Xəbər lenti

Yay endirimlərində ağıllı alış-veriş - Stil mütəxəssislərindən məsləhətlər
DƏB 08:15 16.07.2026

Yay endirimlərində ağıllı alış-veriş - Stil mütəxəssislərindən məsləhətlər

Yay mövsümü hələ başa çatmasa da, endirim kampaniyaları artıq başlayıb. Mütəxəssislər bildirirlər ki, bu dövr yalnız növbəti mövsüm üçün deyil, qarşıdakı yay aylarında istifadə ediləcək geyimləri daha sərfəli qiymətə almaq üçün də əlverişli fürsətdir.

Qaynarinfo "Vogue" nəşrinə istinadən xəbər verir ki, stil mütəxəssisləri endirim mövsümündə planlı alış-veriş etməyi tövsiyə edirlər.

İlk növbədə, alış-verişə başlamazdan əvvəl qarderobunuzu gözdən keçirmək məsləhətdir. Əgər yayın əvvəlində ehtiyacınız olan paltarları, sandalları, çimərlik çantalarını və digər əsas geyimləri almısınızsa, eyni kateqoriyadan yeni məhsullar almaq əvəzinə çatışmayan əsas parçalara üstünlük vermək daha məqsədəuyğundur. Sadə köynək, cins şalvar, pencək, midi ətək və ya trikotaj geyimlər uzun illər müxtəlif kombinlərdə istifadə oluna bilər.

Mütəxəssislər yeni geyim seçərkən onun mövcud qarderobla uyğunluğunu da nəzərə almağı tövsiyə edirlər. Əgər dolabınız artıq rəngarəng və naxışlı geyimlərlə zəngindirsə, bu dəfə neytral rənglərdə və klassik üslubda modellərə üstünlük vermək daha faydalıdır. Alacağınız geyimi ən azı üç-dörd fərqli kombinlə istifadə edə biləcəyinizi düşünürsünüzsə, bu, uğurlu seçim hesab olunur.

Yay endirimlərinin digər üstünlüyü isə qış mövsümündən qalan məhsulların da sərfəli qiymətlərlə satışa çıxarılmasıdır. Trikotaj geyimlər, paltolar, çəkmələr və köynəklər bu dövrdə daha münasib qiymətə əldə edilə bilər. Həqiqətən ehtiyac duyulan qış geyimini indidən almaq, mövsüm başlayanda daha yüksək qiymət ödəməməyə imkan yaradır.

Mütəxəssislər alış-verişə başlamazdan əvvəl büdcə müəyyənləşdirməyin vacibliyini də vurğulayırlar. Onların fikrincə, hər endirim etiketi sərfəli alış demək deyil. Uzun müddət istifadə oluna biləcək, keyfiyyətli və müxtəlif geyimlərlə uyğunlaşan məhsullar daha uğurlu investisiya sayılır.

Qeyd edilir ki, endirim dövründə ən çox rast gəlinən səhvlərdən biri "qiyməti çox sərfəlidir" düşüncəsi ilə planlaşdırılandan daha çox alış-veriş etməkdir. Buna görə də əvvəlcədən müəyyən edilmiş büdcəyə sadiq qalmaq və yalnız həqiqətən ehtiyac duyulan məhsulları seçmək tövsiyə olunur. Bununla yanaşı, uzun illər istifadə ediləcəyinə əmin olduğunuz və qarderobunuza dəyər qatacaq keyfiyyətli bir geyimlə qarşılaşdıqda, onun uzunmüddətli faydasını da nəzərə almaq məsləhətdir.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->