Xəbər lenti

Lora Lumer: Ukrayna süqut etsə, Rusiya NATO-ya, Çin isə Tayvana keçəcək
Dünya 16:47 01.08.2026

Lora Lumer: Ukrayna süqut etsə, Rusiya NATO-ya, Çin isə Tayvana keçəcək

Amerikalı bloger və sağ radikal fəal Lora Lumer hesab edir ki, Ukrayna müharibədə məğlub olacağı təqdirdə Rusiya, Çin və İran növbəti hədəflərə qarşı daha cəsarətli addımlar ata bilərlər. 

Qaynarinfo xəbər verir ki, bu fikirləri jurnalist Nataliya Moseyçuka müsahibəsində səsləndirib.

Lumer çıxışı zamanı ABŞ-a geniş yayılmış "timsah səni axırda yeyəcək" ifadəsini misal çəkərək bildirib ki, aqressiv davranışa müxtəlif bəhanələr gətirmək təhlükəni aradan qaldırmır.

Onun sözlərinə görə, insanlar "timsahı qıcıqlandırdılar", "ona çox yaxınlaşdılar" və ya "onun olduğu yerdə üzdülər" kimi arqumentlərlə aqressiyanı əsaslandırmağa çalışırlar. Lakin sonda təhlükə hamıya çata bilər.

Lora Lumer amerikalıları vəziyyətə daha geniş prizmadan baxmağa çağırıb.

Onun fikrincə, əgər Rusiya Kiyevi və Ukraynanı nəzarətə götürə bilsə, növbəti mərhələdə NATO ölkələrinə qarşı addımlar ata bilər. O, həmçinin Çinin Tayvana qarşı hərbi və ya siyasi təzyiqi artıra biləcəyini, Yaxın Şərqdə isə vəziyyətin daha da gərginləşə biləcəyini iddia edib. Lumer Polşaya mümkün müdaxilə ehtimalını da istisna etmədiyini bildirib və əlavə edib ki, onun fikrincə, Rusiya, Çin və İran artıq belə ssenarilərə hazırlaşırlar:

"Çinin Tayvanı, Rusiyanın isə Kiyevi tutub Ukraynanı ələ keçirə biləcəyi təqdirdə digər NATO ölkələrinə keçdiyini görəcəyik. Yəqin ki, Polşaya işğalın şahidi olacağıq. Buna təəccüblənməzdim. Və Yaxın Şərqdə qeyri-sabitliyin şahidi olacağıq. Yeri gəlmişkən, onlar bun ahazırlaşırlar".

Bu arada, ABŞ-ın "The New York Times” nəşri Ukrayna ABŞ Prezidenti Donald Trampla sıx əlaqələri olduğu bildirilən ultrasağ fəal və bloqer Lora Lumerin ölkəyə səfərinə xüsusi diqqət ayırıb. Nəşrin qiymətləndirməsinə görə, Ukrayna tərəfi onun Trampa təsir göstərə biləcək fiqurlardan biri ola biləcəyinə ümid edir.

Məqalədə qeyd olunur ki, ötən həftə Lora Lumer Ukrayna Prezidenti Volodimir Zelenski ilə təxminən 40 dəqiqə görüşüb, Ukraynanın müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxsdən ilk müsahibəni alıb, ölkənin baş ravvini ilə şam edib və itlərə sevgisi səbəbindən heyvan sığınacağına baş çəkib.

Lumer nəşrə müsahibəsində bildirib: "Onlar məni Tramp administrasiyasının bir uzantısı kimi görürlər, baxmayaraq ki, mən administrasiyada çalışmıram".

"The New York Times” xatırladır ki, Lumer əvvəllər Rusiya tərəfindən irəli sürülən və Ukraynada neonasistlərin hakimiyyətdə olması barədə həqiqətə uyğun olmayan iddiaları təkrarlamışdı. O isə Kiyevdən telefonla danışarkən səfərinin və Ukraynanı dəstəkləyən yeni mövqeyinin yaratdığı rezonansa təəccübləndiyini bildirib.

Nəşrin fikrincə, bu səfər Ukraynanın və onun tərəfdarlarının uzun illərdir Donald Trampın "MAGA” hərəkatında Ukraynaya münasibətdə mövcud skeptik yanaşmanı dəyişmək istiqamətində göstərdiyi səylərin bir hissəsidir.

Məqalədə qeyd olunur ki, Ukraynanı dəstəkləyən təşkilatlar indiyədək Rusiyanın hava zərbələri nəticəsində dağıdılmış kilsələrə, eləcə də Rusiyada bəzi xristian icmalarına qarşı təzyiqlərə diqqət çəkməyə çalışıblar. Onlar konservativ fəallar, pastorlar və ictimai nüfuz sahibi şəxslər üçün Ukraynaya səfərlər təşkil edib, hətta Luiziana ştatında ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consonun kilsəsinin qarşısında bibliya ayəsi yazılmış reklam lövhəsi yerləşdiriblər.

Bununla belə, nəşrin yazdığına görə, bu təşəbbüslər Tramp və onun yaxın çevrəsi ilə davamlı əlaqələrin qurulmasına imkan verməyib.

Məqalədə qeyd edilir ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff əsasən Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfərlər edib, Ukraynaya isə getməyib. Keçmiş "Fox News” aparıcısı Taker Karlson da dəfələrlə Putin barədə müsbət fikirlər səsləndirib.

"Razom for Ukraine” təşkilatının baş müşaviri Melinda Harinq bildirib ki, "MAGA” hərəkatının bir çox tanınmış siması Ukraynaya şəxsi simpatiya göstərsə də, Donald Tramp mövqeyini dəyişmədiyi üçün onlar ciddi təsir göstərə bilmirlər.

Bu səbəbdən Harinq və digər Ukrayna tərəfdarları Lumerin səfərinin dönüş nöqtəsinə çevriləcəyinə ümid edirlər.

Lora Lumer bildirib ki, Ukraynada olarkən Donald Trampla iki dəfə telefonla danışıb. O, sosial şəbəkədə daha əvvəl Volodimir Zelenskini "özünə nifrət edən nasist yəhudi" adlandırarkən Rusiya təbliğatının təsiri altına düşdüyünü etiraf edib.

"The New York Times” qeyd edir ki, Trampın son açıqlamaları Ukraynanın arqumentlərinə müəyyən qədər daha çox diqqət yetirdiyini göstərə bilər. Lakin nəşrin fikrincə, Vaşinqtonun siyasətində hələlik kəskin dəyişiklik müşahidə olunmur.

Məqalədə xatırladılır ki, Tramp iyul ayında Ukraynaya "Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsini dəstəkləyəcəyini bildirmiş, daha sonra isə bu məsələ ilə bağlı qəti qərarın olmadığını söyləmişdi. 

Nəşr vurğulayır ki, Tramp hələ də Vladimir Putinə münasibətdə nisbətən mülayim mövqe nümayiş etdirir. O, bu həftə Zelenski ilə Ağ evdə keçirdiyi görüşdən sonra müharibənin başa çatmasını istədiyini bildirib və həm Zelenski, həm də Putinlə münasibətlərinin yaxşı olduğunu qeyd edib.

"The New York Times” yazır ki, bəzi müşahidəçilər Respublikaçı senator Lindsi Qremin boşluğunu Lora Lumerin doldura və Donald Trampın ətrafında Ukraynanı dəstəkləyən əsas səslərdən birinə çevrilə biləcəyini düşünürlər. 

Konqresdə Respublikaçılar Partiyasının keçmiş aparat rəhbəri və Ukraynaya dəstək məqsədilə xeyriyyə təşkilatı yaradan Stiven Mur hesab edir ki, Lumerin səfəri mühüm dönüş nöqtəsidir. Onun sözlərinə görə, bu, son dövrlərdə anti-Ukrayna mövqeyi ilə seçilən Taker Karlson və Kendis Ouens kimi sağçı influenserlərin təsirini müəyyən qədər balanslaşdıra bilər.

Mur əlavə edib ki, Ukraynanın dronlardan istifadə etməklə əldə etdiyi hərbi uğurlar Vladimir Putini Donald Trampın tez-tez istifadə etdiyi ifadə ilə desək, "məğlub" obrazında göstərməyə imkan verir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->