Xəbər lenti

Ölkə 18:45 10.04.2019

Yanğından zərər çəkən 23 köçkün ailəsinə kirayə pulu veriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğınla bağlı məlumat yayıb.

Dövlət Komitəsindən Qaynarinfo-ya daxil olan məlumatda deyilir: "Bu barədə xəbər alındıqdan dərhal sonra Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Dövlət Komitəsinin sədr müavinləri və digər məsul işçilər hadisə yerində olublar.

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Qeyd edək ki, yanğın binanın üçüncü mərtəbəsindəki dəhlizdə baş verib. Yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq".

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->