Qanunu icra etməli olan qurumlar sahibkarlara bəzən göstəriş verə, maraqlarına toxuna bilmirlər
Xəzər dənizinin hasarlanması hər il çimərlik mövsümündə gündəmə gəlsə də, bu problemə əncam çəkən yoxdur.
Ötən həftə məsələ yenidən Milli Məclisdə qaldırılıb. Deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasındakı çıxışında Xəzər dənizinin hasarlanmasına etiraz edib: "Dənizin sahilini turizm zonasına çevirmək mümkündür. Amma Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar".
Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.
Sputnik Azərbaycan-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq, insanların çimərlik mövsümündə üz tutduğu dənizkənarı ərazilərə baş çəkib.
Yolumuzu Şıx çimərliyi istiqamətindən salırıq. Bibiheybət məscidindən üzü çimərliklərə doğru xeyli məsafə qət etsək də, dənizin sahilinə getmək üçün bir yol tapmırıq. Salyan şossesi ərazisində bir çox restoranlar və balıq evləri dəniz qarışıq hasarlarla mühasirəyə alınıb. Elə bu dəm qarşımıza çıxan orta yaşlı bir kişidən dənizin sahilinə yol tapmaq üçün kömək istəyirik. Bayıl qəsəbə sakini Osman Abbasov Xəzərin sahilinə gedən yolların illərdir ki, sahibkarlar tərəfindən zəbt edildiyini söyləyir: "Könlü balıq istəyənlərin hamısı buraya üz tutur. İllərdir ki, bu ərazini restoranlar zəbt edib. Siz çimərlik axtarırsınızsa, üzü Lökbatan dairəsinə doğru gedin".
Dəmir və daşla hasarlanan sahilboyu ərazilərdən dənizə yol tapmaq üçün bir neçə çimərliyə baş çəksək də, girişin pullu olduğunu eşidib geri dönürük. Nəhayət ki, hasarlansa da dənizin sahilinə pulsuz girişi olan çimərlik tapırıq. Amma burada da sahilboyu insanların dincəlməsinin məhdudlaşdırıldığının şahidi oluruq. Hasarlanan ərazilərin, demək olar ki, əksəriyyətində qızğın tikinti işləri gedir.
Ərazidə işləyən fəhlələrdən öyrəndik ki, uzunluğu bir neçə hektar olan hasarlanmış hissəni üzbəüzdə yerləşən "Green City" beşulduzlu otelinin sahibi alıb. Sahibkar dənizə getmək üçün yolun üstündən körpü salmaq azmış kimi, birbaşa dənizə pilləkən də inşa etdirib. Elə ona görə də, insanların sahil boyunca hərəkəti məhdudlaşdırılıb. Ümumiyyətlə, sahilboyu irəlilədikcə dənizkənarı ərazidə torpaq sahəsi alanların əksəriyyətinin sahili zəbt etdiyinin şahidi oluruq.
Vəziyyətdən çimərlikdə dincələnlər də gileylənirlər. Paytaxt sakini Rövşən Məmmədov deyir ki, sahilin hasarlanması onları dənizdən uzaq salıb:
"Sovet dövründə biz evimizdən çıxıb, piyada gəlib dənizdə dincəlirdik. İllərdir ki, gördüyünüz bu çimərliklərin, villaların sahibləri bizi dənizə həsrət qoyub. Biz də, sizin kimi, xeyli yol gəlib axırda bu çimərlikdə dayanmışıq. Şərait olmasa da, heç olmasa, girişə pul almırlar. Amma bura da, gördüyünüz kimi, hər iki tərəfdən blokadaya alınıb. Sahil boyunca gəzmək, rahatca dincəlmək hüququmuzu əlimizdən alıblar. Sahibkarların dənizin sahilini hasarlaması azmış kimi, dənizə pilləkən də qoyublar. Bunun qarşısı alınmasa, dənizin sahilinə bizi həsrət qoyacaqlar".
Qeyd edək ki, hələ 2003-cü il yanvarın 13-də prezident Heydər Əliyev bununla bağlı sərəncam imzalamışdı. Sənəddə deyilirdi ki, əhalinin çoxsaylı şikayətlərini, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək, dənizin 130 metrlik sahil sahəsində tikilmiş, fiziki və ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin. Bundan sonra qəbul edilmiş qanunvericiliyə görə isə, dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir. Göründüyü kimi, qanun əhalinin dənizə girmə hüququnun məhdudlaşdırılmasına icazə verməsə də, qanuna məhəl qoymayaraq hasarladığı ərazini dənizə qədər uzadanlar az deyil. Halbuki, dəniz Azərbaycan xalqına bəxş edilmiş bir nemətdir. Bu gözəlliyi seyr etmək, burada dincəlmək imkanını xalqın əlindən alanlara qarşı qanunun ən sərt rıçağı işə düşməlidir.
Hüquqşünaslar da qanunun icrası istiqamətində işlərin görülməli olduğunu söyləyirlər. Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ilk növbədə qanunun icrasını təmin etməli olan qurumlar cəzalandırılmalıdır: "Qanun qəbul olunubsa, aidiyyatı qurumların vəzifəsidir ki, onu icra etsinlər. İlk növbədə dənizin sahilini qanunsuz zəbt edənlər cərimələnməli, daha sonra qanuna müvafiq şəkildə hasarların sökülməsi ilə bağlı məsələ qaldırılmalıdır. Çox təəssüf ki, bu məsələdə üzərinə vəzifə düşən qurumlar heç bir addım atmırlar. Gözləyirlər ki, cənab prezident tərəfindən sərt qərarlar qəbul edilsin. Ona görə də, düşünürəm ki, bu gün Xəzərin hasarlanmasına göz yumanlarla yanaşı, o hasarları sökməli olan qurumlar da cəzalandırılmalıdır".
Ə.Nuriyev bildirir ki, qanunu icra etməli olan qurumlar dənizi hasarlayan şəxslərin marağına toxunmaqdan çəkinirlər: "Dəniz kənarının hasarlanması sadə adamların işi deyil. Dəniz kənarlarının tikilməsi böyük imkan sahiblərinə aid məsələdir. Bizdə isə böyük imkan sahibləri elə deputatlar, məmurlardır. Ona görə də, qanunu icra etməli olan qurumlar onlara bəzən göstəriş verə, maraqlarına toxuna bilmirlər. Çıxış yolu ona qalıb ki, KİV bu məsələni gündəmdə saxlayaraq, dənizin sahilini zəbt edənləri, hasarlayanları ictimai qınaq obyektinə çevirsin. Bu məsələ gündəmdə saxlansın ki, paytaxt sakinlərini dənizə həsrət qoyanlar cəzalandırılsınlar".
Qeyd edək ki, sahilboyu ərazilərin zəbt olunmasının, hasarlanmasının qarşısını almaq rayon icra hakimiyyətlərinin üzərinə düşür.
Şərhlər