Rusiyanın son zamanlar Volqa çayı üzərində qurduğu anbarlar Xəzər Dənizinin İran sahillərində suyun səviyyəsinin 400 metr çəkilməsinə səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, suyun çəkilməsi səbəbindən İranın cənub-şərqində yerləşən Gülüstan əyalətinin Gəz şəhərində daha öncə sərnişin və yük daşınması ilə məşğul olan Gəz Limanı yararsız vəziyyətə düşüb. Həmçinin Türkmən şəhəri də əvvəlki əhəmiyyətini itirib.
Qeyd edək ki, Volqa çayı Xəzər Dənizinin əsas mənbəyidir və suyun 85 faizi Volqa çayı hesabına təmin olunur.
Gülüstan Liman və Dənizçilik Qurumunun rəhbəri Allahyar Əsədinin sözlərinə görə, suyun səviyyəsi 70 santimetrdən çox aşağı düşüb. O, bildirib ki, buna səbəb Volqa üzərində 2 böyük su anbarının qurulmasıdır və problemlə əlaqədar Rusiyanın müəyyən dairələri ilə danışıqlar aparılır.
Əsədi Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin Rusiyanın böyük siyasəti olduğunu deyib və bu səbəbdən yaranacaq təhlükələrdən söz açıb:
"Suların çəkilməsi davam edərsə, Xəzər dənizinin Gürgan körfəzi quruya bilər. Körfəzin quruması isə qum fırtınasına səbəb olacaq. Bundan başqa bir çox təbii fəlakətlərlə də qarşı-qarşı qala bilərik".
Şərhlər