Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib.
Məhkəmənin vaxtı hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, həmin şəxslər 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb.
Həmçinin bu şəxslərlə birgə Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlu da həbs edilib. Həmin şəxslərin cinayət işi ayrıca icraata götürülüb və Bakı Hərbi Məhkəməsinə göndərilib.
Şərhlər