Yad ölkədə qala bilmədi, vətənində şəhid oldu - Bu gün onun doğum günüdür

Yad ölkədə qala bilmədi, vətənində şəhid oldu - Bu gün onun doğum günüdür

"Hərbi xidmətə gedəndə deyirdi ki, qayıtmayacağam. Sanki şəhid olacağı ürəyinə dammışdı”.

Bu sözləri HİT.Az-a İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Əli Vəliyevin nənəsi Sara Vəliyeva deyib.

Vəliyev Əli Kamran oğlu 15 iyun 2002-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Bu gün onun doğum günüdür. Yaşasaydı, 19 yaşını qeyd edəcəkdi.

Əli 7 yaşında ikən anasını itirib. Onu nənəsi Sara xanım böyüdüb.

Sara xanım deyir ki, Əli qürurlu uşaq olub: "Heç kimin qabağında əyilməzdi. Həmişə sözünü deyərdi”.

Nənəsinin sözlərinə görə, Əlinin əmisi onu özü ilə Rusiyaya aparıb. Amma Əli yad ölkədə duruş gətirə bilməyib: "Çox az qaldı orada. Qayıdıb gəldi. Ölkəsini, yaşadığığı şəhəri sevirdi. Arzusu hərbçi olmaq idi. Ona görə də hərbi xidmətə həvəslə getdi. Amma gedəndə...” Burada susur şəhid nənəsi.

Daha sonra bildirir ki, Əli iyul ayında hərbi xidmətə yollanıb: "Hələ onda müharibə başlamamışdı. Goranboyda xidmət edirdi. Bir neçə dəfə yanına getmişdik. İstəmirdi çox gələk yanına. Deyirdi ki, nənə, sizə əziyyət vermək istəmirəm. Sonuncu dəfə müharibə başlamamışdan az əvvəl getdik yanına. Açığı, bu dəfə özü çağırmışdı. "Sizi görmək istəyirəm” demişdi. Müharibə vaxtı isə əlaqəmiz kəsildi. Cəmi bir dəfə danışa bildik. Onda da mənə ürək-dirək verirdi, "narahat olmayın" deyirdi. Çox az danışdıq. "Uşaqlar çağırır” deyib getdi. O gedən getdi balam”.

Əli Vəliyev Suqovuşan uğrunda gedən döyüşlərdə sinəsindən 3 güllə yarası alaraq şəhidlik zirvəsinə ucalıb. Ailəsinin əvvəlcə bunda xəbəri olmayıb. Sadəcə zəng vurmaması atası Kamran Vəliyevi narahat edib.

"Sumqayıtın hərbi komissarlığına getdik. Bizi Müdafiə Nazirliyinə yönəltdilər. Ordan da dəqiq bir cavab demədilər. Sonra atası Bərdəyə getdi. Getməmişdən əvvəl məndən soruşdu ki, Əlinin bədənində hansısa nişanə varmı? Atası düşünürdü ki, birdən uşaq tanınmaz halda ola bilər. Atası bunu məndən soruşanda gözlərim qaraldı, tez soruşdum ki, Əli şəhid olub? Məni sakitləşdirdi. Amma atası artıq bilirdi ki, Əli şəhid olub”, - Sara nənə sözünü tamamlaya bilmir.

Nənəsinin sözlərinə görə, Əlinin nəşi yalnız noyabr ayında tapılıb: "Amma o, müharibənin ilk vaxtlarında şəhid olub. Noyabrda razılaşmadan sonra bizimkilər döyüş meydanından meyitləri götürməyə başladılar. Birinci dəfə getdik, Əli ölənlər arasında yox idi. Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətindən zəng gəldi. Əlinin atasını soruşdular. Dedim nə deyəcəyinizi bilirəm, ona görə də mənə də deyə bilərsiniz. Lakin heç nə demədilər. Atası ilə danışdılar. Bundan sonra atası mənə "gedirəm Əlini gətirməyə” dedi və artıq əmin oldum ki, balam şəhid olub”.

Sara Vəliyeva deyir ki, nəvəsinin nəşi gətiriləndə yerli hakimiyyətin nümayəndələri, qonşular, Əlinin dostları ayaqda olub: "Mən hər kəsə təşəkkür edirəm. Xüsusilə, qonşularımıza, Əlinin dostlarına. Hökumətdən də narazılığım yoxdur. Sağ olsunlar, gəliblər, baş çəkiblər, maraqlanıblar”. 

Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilən Əli Vəliyev Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sora "Vətən uğrunda" medalı ilə təltif olunub.


X
XƏBƏRLƏR
BLOGLAR