Hər bir yazıçının, xüsusən də yeni başlayanların masaüstü kitabı olmağa layiq olan Stiven Kinqin "Yazı sənəti" kitabından bir parçanı təqdim edirik.
Qeyd edək ki, əsər bu yaxınlarda Kazım Səlimovun uğurlu tərcüməsi ilə azərbaycan dilində kitab halında çap olunub.
Dahi Stiven Kinq öz həyatının müxtəlif dövrlərinə aid epizodların, özünün yazı yazmaq sənətkarlığının yüksəlişinə necə təsir etdiyini heyrətamiz təsvirlərlə təqdim edir. Bu epizodlar parlaq və dəqiq fotoşəkillər kimi əks olunuraq oxucunu da öz həyatının unudulmuş anlarına qaytarır...
Müəllif bədii yazı yazmaq sənətinin vacib qanunlarını, adi baxışla görünməyən incəlikləri çox təbii şəkildə, zəngin əyani nümunələrlə oxucuya çatdırır və üstəgəl yalnız Kinqə xas əvəzedilməz yumor, istehza, gözəl dialoqlar, lakonik təsvirlər və s. də öz yerindədir...
Yaradıcı sənət yoluna qədəm qoyan və eləcə də bu işdə müəyyən təcrübəsi olan oxucular, intellektual aktiv oxucular, ümumiyyətlə gözəl bədii yazını sevən hər bir adam üçün tapıntı olacaq kitabdır.
Kitabı
BURADAN sifariş edə bilərsiniz.
Yazı yazmaq nədir?Stiven KinqYazı yazmaq nədir
Telepatiyadır, əlbəttə. Bir an dayanıb fikirləşəndə çox məzəli görünür – uzun illər insanlar bu şeyin mövcud olub-olmadığı haqda mübahisə ediblər, C.B.Rhine kimi adamlar telepatiyanı başqa fenomenlərdən ayırmaqdan ötrü dəyərli test prosesini hazırlamaq üçün baş sındırıblar. Bu müddətdə isə telepatiya lap yaxındaymış, E. Ponun “Oğurlanmış məktubu” kimi açıqca dururmuş. Bütün incəsənət növləri müəyyən dərəcədə telepatiyadan asılıdırlar, amma yazı işinin tam arınmış damcıları təklif etdiyinə inanıram. Bəlkə tərəfkeşlik edirəm, amma hətta belə də olsa, yenə yazıya sadiq qalmaq olar, çünki bu haqda dü-şünmək və danışmaq üçün buradayıq.
Mənim adım Stiven Kinqdir. İndi, 1997-ci ilin dekabrı, qarlı bir səhərdir, stolumun (həmin o çıxıntının altındakı) arxasında oturub, bu bölümün qaralamasını yazıram. Ağlımda çox şey var. Bəziləri təlaş verir (gözlərim zəifləyib, Milad bazarlığına heç başlamamışıq, arvadıma virus yoluxsa da, bu pis havada bayırda gəzir), bəziləri isə yaxşılıqdır (oğlumuz bizə sürpriz edib – universitetdən evə gəlib, mən Vins Teylorun “Qət təzə Kadillak”ını “Uolflauerz”lə birlikdə konsertdə çalacağam), ancaq, indiki anda bunlar hamısı üzdə olanlardır. Mən isə başqa yerdəyəm, zirzəmi
dəyəm, parlaq işığın və aydın təsvirlərin bol olduğu zirzəmidə. Bu yeri illər ərzində mən özüm qurmuşam. Bura bəsirətverən, uzaqları göstərən yerdir. Bilirəm, bir az qəribədir, bir qədər ziddiyyətlidir ki, zirzəmidən uzaqlar görünür, amma mən belə hiss edirəm. Əgər siz özünüz üçün belə uzaqgörən yer tiksəniz, onu ağac başında və ya Dünya Ticarət Mərkəzinin damında, ya da Qrand Kanyonun sıldırım qayasında da tikə bilərsiniz. Bu, sizin kiçik, qırmızı furqonunuzdur, Robert MakKammon bir romanında dediyi kimi.
Bu kitabın nəşri 2000-ci ilin yayın axırı və ya payızın əvvəlinə planlaşdırılıb. Əgər belə olsa, onda deməli, siz zamanın axdığı çay boyunca məndən fərqli nöqtədəsiniz . . . amma, ola bilsin, siz özünüzün uzağı gördüyünüz ye-rinizdəsiniz, telepatik mesajları almaq üçün ora getmisiniz. Orda olmağa məcbur deyilsiniz; kitabların sehri çox portativdir. Mən, adətən, birinə maşında qulaq asıram (həmişə tam kitablara, qısaldılmış kitab məncə zibildir) və hara getsəm biri də özümlə olur. Xilas lyukunun nə zaman lazım olacağını sizin əvvəlcədən bilməyiniz mümkün deyil: ödəniş yerində kilometrlik növbə də ola bilər, hansısa darıxdırıcı universitet binasının vestibülündə hansısa məsləhətçini on beş dəqiqə gözləməlisiniz ki (çünki çox vacib iş dalınca getmişdi), gəlib sizin kağızlarınıza imzasını qoysun, aeroportda minik növbəsi, yağışlı axşamda camaşırxanada gözləmək və lap pisi, poliklinikada, həkim danışılan vaxta gecikir və gəlib sizə iztirab verməyini hələ yarım saat da gözləməlisiniz. Belə hallarda kitabın məni xilas etdiyini hesab edirəm. Əgər Ərafda kitabxana varsa, orada mənim təyinatımı cəhənnəmə və ya cənnətə vermək üçün gözlətsələr, heç vecimə də olmaz (əgər kitabxana varsa, yəqin orda Danielle Stilin romanlarından və “Cücə şorbası” kitablarından başqa bir şey olmaz, ha-ha-ha, qorxma Stiv, zarafat edirəm).
Qısası, harda imkan varsa, orda da oxuyuram, amma sevimli yerim də var, yəqin ki, sizin də belə yeriniz var – işığın bol, qavrayışın isə adətən güclü olduğu yer. Mənim üçün bu yer iş otağımdakı mavi kreslodur. Sizin üçün eyvana qoyduğunuz sofa ola bilər və ya mətbəxdəki yırğalanan kreslo, ya da bəlkə elə yatağınızda oxumağı sevirsiniz – yataqda oxumaq cənnətdə olmaq kimi bir şeydir, amma gərək işıq səhifənin üzərinə yaxşı düşsün və əlinizdəki qəhvə və ya konyakı mələfəyə dağıtmayasınız.
Gəlin fərz edək ki, mən ən yaxşı veriliş yerimdə olduğum kimi, siz də sevimli qəbuledici yerinizdəsiniz. Biz öz adi, zehni işimizi yalnız məkan məsafəsindən deyil, həm də zaman məsafəsindən görməliyik, yaxşı ki, indi bu, problem deyil; əgər hələ Dikkensi, Şekspiri və (bir-iki dənə səhifə haşiyəsinin köməyilə) Heradotu oxuya biliriksə, 1997-ci illə 2000-ci il arasındakı boşluğu da doldura bilərik. Və budur başlayırıq – gerçək telepatiya fəaliyyətə ke-çir. Görürsünüzmü, köynəyimin biləyində heç nə yoxdur, dodaqlarım da tərpənmir. Yəqin, sizinki də elədir.
Baxın, bu, üzərinə qırmızı örtük salınmış stoldur. Üstündə kiçik balıq akvariumu ölçülərində qəfəs var. Qəfəsin içində çəhrayı burunlu və gözlərinin ətrafı qızarmış dovşan var. Qabaq pəncələrilə yerkökü qırığını tutub, məmnunluqla xırta-xırt gəmirir. Kürəyində, göy mürəkkəblə aydın şəkildə 8 rəqəmi yazılıb.
Biz eyni şeyimi görürük? Tam əmin olmaq üçün gərək yaxınlaşıb qeydlərimizi bir-birilə tutuşduraq, amma mənə elə gəlir ki, eynidir. Fərqlər, əlbəttə ki, olacaq: bəzi qəbuledicilər örtüyü al qırmızı görəcəklər, bəziləri məxməri, başqa çalarlarda görənlər də ola bilərlər. (Rənggörməyən qəbuledicilərə qırmızı stol örtüyü tünd qonur görünəcək, siqar külü rəngində.) Bəziləri örtüyün ətəyini saçaqlı görür, bəziləri düz. Dekorativ ruhlular bir az bəzək də görə bilərlər, və... xoş gəldiniz – mənim süfrəm, sizin süfrənizdir, buyurun, özünüzü evinizdəki kimi hiss edin.
Eynilə də qəfəs. Fərdi yozum üçün kifayət qədər yer saxlayır. Hər şeydən əvvəl o, təxmini müqayisə anlayışları ilə təsvir edilir, bu isə yalnız sizin və mənim əşyalara eyni gözlə baxdığımızda faydalı olur. Təxmini müqayisə edəndə ehmalsız olmaq asandır, amma bunun alternativi detallara aşırı diqqət verməkdir. Nə demək istəyirəm: “stolun üstündə uzunluğu 108 cm, eni 61 cm, hündürlüyü 36 cm olan qəfəs var”? Bu, bədii nəsr deyil, bu, istifadə təlimatıdır. Qəfəsi hansı materialdan düzəldiyi haqda da məlumat yoxdur – məftildən hörülüb? Polad çubuqlardan düzəlib? Şüşə? – amma bu vacibdirmi? Bunun şəffaf bir predmet olduğunu hamımız anlayırıq. Burda ən maraqlısı heç qəfəsdə yerkökü gəmirən dovşan da deyil, onun kürəyindəki nömrədir. Altı yox, dörd yox, on doqquz tam onda beş də yox, məhz səkkiz. Biz baxırıq və hamımız bunu görürük. Mən sizə demədim. Siz də məndən soruşmadınız. Mən heç ağzımı açmadım, siz də heç açmadınız. Biz nəinki eyni otaqda deyilik, heç eyni ildə də deyilik,... amma birlikdəyik. Yaxınıq.
Zehinlərimiz görüşürlər.
Mən sizə qırmızı örtüklü stol, üstündə qəfəs, onun içində dovşan və göy mürəkkəblə yazılmış 8 rəqəmini göndərdim. Siz onların hamısını aldınız, xüsusilə göy rəngli 8 rəqəmini. Biz telepatiya fəaliyyətini həyata keçirdik. Mifik-əsatiri telepatiya yox, real telepatiya. Mən sözün şitini çıxarmaq istəmirəm, sadəcə davam etməzdən əvvəl istəyirəm anlayasınız ki, mən bunu ağıllı görünmək niyyəti ilə demirəm; üzərində durulacaq nöqtə var.
Siz yazı yazmaq işinə əsəbi də, həyəcanlı da, ümidli də, hətta çarəsizlik hissilə də – fikrinizdə və ürəyinizdə olanları heç vaxt kağıza tamamilə köçürə bilməməyiniz hissilə də yanaşa bilərsiniz. Siz bu işə yumruqlarınız sıxılmış, bə-bəkləriniz daralmış, kiminsə dalına təpik vurmaq və adları deməyə hazır vəziyyətdə də gələ bilərsiniz. Siz bu işə o qızın sizinlə evlənməyini və ya dünyanı çevirmək istədiyiniz üçün də gələ bilərsiniz. Necə istəyirsinizsə elə də gəlin, amma etinasız gəlməyin. İcazə verin, təkrar edim: ağ kağız üzərinə etinasız gəlmək olmaz.
Mən sizdən ehtiramla və ya kor-koranə gəlməyinizi xahiş etmirəm; siyasi cəhətdən korrekt olmağınızı və ya yumor hissinizi (əgər Allahın kəramətindən sizə bu verilibsə) bir kənara qoymağınızı da xahiş etmirəm. Bu, məşhurluq müsabiqəsi deyil, əxlaq olimpiadası da deyil, nəhayət, kilsə də deyil. Bu, yazıdır, lənət şeytana, maşını yumaq və ya karandaşla gözə haşiyə çəkmək deyil. Əgər bunu ciddi qəbul edə bilirsinizsə, biz sizinlə iş görə bilərik. Əgər qəbul edə bilmirsinizsə və ya qəbul etmək istəmirsinizsə, bu kitabı bağlayıb, başqa işlə məşğul olmağınızın vaxtıdır.
Məsələn, maşını yumaqla.
Qaynar.info
Şərhlər