Siyasət 16:20 31.07.2020

Yeni Qarabağ danışıqları hardan başlayacaq? (ŞƏRH)

"7 rayon Azərbaycana qaytarılmalıdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı payızda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan XİN başçılarının iştirakıyla keçiriləcək görüşdən danışarkən deyib. Politoloq qeyd edib ki, artıq Minsk Qrupu formatının səmərəli, effektli format olması göz qabağındadır:



"Çünki 10 illərdir ki, danışıqlar gedir, lakin tərəflər hansısa bir nöqtədə razılığa gələ bilməyiblər. Tərəflər məsələsi elədir ki, Azərbaycanın ərazisi işğal olunub. Paşinyan dəfələrlə bildirib ki, Dağlıq Qarabağ müstəqil dövlətdir və Minsk Qrupu çərçivəsində keçirilən danışıqlarda Ermənistan deyil, Dağlıq Qarabağ iştirak etməlidir. Əgər Ermənistan belə düşünürsə, ilk növbədə ona demək lazımdır ki, bu formatı tərk edə bilərsən. Ermənistan danışıqlardan çıxarsa, Azərbaycanın yalnız bir yolu qalır. Müharibə yolu ilə Dağlıq Qarabağı geri almaq. Öz qanuni torpaqlarını geri almaq və ərazi  bütövlüyünü bərpa etmək. Başqa yolu qalmır. Bunun da günahı Ermənistan tərəfi olacaq. Amma Ermənistan tərəfi danışıqlardan çıxmırsa və danışıqlarda qalırsa, onda qəbul etməlidir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində də danışıqlar aparılmalı və bu prinsipdə də müəyyən razılaşmalar olmalıdır. Ən azı hansısa addımlar atılmalıdır".

Azər Qasımlı bildirib ki,  Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə qarantiya verdiyini dəfələrlə deyib:

"Bu mövzuda da müyyən danışıqlar gedə və Azərbaycan da müyyən qarantiyalar verə bilər. Amma problem ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqları hər zaman uzadır. Həmsədrlər də Ermənistan tərəfinə bu məsələdə müəyyən təzyiq göstərməlidirlər. Amma təəssüflər olsun ki, biz bu təzyiqi görmürük. Ona görə bu format özü-özlüyündə səmərəsizdir. İndi sentyabr ayında yenidən danışıqlar olacaq. Həm Ermənistan mətbuatından, həm də Ermənistanın rəsmilərinin dilindən də eşidirik ki, ermənilər 2016-ci Aprel döyüşlərindən sonra Vyana formatında aparılan danışıqların yenidən bərpa olunmasını təklif edəcəklər. Bu nədir? Həm Qarabağda, həm də Tovuz istiqamətində Azərbaycanla Ermənistan sərhədində monitorinq aparacaq qurğuların quraşdırılması. 2016-ci il Aprel döyüşlərindən sonra ermənilər Vyanada bunu təklif etmişdilər. Sonra bu mövzunu danışqıların əsas predmetinə çevirməyə çalışdılar. Azərbaycan tərəfi bunu qəbul etmədi. Doğru da etdi. Bizim ərazi olduğuna görə orada bizim özümüzə nəzarət edəcək hansısa qurğular quraşdırıla bilməz. Bu bizim torpaqlardır, bunun suverenliyi bizə aiddir. Hansısa bir ölkəyə, xarici dövlətlərə, yaxud da Minsk Qrupu tipli təşkilatlara aid deyil. Amma bu, Tovuzda ola bilər. Yəni, Azərbaycanla Ermənistan arasında olan sərhəddə".



Politoloqun fikrincə, bunun üçün işğal olunmuş 7 rayonun ərazisi geri qayıtmalıdır: 

"Düşünürəm ki, Azərbaycan tərəfi sentyabrda keçiriləcək görüşdə ilk növbədə bunu qaldırmalıdır. Açıq şəkildə bildirməlidir ki, Tovuz istiqamətində Ermənistan tərəf provokasiya törədib. Bunun da sübutıları var. Həmin subutlar da ortaya qoyulmalıdır. Bu sübutlardan irəli gələrək açıq şəkildə bəyan etməlidir ki, əgər Azərbaycanın 7 rayonu geri qaytarılmasa, Minsk Qrupu çərçivəsində hansısa danışıqların aparılması mənasızdır. Əgər biz Qarabağ mövzusunu danışırıqsa, bu 7 rayonun Qarabağla əlaqəsi yoxdur. Əgər Tovuz hadisələrini danışırıqsa, orada mövzu ermənilərin təklif etdiyi qurğuların quraşdırılmasıdırsa, onda bunun yanında o zaman 7 rayon Azərbaycana qaytarılmalıdır. Çünki bunun ərazi olaraq Qrabağa heç bir aidiyyəti yoxdur. Düşünürəm ki, Azərbaycan tərəfi ilk növbədə bu məsələni qaldırmalıdır".

Bahar Rüstəmli