"Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinin müddəalarından biri turizm reyestri ilə bağlıdır".
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib. Onun sözlərinə görə, turizm reyestri turizm müəssisələrinin bunun üçün hansısa dövlət orqanlarına müraciət etməsi demək deyil:
"Bu, qətiyyən belə olmayacaq. Bunun mahiyyəti odur ki, yeni fəaliyyətə başlayan mehmanxanalar haqqında məlumatlar artıq dövlət orqanlarının elektron bazalarında olacaq. Lakin bəzi məlumatlar, məsələn, otaq və yataq sayı, işçilərin təlim ehtiyacları barədə məlumatlar turizm müəssisələri tərəfindən bazaya könüllü şəkildə daxil edilə bilər".
Q.Xeyirxəbərli bildirib ki, məlumatların reyestrə daxil edilməsi mehmanxanaların özləri üçün də xeyirli olacaq:
"Çünki turizm reyestrində aktiv iştirak etmənin bəzi faydaları olacaq. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu vasitəsilə Turizm müəssisələrinə bir sıra elektron xidmətlər göstəriləcək. Reyestrə daxil olanlar bu xidmətlərdən asanlıqla istifadə edə biləcəklər".
DTA rəsmisi qeyd edib ki, reyestrdə aktiv iştirak müəssisələr üçün marketinq və təbliğat imkanın yaradılması deməkdir:
"Reyestrdə müxtəlif reytinq cədvəlləri olacaq. Əgər mehmanxana özü haqqında daha çox məlumat daxil edərsə, onun reytinq balı da artacaq".
Şərhlər