Xəbər lenti

XİN-dən dünyaya çağırış: Bu hesabatları nəzərə alın
Siyasət 17:59 23.07.2018

XİN-dən dünyaya çağırış: Bu hesabatları nəzərə alın

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva MDB dövlətləri daxili işlər nazirləri şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd edib".

Qaynarinfo xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hacıyev bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi fundamental sənədlər hazırlanıb.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir:

- İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması;

- Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti;

- İqtisadi və maliyyə fəaliyyətləri;

- İnfrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı;

- İşğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi;

- İşğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər.

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Bu sıraya aşağıdakılar daxildir:

- BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarının de-fakto ayrılmasını təmin etmək üçün gücdən istifadə;

- Bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması;

- İşğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi;

- Hərbi işğala dair hüququn, xüsusilə "Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il "Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması;

- İşğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi;

- Ərazinin mədəni irsinin dəyişdirilməsi.

Beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Bu sıraya daxildir:

- Bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması;

- Bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması;

- Bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi;

- Ağırlaşdırılmış məsuluyyət kimi bütün dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması.

Beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır.

Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->