvlərin daha artığı, VAR-ın fəaliyyətinin qaneedici olmadığı görünür. Təbii ki, bunların dərinliyinə getmək üçün mütəxəssis fikri daha önəmlidir.

AFFA-nın Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov Qaynarinfo-ya müsahibəsində bu mövsüm Azərbaycan Premyer Liqasında fasiləyə qədər olan hakimliyi dəyərləndirib. O, xüsusən də VAR-la meydandakı hakimlərin anlaşa bilmədiyini vurğulayıb. Bundan əlavə bir neçə gün əvvəl Azərbaycandan 2024-cü ildə FİFA referiliyinə namizədlərin açıqlanan yeni siyahısına münasibəti bildirib:

"Fasiləyə qədər olan idarəçiliklə bağlı birmənalı cavab vermək olmur. Ayrı-ayrı oyunlarda hakimlər işlərinin öhdəsindən müəyyən mənada gəlirlər. Ümumilikdə isə mənfi planda qeyd edilməlidir. Xüsusən də VAR-la olan işbirliyi deyərdim ki, bərbad vəziyyətdədir. VAR-la meydandakı hakimlərin davranışı, əlaqəsi qaydasında deyildi. Çox vaxt VAR-a baxmağa çağırsalar da, meydandakı hakim öz fikrində qalır. Təyinatlar da böyük rol oynadı. Məsələn, bəzən həm VAR-dakı, həm də meydandakı hakim gənc olur. Bəzən də təcrübəli hakimin oyununda VAR-a da elə təcrübəli hakim baxır. Buna nə ehtiyac var ki? Halbuki meydandakı hakim gəncdirsə, VAR-a daha təcrübəli olanını təyin etmək lazımdır. VAR-la işbirliyi çox zəifdir. Hakimlər Komitəsi sədrinin (Barış Şimşək - M.) özünün həm daxili, həm də xarici oyunlara getməsi ona hakimlərlə məşğul olmağa imkan vermir. Fikrimcə, işinin öhdəsindən yaxşı gələ bilmir. Hətta deyərdim ki, vəzifəsindən düzgün istifadə etmir. VAR-ın fəaliyyəti qətiyyən qaneedici deyil. İndi soyuq aylardır. Amma oyunlarda adi bir epizodu 4-5 dəqiqə araşdırırlar. Halbuki qiymət vermək üçün bir-iki dəfə baxmaq yetərlidir. Bu həm meydandakı, həm də VAR-a baxan hakimlərin günahından irəli gəlir. Bir epizoda 4-5 rakursdan baxıb qiymətləndirə bilmirsənsə, deməli, ya qaydalardan xəbərin yoxdur, ya da kimdənsə kömək gözləyirsən. VAR-dakılar niyə bir epizodu uzun müddət araşdırırlar? Başa düşümürəm onlar nə işlə məşğuldurlar. Xaricdə çətin oyunlar olanda maksimum bir dəqiqə ərzində baxılıb qiymət verilir. Bizdə isə epizodun asan və ya çətin olmasına baxmayaraq, uzun müddət baxılır.

- Bu mövsümün başlanğıcında maraqlı, gözlənilməyən nəticələr qeydə alınırdı. Hakimlərin bu nəticələrə nə dərəcədə təsiri oldu? 

- Deməzdim ki, hakimlərin böyük təsirləri oldu. Amma bəzi klublar məhz hakim səhvlərinə görə müəyən dönəmlərdə xallar itirdilər. Ötən mövsüm hakim səhvindən ən çox əziyyət çəkən "Zirə” idisə, bu il "Turan Tovuz”dur. Bu komandanın haqqı daha çox yeyilir, bilmirəm, nədən qaynaqlanır. 

- Bunu qərəz kimi qiymətləndirmək də mümkündür?

- Qərəz kimi qiymətləndirmək çətindir, çünki sübut etmək olmaz. Amma nədənsə, məhz "Turan Tovuz”un əleyhinə qərarlar çox verilir. Xatırlayıram ki, üç-dörd oyunda 100 faiz onların xalları əllərindən alınıb. Məsələn "Qarabağ”la oyunda "Turan Tovuz”un futbolçusu düzgün mövqedən başla qol vurdu, amma qeydə alınmadı. Bir saniyə dayan, VAR-ı gözlə, sonra qərar ver. Amma hakim qol vurulmamış artıq fitini səsləndirir. Bu, insanda şübhə oyadır. "Sumqayıt”ın qapısına 100 faizlik penalti verilmədi. Kütləvi haldır, yoxsa qərəzdir, deyə bilmərəm. 

- Ötən mövsümlə müqayisədə hakim səhvləri azalıb, yoxsa çoxalıb?

- Maraqlıdır ki, azalmaq əvəzinə çoxalıb. Bu, təlim-məşq toplanışlarının keçirilməməsindən irəli gəlir. Hakimlər 14 gün səhərdən-axşamacan birlikdə məşğul olarsa, bu, effekt verir. Amma bunlar nə etdi? Fərdi hazırlaşdılar. Bir-iki gün leksiya oxumaqla hakimlik inkişaf etmir. Komitə sədri özü ilə deyil, bununla məşğul olmalıdır. Yoxsa "həftə səkkiz, mən doqquz” oyunlardadır. 

- VAR-ın fəaliyyətini istisna etsək, hakimlərdə ən çox hansı səhvlər müşahidə olunur?

- VAR-ın fəaliyyətini istisna etsək, ümumiyyətlə, biabırçılıq olar. Düzdür, tənqid edirik, buna layiqdirlər. Amma VAR olmasa, nələr olar, hansı kobud səhvlərə şahidlik edərik. Nəticələrə təsir edən kobud səhvlər görə bilərik. VAR yaxşıdır, amma bizdə bununla bağlı işlərin öhdəsindən layiqincə gəlmirlər. Bununla belə, fikrimdə qalıram ki, bütün dünyada VAR hakimliyin səviyyəsini aşağı salır. VAR olmasa, üzr istəyirəm kobud ifadəmə görə, hakimin canı çıxacaq, hadisələri izləmək üçün sona qədər qaçacaq, diqqətli olacaq. İndi isə fikirləşirlər ki, hansısa məqamlarda VAR onların köməyinə çatacaq. Hər şeyi meydandakı referi həll etməli, son sözü deməlidir. Digərləri onun köməkçiləridir. 

- Bir neçə gün öncə beynəlxalq oyunlara təyinat alacaq referilərimizin siyahısı bəlli oldu. Rauf Cabarov FİFA referiliyindən geri alındı, əvəzində Kamal Umudluya şans verildi. Cabarovun məhz sizin dönəminizdə hakimliyə gəldiyini nəzərə alsaq, bu dəyişikliyi necə qiymətləndirirsiniz?

- UEFA bir, iki, üç il hakimləri diqqətlə izləyir. Görəndə ki, hakimdə inkişaf yoxdur, bir kateqoriyadan digərinə keçə bilmir, açıq şəkildə olmasa da, daha onun yeni mövsüm üçün namizədliyinin irəli sürülməsini istəmədiklərini müəyyən formada bildirirlər. Düzdür, gəncləşdirmə lazımdır. Kamalı Birinci Diviziona mən çıxarmışam. Onu Premyer Liqa oyunlarına təyin etməyə hazırlaşırdıq ki, bizi yola saldılar. Perspektivlidir, amma UEFA oyunlarına hazır deyil. Eybi yoxdur, yavaş-yavaş hazırlaşmalıdır. İlk beynəlxalq matçında onun perspektivi ilə bağlı demək olar, 90 faiz hər şey bilinəcək. UEFA-da bir dəfə baxırlar və işlərinə yarayıb-yaramadığını müəyyənləşdirirlər. 

- Rauf niyə Əliyar səviyyəsinə qalxa bilmədi? Onun mənfi cəhətləri nədir?

- Açığı, Azərbaycan kimi ölkələrdən UEFA heç vaxt ikinci hakimi irəli çəkmir. Bizim kimi ölkələr çoxdur. Fikir verirsinizsə, əsasən nəhəng, top-5 futbol ölkələrindən hakimlərə Çempionlar Liqasına, dünya çempionatına təyinat verirlər. Bizdən bir nəfər çıxıbsa, onu dəstəkləmək, irəli aparmaq lazımdır. Əliyar varsa, Azərbaycandan ikinci hakimin irəli getməsi onlar üçün qəbulolunmazdır. Sən elə bir istedada malik olmalısan ki, ilk oyundan özünü sübut edəsən. Belədə həmin hakimin üzərində işləməyə başlayırlar. Rauf o səviyyəyə qalxa bilmədi.

- Burada Raufun da günahı varmı?

- Əlbəttə var. Məsələn, Raufun ingilis dili ilə bağlı problemi yoxdur, əla bilir. Görünür oyunlardakı idarəçiliyi UEFA-nı qane etməyib. Həm də Rauf qeyri-sabitdir. Bəzən görürsən ki, parlaq idarəçilik edir. Bəzən isə elə səhvlərə yol verirdi ki, onun həmin Rauf olduğuna inanmırdın. Hər halda düşünürəm, onu daha bir il də FİFA referisi kimi saxlamaq lazım idi ki, Kamal tam "bişsin”. Umudlu hələ beynəlxalq səviyyəli oyunlara hazır deyil. Yenə də lazım olduğunu fikirləşirəm, çünki gəncdir. İngilis dilini nə dərəcədə mənimsədiyini bilmirəm. Yeni daxil olan hakimlər üçün UEFA seminar keçirir və yoxlama məqsədilə ingilis dilində onlarla söhbət aparılır. Deyərdim ki, çox şey Kamalın ingilis dili biliyindən asılıdır. Bizim vaxtımızda elə də fikir vermirdilər, amma indi dili yaxşı bilmək mütləqdir. Dil biliyi istənilən səviyyədə olmasa, onu yola vermək üçün aşağı yaş qruplarının oyunlarına təyin edəcəklər.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->