Xüsusi təyinatlımız Qubadlı döyüşləri ilə bağlı sirrləri açdı:

Xüsusi təyinatlımız Qubadlı döyüşləri ilə bağlı sirrləri açdı: "Bərxudarov kövrələrək dedi ki..." (FOTO/VİDEO)

Bu gün Qubadlının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı.

Ötən ilin bu günü Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndinin və Qubadlı şəhərinin işğaldan azad edildiyini bəyan etdi.

27 illik işğaldan sonra Qubadlıya nəfəs verən igidlərimizdən biri ilə həmsöhbət olmuşuq.

Qəhrəmanımız Qubadlının azad olunmasına qədər keçdikləri bütün mərhələlərdən danışıb, şəhərin necə azad edildiyindən bəhs edib.

Publika.az-a danışan kəşfiyyat baş idarəsinin xüsusi təyinatlılarında qrup komandiri kimi döyüşlərdə iştirak edən Asim Əliyev döyüşlərin ilk günündən Qubadlının azad olunmasına qədər düşmənə ağır zərbələr endirib, şəhərin azad olunmasında iştirak edib, qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı kəşfiyyatçımız Cəbrayılın, Hadrutun və Qubadlının azad olunmasında yaxından iştirak edib, bir neçə dəfə yaralanıb, ancaq sağalaraq yenidən Şuşaya qədər döyüş yolunu davam etdirib.

Asim və döyüşçü yoldaşlarına Cəbrayıl şəhərini azad edəndən sonra Hadrut və Qubadlı istiqamətində hərəkət etmək tapşırığı verilir. O, Hadrutun azad olunmasında iştirak edir. Müharibənin ilk günündə sol budundan güllə yarası alır. Cəbrayılda sol diz oynağından, Qubadlıda da sol diz oynağından, sol dirsəyindən və qarın nahiyəsindən qəlpə yarası alır. Ancaq dayanmır, yaralı halda döyüşə davam edir. Müsahibim tapşırığı sona çatdırmadan öldü var, döndü yoxdur deyir.

Ancaq 2-ci Ordu Korpusunun komandiri, general-mayor Mais Bərxudarov onu yaralı halda görərək geri qayıtmasını tapşırır. Asim isə döyüşəcəyini deyir:

"Mən iki il general-mayor Mais Bərxudarovun cangüdəni olmuşam. Əvvəl məni tanımırdı, sonra məni gördü. Əlipaşa yüksəkliyini götürəndən sonra mən yolun istiqamətini müəyyənləşdirirdim ki, istehkamçılar ora yol çəksin. Məni gördü, yeriyə bilmirdim, axsayırdım. Dedi nə olub. Kəşfiyyat rəisi dedi ki, yaralanıb. Məni qucaqladı və kövrəldi, dedi ki, get. Amma mən qayıtmadım. Dedi niyə getmirsən, dedim siz də yaralanmısınız, amma getmirsiniz. Dedi ki, mən Laçında müəllimimə - Əliyar Əliyevə söz vermişəm. Dedim ki, mən də söz vermişəm. Soruşdu ki, kimə. Dedim ki, sizə söz vermişəm, Lələtəpədə bayrağı mənə verəndə dediniz ki, bu bayrağı Laçında, Şuşada dalğalandırarsan. İndi istiqamətimiz Laçındır. Bundan sonra dedi ki, yarana baxacam. Gördü ki, yaram çirk edib, göndərdi, yenə getmədim”.

Asim Əliyev Qubadlının hansı üsulla azad edilməsindən danışır. Bildirir ki, Qubadlıya gedən yol Cəbrayıldan keçir. Həmin yolu isə düşmən kəsmişdi. Onların növbəti tapşırığı qarşı tərəfdə, üzü şəhərə baxanda saat 12 istiqamətində Əlipaşa yüksəkliyinin götürülməsi idi ki, bu da Qubadlıya gedən yolun açılması demək idi. Bu hakim yüksəkliyin ələ keçirilməsinə nail olurlar: "Üç xüsusi təyinatlı qrup və üç kəşfiyyat bölüyünün qrupu ilə bu yüksəkliyi azad etdik, Qubadlıya gedən yol açıldı. Cəbrayılın sonuncu kəndi olan Dağ Tumas kəndinə qədər ara-sıra bir-iki erməni qalmışdı, onları da vurduq. Kəndə çatdıqda isə bir ermənini məhv etdik, digərini əsir götürdük. Dağ Tumas kəndində 1 tabora qədər şəxsi heyət müdafiə olunurdu. Düşmən kəndin yolu, körpünün üstü, sağ-sol şumlanmış ərazilər qarışıq minalardan istifadə edərək minapolya yaratmışdı. Həmin yerdə xüsusi təyinatlıların mayoru Rzayev Polad minaya düşdü.

Bundan sonra bizə məlum oldu ki, hər iki tərəf minalanıb. Orada tankçımızdan birinin şücaətinin şahidi oldum. O, T-90 tankı ilə təkbaşına hücuma keçdi, düşmən səngərinə girdi. Orada tankın qabaq hissəsi yerə dirəndi və dayandı. Bu zaman düşmən əsgərləri tankın üzərinə çıxdı, amma tankçı özünü itirmədən tankı işə salıb onları məhv etdi. Dağ Tumas kəndində minalanmış əraziləri aşkar etdikdən sonra mən öz qrupumla səhər saat 8 radələrində orada yerləşmişdim. Ayın 21-i gecə idi. Dağlarla hərəkət etdik, orada mina sahələri yaratmamışdılar. Biz orada Dağ Tumas kəndi ilə üzbəüz olan Balasoltanlı kəndində yerləşən yüksəkliyə qalxdıq, düşmənin tank əleyhinə raket bölmələrini müəyyənləşdirdik”.

Ancaq Asim Əliyev və qrup üzvləri orada aşkara çıxırlar, onları gecə minomyotla vurmağa başlayırlar. Səhər isə hücum əməliyyatı başlayır, qoşunlarımız düşmənlə toqquşur. Müsahibim həmin anları bu cür nəql edir: "Orada süni göl yaratmışdılar, həmin yerdə 5 ermənini məhv etdik, düşmənin döyüş texnikalarını, silah-sursatını sıradan çıxardıq. Sonra isə Dağ Tumas kəndində bizim qüvvələrlə döyüşən ermənilərə arxadan yaxınlaşdıq. Biz isə 11 və 12 nəfərdən ibarət olmaqla, iki qrup idik. Düşmən elə bildi ki, biz onlardanıq, köməyə gəlmişik. Sevindilər. Biz isə qoşunu hazır vəziyyətə gətirdik, 74 ermənini yerindəcə məhv etdik. Beləliklə, Dağ Tumas kəndində düşmənin qurduğu müdafiə xətti dağıldı və Balasoltanlıya doğru gecə hərəkətə keçdik. Oradan isə Padar kəndinə doğru hərəkət etdik, ermənilərin texnikalarını vurduq. Düşmənin geri çəkilməməsi və hərəkətinin tam məhdudlaşdırılması məqsədilə artilleriya qoşunlarımız Qubadlının girişindəki körpünü partlatdı. Körpünün yanından Qubadlıya doğru yol gedirdi, orada da minapolya yaratmışdılar. Tank əleyhinə, piyada əleyhinə minalar yerləşdirmişdilər.

Ayın 21-i gecə orada möhkəmləndik. Həmin gecə istehkamçılarımızdan biri gizir Məmişov Bəşir Məhəddin oğlu minaya düşdü, sol ayağını itirdi. Mənim istehkamçım Əhmədov Natiq orada 31 ədəd tank əleyhinə, 22 ədəd isə piyada əleyhinə minanı aşkarladı və Qubadlıya girişi təmin etdi. Qruplarımızdan biri axtarış və anti-terror əməliyyatına başladı. Qruplarımızdan birini axtarış apararkən raketlə vurdular. Orada gizir Nəsirov İlyas, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Zəfərov Vüsal, gizir Qasımov Baba şəhadət zirvəsinə ucaldılar. Hakim yüksəklikləri götürdükdən sonra irəliləməyə davam etdik. Sağdan Laçının Güləbird kəndi istiqamətində qoşunlarımız hərəkət edirdi. Eyni zamanda Zəngilan istiqamətində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları var idi. Onlar 9 nəfərlik bir qrup idi, biz ümumilikdə 28 nəfərdən ibarət olmaqla üç kəşfiyyat xüsusi təyinatlıları qrupu, sağdan da 18 nəfərlik xüsusi təyinatlı qrupla birlikdə Qubadlı şəhərinə daxil olduq”.

Düşmən ordumuza güclü müqaviməti Qubadlı şəhərinin ətrafındakı yüksəkliklərdə, eyni zamanda Yazıdüzü, Balasoltanlı, Padar istiqamətində göstərib. Hakim yüksəkliklər azad olunandan sonra həmin şəhər azad olunmuş sayılırdı. Asim Əliyev və digər xüsusi təyinatlılarımız da məhz bu taktikadan istifadə edərək mühasirədə olan ərazini düşməndən təmizləyib, anti-terror əməliyyatı yerinə yetirərək axtarış əməliyyatı aparıblar.

Asim Əliyevin son döyüşü də məhz Qubadlı şəhərində olub: "Döyüş tapşırığım tam qurtardı. Məni hospitala göndərdilər, iki saatdan bir ağrıkəsici vurulurdu, dayana bilmirdim. 1 həftə orada qaldım, sonra geri qayıtdım. Sonra Şuşa istiqamətinə getdim. Kəşfiyyat dəstəsinin irəliləməsinə və mühafizə olunmasına yardım edirdim. 3 gün sonra qələbə oldu. Yenidən hospitala təxliyə olundum. Müharibə artıq bitmişdi”.

Asim Əliyev iki dəfə "İgidliyə görə”, "Azərbaycan bayrağı” və "Rəşadət” ordenləri ilə, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, " Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

XƏBƏRLƏR
BLOGLAR
X