Son vaxtlar "Kəpəz”in oyununda irəliləyiş hiss olunur. Düzdür, komanda hələ ki, hədəflərinə çatmağa tam hazır olmasa da, iddiaları var. Növbəti mövsümdən Premyer Liqada komandaların sayının 10-a çatdırılacağı ilə bağlı söz-söhbətlər də dolaşır. Bəs "Kəpəz” onlardan biri ola bilərmi? Gəncə klubunun üzvlərinə bununla bağlı nəsə deyilibmi? Bu sualları komandanın baş məşqçisi Yaşar Vahabzadəyə ünvanladıq.
Vahabzadə Qaynarinfo-ya müsahibəsində "Kəpəz”in hazırlığına toxundu, hədəflərdən danışdı:
"Məşq edirik, oyunlar keçiririk. Komandanın durumu normaldır. Çempionat davam edir. Hər şey qaydasındadır. Problemimiz yoxdur, ab-hava yaxşıdır. Bilirsiniz ki, yaxın vaxtlarda AFFA rəhbərliyi Gəncəyə səfər etmişdi. Gələn aydan yeni akademiyanın inşasına başlanılmalıdır. Yeni meydançalar salınacaq”.
Baş məşqçi komandada nələri dəyişdiyini bildirdi, hədəfləri haqda bunları dedi:
"Yeni futboçular dəvət olundu komandaya. Fubolçular arasında rəqabət var. Çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ona görə də bir balaca irəliləyiş var. Çatışmazlıqları yoluna qoymaq, oturuşmuş komanda formalaşdırmaq üçün vaxt lazımdır. Uşaqları yoxladıq, kimlərin komandaya yarayıb-yaramadığını öyrəndik. İndi elə bir kollektiv formalaşıb ki, futbolçular arasında rəqabət var”.
Yay fasiləsində, mövsümə hazırlıq ərəfəsində "Kəpəz” Premyer Liqa təcrübəsi olan futbolçular transfer etməyə başladı. Belə hazırlığın səbəbi Premyer Liqa üçün verilən söz ola bilərmi?:
"Açığı, heç kim söz verməyib. Yazıları oxuyuruq, AFFA rəhbərliyi də istəyir ki, Premyer Liqada komandaların sayı artsın. Bunlardan biri "Kəpəz” də ola bilər. Futbolçuların bəzilərinin Premyer Liqa təcrübəsi var. Bəzi oyunçuların isə belə təcrübəsi yoxdur, buna baxmayaraq, heyətdə saxlayırıq. Bunu etdik ki, gələcəkdə Premyer Liqaya çıxsaq, heyətdə təcrübəli oyunçularımız olsun. Komandanı yenidən yığmaq lazım olmasın. Ola bilər gələcəkdə müəyyən mövqelərə də bir neçə futboçu cəlb ediləcək. Bizə Premyer Liqa ilə bağlı heç nə deyilməyib. Yazılardan oxuyuruq ki, komanda sayının artırılması planlaşdırılır. Konkret kiməsə nəsə deməyiblər. Hədəflərimizə gəlincə, çalışacağıq ki, yüksək yerlər uğrunda oynayaq. Əsas odur ki, komanda formalaşsın. Premyer Liqa təcrübəsi olan uşaqların yanında yerli gənclər də oynasınlar, üzə çıxsınlar. Gənc, perspektivli oyunçularımız var. Son oyunda meydana çıxıb iki qol vuran Cavad Kərimovu qeyd etmək istərdim. Heç birinci dəfə meydançaya çıxdığı hiss olunmurdu. İlk dəfə idi Birinci Divizionda meydana çıxırdı. Sıxıntısı yox idi, sərbəst oynayırdı. 18 yaşlılardan ibarət yığmamıza dəvət olunub. Təcrübəli futbolçuların da meydançada olması ona kömək etdi. Dəstəklədilər, ürək-dirək verdilər”.
Maraqlıdır, qış fasiləsində mütəxəssis "Kəpəz”də hansı dəyişikliklər eməyi planlaşdırır:
"Bizə yeni futbolçular lazımdır. Vaxtı qabaqlamayaq, amma bəzi oyunçularla danışıqlar aparırıq. Bu dönəmdə bir az çətindir. Çünki futbolçuların müqavilələri var. Bəlkə də elə futbolçular var ki, qış fasiləsində müqaviləsi bitəcək. Yeni oyunçular almaq fikrindəyik. Heyətimizi gücləndirmək istəyirik”.
Bir müddət öncə "Kəpəz”ə nigeriyalı futbolçu dəvət olunmuşdu. Ancaq sonradan geri göndərildi. Bəs bunun səbəbi nə oldu:
"Təklif etdilər, gətirdik. Özünün dediyinə görə, "Kəpəz” haqqında məlumatlar toplamışdı. Gəldi, bir həfədən çox bizimlə məşqlərdə iştirak etdi. Gətirdiyim əcnəbi futbolçu bizim uşaqlarla eyni səviyyədə olacaqsa, əlbəttə, yerliyə üstünlük verərəm. Gəldi, baxdım ki, heyətimizdəki bəzi yerli futbolçular ondan daha yaxşı görünür. Beləcə yola saldıq. Onu bizə tanış menecer məsləhət görmüşdü, videolarına baxmışdıq. Mətbuatda çox şey yazdılar. Biri 35, digəri 40 yaşı olduğunu deyirdi. Mən də dövləti tərəfindən ona verilən pasportuna baxmışdım, səhv etmirəmsə 1995 təvəllüdlü olduğu yazılmışdı. Legioner bizim futbolçulardan ikiqat yaxşı olmalıdır ki, onu heyətdə saxlayım”.
Gəncəli azarkeşlərin çılğınlığını hər kəs bilir. Onlar hətta komanda qələbə qazananda belə, xoşlarına gəlməyən oyun olsa, narazılıqlarını açıq şəkildə ifadə edə bilir. Maraqlıdır, baş məşqçi onlarla yola gedə bilirmi? Ümumiyyətlə, gəncəli azarkeşlərin komandaya dəstəyini necə qiymətləndirir:
"Komanda həmişə zəif oynayanda azarkeşlər narazılıqlarını ifadə edirlər. Mən də bununla razıyam. Tənqid edirlər. Amma biri var qəbul olunan, biri də var qəbul edilməyən tənqidlər. Hamısı elə deyil. Heç nə demirlərsə, deməli, razıdırlar (gülür). Əlbəttə, onların dəstəyindən razıyam. Azarkeşsiz komanda yarpaqsız ağaca oxşayır. Həmişə dəstək olmalıdır. Gəncə azarkeşlər həmişə komandamızı dəstəkləyirlər”.
Səbuhi Həsənov
Şərhlər