Emin Tarverdiyev
"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri
Bəzən xəritəyə baxırsan və anlayırsan ki, coğrafiya sadəcə xətlərdən ibarət deyil. Bəzən coğrafiya insanın taleyinə çevrilir. Mənim üçün doğulduğum Naxçıvan da məhz belə bir taledir. Çünki o torpaqda mənim uşaqlığımın izi qalıb. O diyarda doğmalarım, yaşlı valideynlərim yaşayır.
Son günlər baş verən hadisələr isə bu taleyin nə qədər kövrək ipdən asılı olduğunu bir daha göstərdi. İran tərəfindən buraxılan pilotsuz uçuş aparatları ilə bağlı təhlükəli insident yaşandı. Həmin PUAların hədəflərindən biri Naxçıvan Beynəlxalq Hava Limanı, . digəri hədəf isə Şəkərabad kənd tam orta məktəbi idi.
Bir anlıq düşünürsən: əgər bir torpağın hava limanı və məktəbi hədəf seçilirsə, deməli məsələ sadəcə siyasət deyil. Bu artıq insanların gündəlik həyatına toxunan bir təhlükədir.
Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Ermənistanla sərhədlərin bağlı olması səbəbindən Azərbaycanla birbaşa quru əlaqəsi yoxdur. Bir ölkənin bir parçasına çatmaq üçün bəzən təyyarə gözləməlisən, bəzən də başqa ölkələrin yollarından keçməlisən.
Kağız üzərində bu, sadəcə logistika kimi görünür.Amma insanın qəlbində bu, ayrılıq hissidir.
Mən o hissi çox yaxşı tanıyıram. 2020-ci ildə bütün dünyanı sarsıdan COVID-19 dövründə də Naxçıvana uçuşlar dayandırılmışdı. Bakıdan Naxçıvana təyyarə getmirdi. Hər səhər xəbərləri açanda beynimdə bir sual dolaşırdı: Naxçıvanla əlaqə nə vaxt bərpa olunacaq? Çünki Naxçıvanda mənim valideynlərim yaşayırdı.
Telefonla danışırdıq. Səslərini eşidirdim. Amma ürəyim sakit olmurdu. İnsan bəzən sadəcə bir şey istəyir – valideyninin qapısını döymək, içəri girəndə onların üzündəki o tanış təbəssümü görmək.
Bəzən isə bu ən sadə arzu belə çətin bir yolun arxasında qalır.
O günlərdə mən hər gün Allaha dua edirdim. Bəlkə də həyatımda heç vaxt bu qədər dua etməmişdim. Tək istəyim o idi ki, valideynlərim salamat olsun, doğma yurdum təhlükədən uzaq qalsın.
Bu gün Naxçıvan yenə də kövrək bir vəziyyətlə üz-üzədir.
Belə anlarda başqa bir həqiqət də özünü göstərir: Naxçıvan tək deyil.
Yenə də qardaş Türkiyə dadımıza çatır.
Bu gün Naxçıvana getmək istəyən insanlar əvvəlcə İğdır şəhərinə uçur, sonra isə avtobusla sərhədi keçərək doğma yurda çatırlar. Bu yol uzun, yorucu və dolanbacdır.
Amma yenə də ümid yaradır.
Çünki bu yol qardaşlığın yoludur.
Bir neçə kilometrlik sərhəd bəzən bütöv bir regionun həyat xəttinə çevrilir. Tarix boyu olduğu kimi, bu gün də Naxçıvan çətin anlarında Türkiyənin dəstəyini hiss edir.
Bununla yanaşı başqa bir acı həqiqət də diqqətdən yayınmamalıdır.
Bir ölkənin bir hissəsinə çatmaq üçün başqa dövlətə uçmaq məcburiyyəti normal vəziyyət deyil.
Bu, müvəqqəti çıxış yoludur. Əsl həll isə başqadır.
Məhz buna görə də Zəngəzur dəhlizi məsələsi sadəcə siyasi layihə deyil. Bu məsələ bir xalqın nəfəs məsələsidir.
Həmin dəhliz açılarsa, Naxçıvan ilk dəfə Azərbaycanla birbaşa quru əlaqəsinə qovuşacaq. Bu isə o deməkdir ki, bölgənin taleyi artıq tranzit ölkələrin qərarlarından və ya uçuşların olub-olmamasından asılı qalmayacaq.
Bu dəhliz yalnız bir yol deyil.
Bu, valideyninə rahat gedə bilməkdir.
Bu, ailələrin ayrılıq qorxusunun bitməsidir. Bu, bir torpağın nəfəsinin açılmasıdır. Bu, övladın valideynin cənazəsinə vaxtında çatmaqdır. Bu, nənənin nəvəsinin toyunda qol qaldırıb süzməkdi.
Bəzən böyük siyasi layihələr haqqında danışarkən insan amili unudulur. Halbuki hər yolun arxasında insanların həyatı dayanır.
Bugünkü hadisələr bizə bir həqiqəti yenidən xatırladır: Naxçıvanın taleyi təsadüflərin ümidinə buraxıla bilməz.
Çünki Naxçıvan Azərbaycanın sadəcə bir bölgəsi deyil.
Naxçıvan bizim yaddaşımızdır.
Naxçıvan bizim kökümüzdür.
Naxçıvan bizim ailələrimizdir.
Və insan bəzən yalnız bir şey istəyir:
Bir gün təyyarə cədvəlinə baxmadan, sərhədlərdən keçmədən, dolanbac yollar axtarmadan doğma yurda gedə bilmək.
Bir gün valideyninin qapısını açıb sadəcə demək:
"Ana, ata… mən gəldim.”
Şərhlər