Xəbər lenti

Yarım əsrdir yuyulmayan qədəh:
Dünya 21:20 09.10.2025

Yarım əsrdir yuyulmayan qədəh: "Femme Fatale" belə yarandı (FOTO)

Sabiq ABŞ prezidenti Con Kennedinin sui-qəsd nəticəsində öldürülməsindən dörd il sonra, 1967-ci ildə Ceklin Kennedi diplomatik əlaqələrin kəsildiyi və qonşuluğunda müharibənin davam etdiyi Vyetnama yaxın Kambocaya səfər edir. Rəvayətə görə, onun məqsədi ömrü boyu görməyi arzuladığı "Anqkor Vat" məbədini ziyarət etmək olub. Ardınca getdiyi paytaxt Pxnompendə isə hələ də dodaq boyasının izi qaldığı deyilən bir qədəh - "Femme Fatale" adlı içkinin yaranma tarixçəsini başlayıb.

Qaynarinfo bu barədə "CNN International"a istinadən xəbər verir.



1967-ci ilin tarixi səfəri zamanı dünyanın diqqət mərkəzində olan Ceklin Kennedi, Pxnompenin ən məşhur ünvanlarından biri sayılan "Hotel Le Royal" (indiki "Raffles Le Royale Hotel”) otelində qalıb. Otel qonağını ən yaxşı şəkildə qarşılamaq üçün xüsusi hazırlıqlar görüb. Məşhur "Fil Barı"nda (Elephant Bar) Kennedinin sevdiyi dadlara uyğun, ona xas bir kokteyl hazırlanıb.

Bu kokteyl "Femme Fatale” adlandırılıb və içkiyə Kennedinin dodaq boyasının rəngi ilə uyğun gələn frangipani çiçəyi əlavə edilib.



Zaman keçir, otel əl dəyişdirir, yenidən qurulur, lakin "Femme Fatale” heç vaxt menyudan çıxarılmır. Lakin hekayə bununla bitmir. Kamboca vətəndaş müharibəsi ilə sarsılanda otelin bir çox qiymətli əşyası kimi həmin qədəh də bir anbarın dərinliklərində unudulur.

1990-cı illərdə aparılan bərpa işləri zamanı işçilər kənarında kiçik bir dodaq boyası izi olan bir qədəh tapırlar. Onlar əmin idi ki, bu, Ceklin Kennedinin "Femme Fatale” kokteylini içdiyi orijinal qədəhdir.



Bu gün həmin məşhur qədəh Kennedinin səfərinə aid bir neçə foto ilə birlikdə, otelin "Fil Barı”nın qarşısında yerləşən şüşə vitrində diqqətlə sərgilənir. Oteldə həmçinin Kennedinin xatirəsinə həsr olunmuş "Kennedi Süiti” də var. Süitin divarlarından birində keçmiş birinci xanımın portreti asılıb, dəhlizdəki masanın üzərində isə "Life” jurnalının Kennedinin Kamboca səfərinə həsr olunmuş buraxılışı, məhz həmin səhifədə açıq şəkildə qoyulub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->