Hüseynbala Səlimov
Siyasət 10:01 23.01.2023

Xoşagəlməz xəbərlərlə başlayan il hara gedir?..

Doğrusu, il siyasət baxımından elə də uğurlu gəlmədi bizim üçün - Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli sənəd qəbul etdi. Düzdür, bu bizim üçün elə də sürpriz olmadı. Əvvəlcədən gözlənilirdi ki, Parisin xain çabaları hədər ötüşməyəcək, nəsə olacaq. 

Amma da o da var ki, Avropa Parlamenti üçün Azərbaycan heç də nabələd ünvan deyil, onun liderlərindən birinin - Şarl Mişelin vasitəçiliyilə Azərbaycanla Ermənistan arasında çox konstruktiv danışıqlar baş tutmuşdu və bu danışıqlar İrəvanın təxribatı ucbatından kəsilmişdi - belə ki, Ermənistan danışıqlarda Fransa prezidentinin də iştirak etməsini bir şərt kimi irəli sürmüşdü. 

Amma rəsmi Paris neytral siyasət aparmadığından, çox fəal şəkildə Ermənistanın maraqlarına dəstək verdiyindən rəsmi Bakı bu şərtlə razılaşmamışdı və nəticədə də Brüssel prosesi pozulmuşdu. İndi guya Avropa Parlamenti Azərbaycanı Dağlıq Qarabağı humanitar blokadaya almaqda qınayır, amma qurum Ermənistana 200 nəfərlik missiya göndərdiyi kimi, Laçın yoluna da təftiş üçün iki-üç nəfərlik heyət göndərə və vəziyyəti yerindəcə araşdıra bilərdi. Amma onlar bunu etmədi, çünki Ermənistandan və çoxsaylı erməni diasporlarından gələn siyasi sifariş başqa idi...

Başqa bir xəbər qardaş Türkiyədən gəldi. Belə məlum oldu ki, ABŞ Türkiyəyə F-16-ları satmaq üçün şərt irəli sürüb. Vaşinqton tələb edir ki, Ankara qeyd-şərtsiz İsveçin və Finlandiyanın NATO-ya üzv olmasına dəstək versin, müvafiq protokolları ratifikasiya etsin. 

Yada salaq ki, Ankara bunun üçün əzəldən şərt irəli sürüb. Bu da İsveçlə Finlandiyanın terrorçu kürd təşkilatlarını dəstəkləməsilə bağlıdır. Düz bir il vaxt keçib, amma bu iki ölkə hələ də Türkiyənin tələblərinə əməl etməyib. Biz ABŞ-ın "narahat”lığını başa düşürük, söhbət NATO-nun iki dövlət hesabına çox ciddi şəkildə genişlənməsindən gedir. Amma NATO üzvləri özləri biri-birinin təhlükəsizliyinə təhdid yaradacaqsa, onda bu təşkilatın nə mənası olacaq?..

Biz burada iki qardaş ölkənin, geosiyasi cütlüyün siyasi durumuna təsadüfən diqqət yetirmədik - indi nəzərlər Azərbaycana və Türkiyəyə qarşı yönəlib. Ermənistan bütün müzakirə formatlarını rədd edir və onun bu diplomatik jesti təsadüfi deyil. 

Birincisi, İrəvan Rusiyanın Ukrayna müharibəsini necə bitirməsini gözləyir. Rusların dediklərinə görə, bu aylar müharibə üşün həlledici olmalıdır, çünki "xüsusi hərbi əməliyyatların” başlanmasından bir il vaxt keçir, amma Moskva hələ də yerində sayır, ciddi şəkildə irəliləyə bilmir. Ümumilikdə isə, artıq səkkiz ildir ki, Rusiya Donetsk və Luqanskda ilişib qalıb. Qarşı tərəf – ABŞ və NATO çox qətiyyətli görünür. Son görüşdə də onlar çox qətiyyətli bəyanat verdilər: nə qədər lazımdırsa, o qədər vuruşacağıq...

İkincisi, İrəvan Türkiyədəki prezident və parlament seçkilərinin nəticələrini gözləyir. Güman, düşünürlər ki, Ərdoğanı Qərbin qarşısında daha itaətkar davranan bir adam əvəz edər və bununla da Ankara-Bakı cütlüyü zəifləyər. 

Seçkilərlə bağlı biz hələ bir söz deyə bilmərik, amma siyasi palitrada hələ prezident Ərdoğanı üstələyə biləcək namizəd görmürük. O ki qaldı Ankara-Bakı cütlüyünün çat verməsinə, bizə elə gəlir ki, bu, elə də real görünmür: Türkiyə siyasətində elə bir adam yoxdur ki, "Bir millət, iki dövlət” formulıunu qəbul etməsin...

Bir sözlə, il xoşagəlməz xəbərlərlə başlasa da çox maraqlı olmağı vəd edir. Rəsmilərin bəyanatlarından belə görünür ki, Bakı hazırlıqlıdır və bir daha deyirik ki, baş verənləri siyasi sürpriz kimi qəbul etmir. Bakı Ermənistana düşünmək və qərar vermək üçün daha bir il vaxt verib və artıq bəyan edib ki, İrəvanın sərhədlərin delimitasiya və demarkasiyasına tələsməməsi onu elə də narahat etmir, çünki bu halda o, sərhədləri birtərəfli qaydada, sovet dövründəki sərhədləri əsas götürən Alma-Ata prinsiplərinə uyğun şəkildə müəyyən edəcək...

Hüseynbala Səlimov