"Ümid edirik ki, Ermənistanın baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistan Respublikasının xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
O vurğulayıb ki, məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlını öz evlərində yaşamaq kimi fundamental hüququndan məhrum edib: "Məgər öz müqəddəratını təyin etmə eyni bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi ərazilərin hərbi işğal etmək və sonra da zor gücünə işğalın nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara, elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental prinsiplərin özü cavab verir; bunun üçün BMT Nizamnaməsini və Helsinki Yekun Aktını oxumaq kifayətdir. Oxumaq istəməyənlər və ya oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: "Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”.
L.Abdullayeva deyib ki, beynəlxalq forumlarda çıxış edərək sülhdən, daha yaxşı gələcəkdən danışmaq, əlbəttə yaxşıdır: "Lakin ən vacibi sadəcə bəyanatlar verməklə kifayətlənməmək, verdiyin bəyanatlara uyğun davranmaqdır, hərəkət etməkdir. Bölgənin və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır".
Nazirlikdən bildirilib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Paris Sülh Forumunda iştirak edib və tədbirdən sonra Forum çərçivəsində təsis edilmiş Sülh Kitabxanasına "Qarabağ həqiqətləri” adlı kitab təqdim edib. E.Məmmədyarov kitabda "Dünya unutmamalıdır ki, Ermənistan silahlı qüvvələrinin işğalçı əməlləri nəticəsində Azərbaycanda olduğu kimi, bu gün hələ də dünyada xalqlar öz doğma ərazilərindən zor gücünə qovularaq etnik təmizləməyə məruz qalırlar. Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq, Azərbaycanın sərhədlərinə hörmət etmək və bölgədə sülh və sabitliyi bərpa etməkdən başqa yolu yoxdur” sözlərini qeyd edib.
Şərhlər