Ekonomiks 14:29 09.07.2020

Xuduoğlunun qaldırdığı kredit şərtləri problemi: Əslində necə olmalıdır? (EKSPERT)

"Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu karantin dövründə nəşriyyatın maddi sıxıntılar yaşadığını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə nəşriyyatın direktoru şəxsi "Facebook" səhifəsində məlumat yayıb.

"Bir neçə gün öncə vəziyətimizin kritik olduğunu yazmışdım. Mənə dedilər ki, Sahibkarlığın İnkişafına Yardım Fondunda yeni proqram açılıb, ora müraciət edim. Təxirə salmadan müraciət etdim. Üstündən 4 gün keçdi və dünən seçdiyimiz müfəttiş bankdan zəng etdilər, Fond kredit üçün məktubumuzu banka göndərmişdi. Belə operativ reaksiya çox sevindiricidir. Əlbəttə, bu, hələ güzəştli kredit verilməsi anlamına gəlmir. Bank öz tələblərini göndərdi. Müraciət edən təşkilatın üzərinə hardasa 10 tələb qoyulub. Hesabatlar, sənədlər hazırlanmalıdır. Bu hazırlıq müddəti üçün isə cəmi 3 gün vaxt verilib. 3 gün ərzində sənədlər tam təqdim edilməzsə, bank kredit verməkdən imtina edəcək. Şərtlərdən ən ağırı isə yenə də girov məsələsidir. Kredit almaq üçün daşınmaz əmlak girov qoyulmalıdır. 

Əgər Dövlət mənim yaşamağım və inkişafım üçün kredit vermək istəyirsə, onda girov nəyinə lazımdır? Niyə dövlət girov yükünü öz üzərinə götürmür? Bu proqramın adına diqqət edək: Sahibkarlığın İnkişafına Dövlət zəmanıtli (diqqət edin, Dövlət Zəmanətli!) və subsidiya dəstəkli kredit.  
Bu qədər kitab nəşr edən, xeyli yaşı olan, illərin sınağından, böhrandan, infilyasiyadan keçən  bir özəl  nəşriyyata dövlət niyə güvənmir? Biz o krediti heç zaman batırmarıq. Bizə güvənin. Bizim adımız, işimiz daşınmaz əmlakımızdır. Əgər, dövlət yardım edirsə, o elə özü bizim daşınmaz əmlakımız deyilmi!?”
 


Şahbaz Xuduoğlu Qaynarinfo-ya açıqlamasında qaydaların necə olması gərəkdiyini daha geniş şərh edib: "Proqramın adından onun fəaliyyəti bəllidir. Yəni təşkilatlara əslində dövlət zəmanətli kredit verilməlidir. Dövlətin məqsədi pandemiya dövründə sahibkarlara yardım etmək, onlara dəstək olmaqdır. Bu mənada əlavə girov istənilməməlidir. Girovu adətən özəl banklar biznesin inkişafı ilə bağlı kredit götürənlərdən istəyir. O zaman deyirlər ki, sən biznesin inkişafı ilə bağlı kredit götürmək istəyirsən, gəl daşınmaz əmlakı girov saxla və mən sənə kredit verim. Bu, başqadır, hər yerdə daim belə olub. Biri də var ki, dövlət zəmanət verir ki, əgər bu təşkilatın pul qaytarmaq imkanı olmasa, dövlət tərəfindən qaytarılacaq. Bu, subsidiya dəstəklidir. Dövlət banklara pul verib ki, təşkilatlara kredit verilsin. Yəni bankların bizə verəcəyi bu pul dövlət tərəfindən ayrılan puldur və banklar ona görə bizdən əlavə olaraq danışmaz əmlakı girov kimi tələb etməməlidir. Mənim istəyim odur ki, banklar bizə kredit versinlər və bizdən əlavə girov istəməsinlər. Çünki dövlət bu kreditin qaytarılmasına zəmanət verir. Bu, daha obyektiv olar. Bu, həm də o deməkdir ki, ağır şəraitdə dövlət öz sahibkarının yanındadır, ona dəstək verir, onun batmasına imkan vermir”. 
 


Məsələnin iqtisadi tərəfini, əslində qaydaların necə olmalı olduğunu isə iqtisadçı Natiq Cəfərli izah edib: "Əslində biznesin növündən asılı olmayaraq, yanaşma doğru deyil. Fərqi yoxdur insan kitab çapı ilə məşğuldur və ya hansısa avadanlıq, məhsul istehsal edir. Dünya təcrübəsində görülən odur ki, istehsalla məşğul olan və əlavə iş yerləri, iqtisadi canlanma yarada biləcək şirkətlərə çox aşağı faizlə və dövlətin zəmanəti ilə kredit xətləri açılır. Pandemiyadan əvvəl də belə idi. Sadəcə pandemiya dövründə daha da genişlədi. Məsələn, mart ayından başlayaraq Türkiyədə də dövlət zəmanətli kreditlərin verilməsinə başlandı. Və burada kredit verilərkən daşınmaz əmlak yox, həmin kreditin istifadə olunacağı sahənin özündə yaradılan əlavə dəyər zamin rolunu oynayır. Məsələn, hansısa bir avadanlıq alınırsa, o avadanlıq zamin rolunu oynayır. Və yaxud elə Şahbaz müəllimin timsalında, onun çap avadanlığı, kitabları var, bunlar artıq zamin rolunu oynaya bilər. Yəni, söhbət daha asan yolla daha tez kreditlərə çıxış imkanlarının yaradılmasından gedir. 

İqtisadiyyat Nazirliyi tərəfindən yeni platforma yaradılıb. Bu platforma çərçivəsində onlayn müraciətlər olacaq və orada zəmanətin 60 %-ni dövlət öz üzərinə götürə bilər. Özü özlüyündə elə də pis ideya deyil. Amma bunun mexanizmləri yazılmayıb. Yəni, belə çıxır ki, insan faktorundan asılı olacaq. Kiməsə bu zəmanəti verəcəklər, kiməsə yox. Əslində elə olmalı deyil. Dəqiq yazılmalı və təsdiq olunmalıdır ki, bu verilmiş kreditlərin mexanizmi insan faktorundan asılı olmadan kiminsə tanışına, qohumuna kreditlərin ayrılması məsələsi olmasın. Bu, çox vacibdir.
 
İkinci bir məsələ isə ondan ibarətdir ki, burada faizlər yüksəkdir. Həmin o platformada illik faiz dərəcəsi 14 %-ə qədər yazılıb. Amma Azərbaycan reallığını hamımız bilirik ki, əgər maksimal hədd 14%-dirsə, deməli elə 14%-lə də veriləcək. Aşağı faizin də verilməsi ancaq yenə insan faktoruna bağlı ola bilər. Ki, kiminsə qohumu-tanışı olsun və hansısa formada tapşırılıb həll olunsun. Ona görə də bu faiz dərəcələrinə də yenidən baxılmalıdır. Azərbaycan reallığında əgər rəsmi 2-3 % inflyasiya göstərilirsə, 14 %-lik kredit dərəcəsi çox yüksəkdir. İş adamı nə ilə məşğul olmaldır, necə pul qazanmalıdır ki, həm 14 %-i ödəsin, həm vergilərini ödəsin, həm yeni iş yerləri yaratsın?! Bu nöqteyi-nəzərdən biznesin kreditləşməsinə münasibət kökündən dəyişdirilməlidir. Bu zaman kifayət qədər ciddi effekt yarana bilər. Çünki dünya artıq buna doğru gedir. Misal desək, dünya ölkələri kisənin ağzını açıb kredit paylayırlar ki, iqtisadi canlanma olsun. Bizdə isə belə süni maneələr yarandıqca, bu problemlər də getdikcə artacaq".

Röya Kərimli