Bir çox insan yay aylarında günəşli havanın avtomatik olaraq əhval-ruhiyyəni yaxşılaşdıracağını düşünsə də, bəzən əksinə, özünü ruhdan düşmüş və yorğun hiss edə bilər.
Qaynarinfo xəbər verir ki, psixoterapevt İrina Kraşkinanın sözlərinə görə, bu hal bəzi insanlarda mövsümi affektiv pozuntunun yay formasının əlaməti ola bilər.
Həkimin sözlərinə görə, yay depressiyası qış depressiyası ilə müqayisədə daha nadir rast gəlinir:
"Depressiyanın əsas əlaməti sadəcə kədər hissi deyil, əvvəllər zövq verən fəaliyyətlərə marağın davamlı şəkildə itirilməsidir. İnsan daimi yorğunluq hiss edir, əsəbi olur, diqqətini cəmləməkdə çətinlik çəkir, yuxu pozuntuları yaşayır, iştahı azalır və ya əksinə, həddindən artıq qidalanmağa başlayır. Bəzən buna narahatlıq və daxili gərginlik hissi də qoşulur".
Mütəxəssisin fikrincə, bu vəziyyətin bir neçə səbəbi var. Güclü istilər yuxunun keyfiyyətini pisləşdirir, susuzlaşma iş qabiliyyətini azaldır, yüksək temperatur isə orqanizm üçün əlavə stress yaradır.
Psixoloji amillər də mühüm rol oynayır. Yay aylarında cəmiyyətdə sanki hər kəsin mütləq istirahət etməli, səyahətə çıxmalı, dostlarla vaxt keçirməli və sosial şəbəkələrdə xoş anlarını paylaşmalı olduğu barədə təsəvvür formalaşır. Reallıq bu gözləntilərlə üst-üstə düşmədikdə isə insan özünü tənha hiss edə, imkanları əldən verdiyini düşünə və ya özünü başqaları ilə müqayisə edərək emosional gərginlik yaşaya bilər.
"Biz çox vaxt gündəlik həyatımızı başqalarının sosial şəbəkələrdə paylaşdığı bayram və istirahət anları ilə müqayisə edirik. Bu müqayisə isə əksər hallarda emosional gərginliyi artırır", deyə psixoterapevt bildirib.
İrina Kraşkina vurğulayıb ki, mövsümi affektiv pozuntular müxtəlif formalarda özünü göstərə bilər. Bəzi insanlar qış aylarında qısa işıq gününə daha həssas olduğu halda, digərləri yayda uzun gündüz saatlarını, isti havanı, havasızlığı və gündəlik rejimin dəyişməsini daha ağır keçirirlər. Bu fərqlər sinir sisteminin, bioloji saatın və neyromediatorların fəaliyyətindəki fərdi xüsusiyyətlərlə əlaqədardır.
Həkim yay depressiyasının əlamətlərini hiss edən şəxslərə yuxu rejiminə riayət etməyi, həddindən artıq istidən qorunmağı, kifayət qədər fiziki aktiv olmağı, bol su içməyi və sosial şəbəkələrdən nəzarətsiz istifadəni məhdudlaşdırmağı tövsiyə edib. O, həmçinin ünsiyyətdən tamamilə uzaqlaşmamağın vacibliyini qeyd edib.
Psixoterapevt əlavə edib ki, əlamətlər bir neçə həftə davam edərsə, güclənərsə və ya güclü narahatlıq, ümidsizlik hissi, yaxud özünə xəsarət yetirmə barədə düşüncələrlə müşayiət olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
Aydın
Şərhlər