Xəbər lenti

YADDAŞ: Yaxın və uzaq tarixi faciələrimiz... - 23-24-25-26 fevral
Ölkə 09:24 26.02.2021

YADDAŞ: Yaxın və uzaq tarixi faciələrimiz... - 23-24-25-26 fevral

Qaynarinfo Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:

23-24-25-26 fevral...

23 fevral 1905- ci il...
Silahlanmış ermənilər İrəvan şəhərində azərbaycanlılara qarşı qırğınlar törədirlər.

23 fevral 1919-cu il...
Andranikin quldur dəstələri Gorusdan Dığ kəndi istiqamətində hücuma keçir. Andranik Dağlıq Qarabağa girməyə can atır. 

23 fevral 1919
Andranikin quldur dəstələrindən biri Tuğ kəndi (hazırda Xocavənd rayonunun tabeliyindədir) istiqamətində hücum edərək, kəndi talan edir, azərbaycanlıların bir qismini öldürür, onların evlərini yandırır, əmlakını, mal-qarasını daşıyıb aparır. 

23 fevral 1988-ci il...
Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verir. Qarabağ müharibəsinin ilk qurbanları, Ağdam rayon sakinləri – 1972-ci ildə Ağdam şəhərində anadan olmuş Bəxtiyar Zahid oğlu Quliyev və 1965-ci ildə Ağdam şəhərində anadan olan Əli Kamal oğlu Hacıyev Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran qəsəbəsi ərazisində şəhid olurlar. 20 nəfər yaralanır.

Bu qanlı hadisə ilə ermənilər silahlı münaqişədə maraqlı olduqlarını göstərirlər. Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni şovinistlərinə qarşı adekvat cavab verməsinə imkan vermirlər.

23 fevral 1988-ci il...
Azərbaycanlılara qarşı bir qədər mülayim mövqe tutan DQMV-nin PK-nin birinci katibi Boris Gevorkov vəzifəsindən azad edilir. Vilayət Aqrar-Sənaye Komitəsinin sədri Q.A.Poqosyan DQMV PK-nin birinci katibi vəzifəsinə seçilir. O, özünün "Muxtar Vilayət statusu ləğv edilməlidir!” bəyanatı ilə onsuz da gərgin olan mövcud vəziyyəti daha da gərginləşdirir.

23 fevral 1988-ci il...
Ermənilər Ermənistanda (Qərbi Azərbaycanda) "etnik təmizləmə” siyasətini həyata keçirərək 4 mindən çox azərbaycanlını oradan qovurlar. Etnik təmizləmə siyasəti həyata keçirmək məqsədilə ermənilər Ermənistan SSR-in Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi silahlı basqınlar təşkil edirlər.

23 fevral 1991-ci il...
Cəbrayıl rayonunun Nüsüs, Qışlaq, Süleymanlı kəndləri atəşə məruz qalır. 2 nəfər yaralanır. Erməni yaraqlıları Qışlaq kəndinə hücum edir.

23 fevral 1992-ci il...
Ağdam rayonu ərazisində yerləşən Uzundərə hərbi sursat anbarı və istehkamçı-mühəndis batalyonunun əmlakı zəbt edilir. Çoxlu miqdarda döyüş və hərbi sursatlar müxtəlif naməlum istiqamətlərə daşınır.

23 fevral 1992-ci il...
Xocalı ilə birləşmək məqsədi ilə Əsgərana Ağdamdan gözlənilən hücum əməliyyatı nədənsə baş tutmur. Manikli kəndi ərazisindəki mühüm strateji əhəmiyyəti olan Sığnaq yüksəkliyi ermənilər tərəfindən atəşə tutulur. Bir neçə azərbaycanlı həlak olur.

23 fevral 1992-ci il...
Şuşa şəhəri ermənilər tərəfindən artilleriya atəşinə tutulur. Cümşüd Bəşirov həlak olur. Onun oğlu Vidadi, yeznəsi Səfalı və daha bir nəfər yaralanır.

23 fevral 1993-cü il...
Mövqe döyüşləri aparan düşmən Sərsəng su anbarına çıxa bilir. Azərbaycan tərəfi dah çox itkiyə məruz qalır.

23 fevral 1993-cü il...
Xramort kəndi istiqamətində mövqe döyüşləri davam edir. Manikli kəndi ərazisindəki mühüm strateji əhəmiyyəti olan Sığnaq yüksəkliyi ermənilər tərəfindən atəşə tutularaq hücuma məruz qalır. Ölənlər və yaralananlar olur.

24 fevral
24 fevral 1920-ci il...
Zaruşat tərəfdən hücuma keçən daşnaklar Düzkəndin Şurakəni yaşayış məntəqəsini tamam dağıdırlar. Bütüm kişilər qılıncdan keçirlir.

24 fevral 1991-ci il...
Şuşa-Ağdam marşrutu ilə hərəkət edən, içərisində azərbaycanlılar olan "PAZ-32-50” markalı avtobus Xankəndi yaxınlığında ermənilər tərəfindən partladılır, 5 nəfər ağır yaralanır.

24 fevral 1991-ci il...
Qarabağ münaqişəsinin gedişində ermənilər növbəti terror aksiyası həyata keçirirlər. Laçın-Yevlax avtomobil yolunda sərnişin avtobusunun partladılması nəticəsində 7 nəfər azərbaycanlı həlak olur.

24 fevral 1991-ci il...
Əsgəran (Xocalı) rayonunun Cəmilli kəndinə erməni yaraqlıları hücum edir, ölən (1 nəfər) və yaralananlar olur.

24 fevral 1992-ci il...
Mülki geyimdə olan keşiş Leon Abramyan qədim erməni ailələrinin nümayəndələrindən ibarət olan xeyriyyə mərkəzi təşkl edir.

24 fevral 1992-ci il...
Saat 22:00 radələrində Ağdam-Əsgəran yolu ilə Xramord kəndinə kəşfiyyata gedən Xüsusi Təyinatlı Milis Dəstəsi ilə "Qarabağ” könüllülər dəstəsinin 18 üzvü yük maşınında naməlum səbəbdən qəzaya düşürlər. Partlayış nəticəsində 3 nəfər ağır bədən xəsarəti alır.

24 fevral 1992-ci il...
Ağdam rayonunun Qarağacı qəbiristanlığı yaxınlığında yerləşən milis postunun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 16 nəfər azərbaycanlı yaralanır.

24 fevral 1994-cü il...
Milli Məclis "Xocalı soyqırımı günü haqqında” qərar qəbul edir. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı  günü kii qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi nəzərdə tutulur.

25 fevral
25 fevral 1918-ci il...
Erməni silahlı dəstələri Ərzincan ilə Ərzurum arasında yerləşən Aşqala yaşayış məntəqəsində onlarla günahsız türk sakinini qətlə yetirirlər.

25 fevral 1988-ci il...
Vilayət Partiya Komitəsinin fəallar yəğəncağı adı altında Q.A.Poqosyan "Krunk” təşkilatının bütün üzvlərinin bütün üzvlərinin xüsusi iclasını keçirir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verir. Ermənistan millətçiləri Qarabağda (Əsgəranda) daha 2 azərbaycanlı qətlə yetirirlər.

25 fevral 1991-ci il...
Erməni terrorçularının hərbi birləşmələri Ağdam rayonunun Gülablı kəndinə silahlı hücum edirlər. 2 nəfər azərbaycanlı qətlə yetirilir.

25 fevral 1991-ci il...
Ağdam rayonunun Gülablı kəndi yaxınlığında ermənilər 2 azərbaycanlını girov götürməyə cəhd edirlər.
1 nəfər sürücü Məhəmmədiyyə Mehdiyev qaçıb canını qurtara bilirsə də, o biri azərbaycanlı – Ağdam rayon DİŞ-nin əməkdaşı, 1966-cı ildə Ağdam rayonunun Gülablı kəndində anadan olan Qorxmaz Murad oğlu Muradov ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir.

25 fevral 1991-ci il...
Erməni terrorçuları Əsgəran rayonunun Cəmilli kəndinə hücum edirlər. 14 yaşlı Elşən Sadıqov qətlə yetirilir.

25 fevral 1992-ci il...
Xocalıdan Ağdama ağrılı xəbərlər gəlir. Rəsmilər isə heç bir tədbir görmür...

25 fevral 1992-ci il...
4-cü ordunun 23-cü diviziyasının 366-cı motoatıcı alayının komandiri polkovnik Y.Zarviqarova general hərbi rütbəsi verilir. 1 gün sonra isə (26 fevral 1992) o, bu "şərəfə” cavab olaraq Xocalı soyqırımı törədir.

26 fevral
26 fevral 1828-ci il...
Rus qoşunları İrana qarşı vuruşan erməni zabiti, polkovnik Yeğizar Lazaryan Azərbaycanda yaşayan erməni və digər xristianları İrəvan, Qarabağ və Naxçıvan vilayətlərinə köçürmək haqqında Rusiya rəhbərliyindən göstəriş alır.

26 fevral 1919-cu il...
Milli erməni heyətinin başçısı Poğos Nubar tərəfindən, ondan sonra da Ermənistanın naziri  A.Aharunyan tərəfindən az qala Anadolunun yarısı qədər olan, Qafqazdan Aralıq dənizinə qədər uzanan bir ərazidə "Böyük Ermənistan” qurmaq arzusundan irəli gələn tələb irəli sürülür.

26 fevral 1920-ci il...
Erməni quldur birləşmələri Yaponun rəhbərliyi ilə Hors, Aşağı Sallı, Horbadıx və Ağkənd əhalisindən 130 kişi , 46 qadın, 25 uşaq qətlə yetirir və 400 başdan çox qoyunu qənimət olaraq aparır...

26 fevral 1920-ci il...
Şuşada bir həftə öncə ermənilər tərəfindən edilən basqına görə Azərbaycan höküməti Ermənistana protest (etiraz) elan edir.

26 fevral 1988-ci il...
M.S.Qorbaçov tərəfindən Ermənistana göndərilən Sovet İKP MK-nin katibi V.İ.Dolqix bura bəzi "çıxışlar” edir. Onun dediyi "Dağlıq Qarabağ məsələsinə baxılacaq” fikri erməni əhali tərəfindən alqışlanır.

26 fevral 1992-ci il...
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü gedişində tarixin dəhşətli qətliamlarından biri – Xocalı soyqırımı baş verir. Erməni hərbi birləşmələri Qarabağda yerləşən Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırım aktını törədirlər. Xocalı faciəsi erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin insanlığa qarşı ən kütləvi genosiddir. Öldürülənlərin əksəriyyəti xüsusi qəddarlıqla qətlə yetirilir.

XX əsrin bu ən amansız faciəsində 107 qadın və 63 uşaq olmaqla 613 nəfər azərbaycanlıdinc sakin öldürülür. 487 nəfər yaralanır və ya əlil olur. 1275 nəfər əsir alınır, 130 uşaq yetim qalır, 8 ailə tamamilə məhv olunur, 150 nəfər itkin düşür. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıradan durur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->