Xəbər lenti

Yolları zəbt etmək üçün icazə almaq lazımdır (ŞƏRH)
Ölkə 22:49 20.09.2020

Yolları zəbt etmək üçün icazə almaq lazımdır (ŞƏRH)

"Paytaxtın küçələri darısqaldı", "qanunsuz park edilmiş avtomobillər yolları darlaşdırır", "tıxaclara səbəb avtomobil sıxlığıdır" və s. bu kimi fikirlərlə tez-tez qarşılaşırıq.

Bəli, etiraf etməliyik ki, paytaxtda avtomobil sıxlığı var. Ancaq küçələrdə sıxlıq və tıxac çox zaman süni şəkildə yaradılır - yolların və küçələrin tikinti şirkətlərinin qanunsuz mənimsəmələri, ağır texnikalarının yerləşdirilməsi, qanunsuz hasarlamalar və s. nəticəsində.

Bir çox tikinti şirkətləri müvəqqəti narahatlığa görə üzr istəyib küçə və yolları aylarla bağlı saxlayır, küçələrdə avtomobillərin hərəkətinə maneə yaradır, süni tıxaca səbəb olurlar.

Bəzi şirkətlər isə zəhmət çəkib heç müvəqqəti narahatlığa görə üzr istəməyi də özlərinə rəva bilmirlər. İstədikləri əraziyə texnikalarını yerləşdirib, işlərini görürürlər. Sanki elə belə də olmalı imiş.

Ötən gün belə hallardan biri Fəhlə Prospektində yaşanıb. Belə ki, dördzolaqlı yolun iki zolağı böyük texnika tərəfindən zəbt edilib. Gündüz saatlarında belə texnikanın yolda yaratdığı problem o qədər nəzərə çarpmasa da, axşam saatlarında böyük sıxlığa və tıxaca səbəb olur.

Tikinti şirkətləri yolları hansı halda zəbt edə bilər? Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müşahidələr əsasında yolların və səkilərin çox zaman tikinti şirkətləri tərəfindən zəbt edildiyini deyə bilər:

"Çox zaman tikinti şirkətləri hərəkət zolaqlarını zəbt edir. Bu da yollarda hərəkət iştirakçılarına, hərəkətin intensivliyinə mane olur. Həmin yolda hərəkətin sürəti azalır və sıxlıq müşahidə edilir. Bəzi hallarda yollar zəbt edilsə də, avtomobillər üçün alternativ yollar təqdim edilmir".

A.Allahverənov bildirir ki, yolların zəbt edilməsi ilə bağlı, qanunvericilikdə müddəalar olsa da, bu proses xüsusi qurumlarla razılaşdırıldıqdan sonra baş tutmalıdır. Bu halda belə yol müəyyən müddətə bağlana bilər:

"Yollar tikinti şirkətləri tərəfindən bütünlüklə zəbt edilə bilməz. Bu o zaman baş verə bilər ki, hərəkət iştirakçılarına alternativlər təqdim edilsin".

Mütəxəssisin fikrincə, bu məsələdə ictimai rəyin də kifayət qədər təsiri var.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, "Avtomobil yolları haqqında qanun"un 15-1-ci maddəsinə görə, yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir:

"Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır".

Hüquqşünasın sözlərinə görə, qurğular yerləşdirilən zaman avtomobil yollarının sahibindən icazə alınmalıdır.

Mütəxəssis əlavə edib ki, avtomobil yollarının tikinti şirkəti və ya şəxslər tərəfindən zəbt edilməsi hərəkət iştirakçılarının - sürücülərin də hüquqlarını pozur. Məhz bu səbəbədən də, hər hansı şirkət və ya şəxs yolu zəbt edib, iş görmək barədə düşünürsə, bunun üçün əvvəlcə ərazi üzrə icra hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Agentliyi və Dövlət Yol Polisindən icazə almalıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->