Yol vərəqəsi ilə sürülən avtomobillərin cərimə meydançasına aparılacağı iddiasına reaksiya

Yol vərəqəsi ilə sürülən avtomobillərin cərimə meydançasına aparılacağı iddiasına reaksiya

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Kamal Cəfərov ekspert Ərşad Hüseynovun DYP-nin yol vərəqəsi ilə sürülən avtomobillərin cərimə meydançasına aparıla biləcəyi ilə bağlı fikrini şərh edib.

K.Cəfərov "Qafqazinfo”ya bildirib ki, ekspert Ərşad Hüseynovun İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklə bağlı şərhi ictimaiyyətdə çaşqınlıq yarada bilər:

"Birincisi, dəyişikliyin məqsədi ondan ibarət idi ki, əvvəllər sürücülük vəsiqəsi, etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas fiziki olaraq sürücüdə olmasa idi, bu, nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması üçün əsas yaradırdı.

İndi isə qeyd edilən sənədlərin fiziki olması tələb edilmir, yol polisi əməkdaşları bu məlumatları bort kompüterləri vasitəsilə dəqiqləşdirə bilərlər.

İkincisi, Ərşad Hüseynov qeyd edir ki, yol vərəqi nəqliyyat vasitəsinə sahiblik hüququ yaratmır. Bu fikir düzdür, lakin səhv ondan ibarətdir ki, ekspert dəyişikliyi diqqətlə oxumayıb.

Digər tələb olunan hüquq isə nəqliyyat vasitəsini idarə etmək hüququdur. Bildirməliyəm ki, yol vərəqi şəhərlərarası, şəhərdaxili və şəhərətrafı yük və ya şəhərlərarası və şəhərətrafı sərnişindaşıma ilə məşğul olan hüquqi şəxsin və ya fərdi sahibkar statuslu fiziki şəxsin adından həmin şəxsin nəqliyyat vasitəsini idarə edən sürücüyə verdiyi sənəddir.

Yol vərəqəsi sürücünün müəyyən zaman ərzində müəyyən vəzifələri (tapşırıqları) icra etmək üçün nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəddir. Yəni DYP yol vərəqəsi ilə sürülən avtomobilləri cərimə meydançasına apara bilməz və aparmayacaq da.

Bu məsələ ilə bağlı Ərşad Hüseynovda yenidən sual yaranarsa, köhnə redaksiyaya diqqət eləsin. Çünki yol vərəqəsi elə köhnə redaksiyadakı "yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas” sözləri ilə ehtiva olunurdu. Ona görə o zaman da yol vərəqəsi ilə sürülən avtomobilləri cərimə meydançasına aparılmırdı. İndi də həmin sözlər qalır.

Qeyd edilən dəyişikliklər onun dediyi kimi, nə gülməli, nə də ağlamalıdır. Məqsəd yol hərəkəti və təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsidir”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR