Hüseynbala Səlimov
Siyasət 11:40 26.11.2021

Yaxın olduğu qədər uzaq İran...

Hüseynbala Səlimov

Bəli, noyabrın 28-də Aşqabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan və İran prezidentlərinin mümkün görüşü haqda informasiya siyasi müşahidəçilərə yetərincə maraqlı göründü. Bu da təbii və izah olunandır, çünki iki qonşu ölkənin yaşadığı son insidentdən sonra gərginliyin necə çəkiləcəyi hamı üçün maraqlıdır.

Dərhal qeyd edək ki, müasir İran rejimi sözün bütün mənalarında problemdir. Hazırda bu ölkə heç də asan olmayan günlərini yaşayır: bir tərəfdən sanksiyalar, digər tərəfdən də su çatışmazlığı ucbatından yaşanan ekoloji problemlər...

Bu konteksdə hamı gözləyir ki, görən, yeni prezident İbrahim Rəisi necə hərəkət edəcək? 

Etiraf edək ki, bizim elə də ümidlərimiz yoxdur, o səbəbdən ki, bizə İran hakimiyyətinin sükanı arxasında əsl islahatçını görmək qismət olmadı. 
Bu da təsadüfi deyil. İranlılar öz prezidentlərini ruhanilərin "filtir”indən keçən namizədlərin sırasından seçməli olurlar. Ona görə də İranda əsl islahatlar yalnız ölkənin siyasi sistemi kardinal şəkildə dəyişəndən sonra başlaya bilər.

Amma coğrafiya taledir və biz böyük Napoleonun bu kəlamını tez-tez xatırladırıq. Bəli, siyasətçi siyasi fantaziyaları ilə yox, reallıqlarla işləyir – bu baxımdan biz də İran rejimiylə işləməyə məhkumuq...

Son günlərin siyasətinə gəldikdə, Tehran da "altılıq formatı”na maraq göstərir. Amma bunu reallaşdırmaq mümkün olacaqmı? Hətta reallaşsa belə, onun hansısa bir iqtisadi dividendləri olacaqmı?

Xatırladaq ki, qonşu Gürcüstan Rusiyaya görə artıq bu formatda təmsil oluna bilməyəcəyini bildirib. Üstəgəl, yeni format yalnız regional xarakterli siyasi problemləri həll edə bilər, çünki region dövlətlərinin də iqtisadi siyasətləri bu və ya digər dərəcədə İrana qarşı sanksiyaların təsirinə məruz qalır.
Əvvəllər region dövlətləri İrana qarşı anlaşıqla yanaşmağa çalışırdılar. Bu mənada Azərbaycan da istisna deyildi. Amma İranın siyasətində elə bir səmimiyyət yoxdur. Tehran nəinki Ermənistan, hətta Dağlıq Qarabağla iqtisadi əlaqələrini davam etdirir. Bu illər ərzində İranın islam həmrəyliyilə bağlı dediklərinin də süni şüar olduğu aydınlaşıb.

Televiziya ilə iranlıların aksiyalarını göstərirlər. Doğrudanmı bu insanlar Bakıya qarşı hər hansı təhdid haqqında düşünürlər? Doğrudanmı bu insanları "Fələstin problemi”nin hansısa bir "incəlikləri” maraqlandırır? 

Yox, bu adamlar teokratik rejimin ideologiyasından beziblər, onları yalnız öz problemləri qayğılandırır.

İran ayətullahları fikirləşirlər ki, nüvə silahı onların rejiminin ömrünü uzadacaq. Xatırladaq ki, SSRİ nüvə başlıqlarının sayına görə dünyada ikinci yerdə idi. Amma bu onu xilas etmədi, kommunist rejimi yetmiş ildən sonra çökdü.

İranlıları indi adi su daha çox düşündürür. Ruhani rejiminin on illərlə atom layihəsi üzərində işləməsi belə onlara yaxşı heç nə vəd etmir, ona görə ki, rejim adamlarını adi, içməli və suvarmalı su yox, nüvə layihəsində işlənə biləcək ağır su maraqlandırır.

Aydındır ki, Rəisi də bizə tanış köhnə şüarları dilə gətirəcək. Amma biz ona inanmamalıyıq. İndi İsraillə münasibətləri dərinləşdirməyin əsl məqamıdır, hətta bu ölkədə səfirliyimizi də aça bilərik. Ona gərə ki, tam əminik: İranın Azərbaycana qarşı siyasəti dəyişməyəcək. O, əvvəldən də qeyri–səmimi olub, bundan sonra da elə qalacaq...