Siyasət 15:47 22.02.2021

Hikmət Babaoğlu: “Qurultayla bağlı məndə məlumat yoxdur”

"Yeni Azərbaycan Partiyasının qurultayının keçiriləcəyi ilə bağlı məndə heç bir məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, istənilən halda ümumuxalq və hakim partiyanın qurultayının keçirilməsi özlüyündə istimai-siyasi həyatımız üçün hadisədir və haqlı olaraq ümumi ictimai maraq yaradır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının qurultaya hazırlaşması və rəhbərlikdən bəzi şəxslərin partiyadan kənarlaşması ilə bağlı məlumatlardan danışarkən deyib. Deputat hazırda ölkədə islahatların getdiyini bildirib:
 


"Siyasi Şura və İdarə Heyətində dəyişikliklərə gəldikdə isə bu, həmişə baş verir və partiyamız daima özünü yeniləyərək öz fəaliyyətini yeni çağırışlarla üzlaşdırır. Hazırda isə bütövlükdə ölkəmizdə dərin islahatlar prosesi gedir, cəmiyyətimiz öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Biz qalib xalq olmağın qürurunu yaşamaqla yeni mental keyfiyyətlər qazanırıq və elə ölkəmizdə siyasi proseslərdə də mühüm canlanma müşahidə edilməkdədir. Yeni Azərbaycan Partiyası da siyasi sistemimizin lokomotivi kimi bu proseslərdən kənarda deyil”.

Qeyd edək ki, mətbuatda Yeni Azərbaycan Partiyasının növbəti qurultayına hazırlaşması ilə bağlı məlumatlar yayılıb. Məlumatda YAP-ın bu dəfəki qurultayının əvvəlkilərdən xeyli fərqli olacağı və partiyanın İdarə Heyəti və Siyasi Şurasında olan bir sıra ünlü şəxslər öz postlarından kənarlaşdırılacağı bildirilib.

Bahar Rüstəmli