Texnologiya 16:13 02.03.2023

"YouTube" kanallarına hücum: Bundan necə qorunmaq olar?

Dünən axşam bir neçə xəbər portalının "YouTube" kanalına eyni anda hücum edilməsi, birinin çökdürülməsi ortaya bir çox sual qoydu. Bu kanallar niyə hücuma məruz qala bilər, bu hücumlardan necə qorunmaq olar, "YouTube" həmin kanalların təhlükəsizliyini necə qoruyur, məsuliyyəti nə qədərdir və s.?

Qaynarinfo məsələni İKT üzrə ekspert Vahid Qasımovla müzakirə edib. 

- Vahid bəy, sizcə bu hücum niyə edilə bilər?

- Xəbər portallarının "YouTube" kanallarının eyni gündə ələ keçirilməsi ilə əlaqədar ancaq onu demək olar ki, onların sifarişi eyni vaxtda olunub. Təxmin etmək olar ki, həmin vaxtda kanallarda kiminsə xoşuna gəlmədiyi eyni mövzulu video-məzmun paylaşılıb.

- Bu artıq "YouTube"da böyük səhifələri olan şəxsləri də narahat edib. "YouTube"a belə asanlıqla necə hücum edib, həmin səhifələri ələ keçirmək olar?

- "YouTube" - "Google" platformasına aid olan layihədir və kanala giriş gmail ünvanı vasitəsi ilə həyata keçirilir. Həmin email ünvanının parolu tapıldıqdan sorna kanalda istinilən fəaliyyətlər aparıla bilər: Məzmun silinə bilər və s. Güman edilir ki, gmail ünvanlarının parolları bir şəkildə ələ keçirilib. 

- Bəs bu parollar necə ələ keçirilə bilər?

- Bunun bir neçə yolu ola bilər: Parol qısa və sadə qoyulub: ardıcıl hərf və rəqəmlər, ad günü, uşağının adı və təvəllüdü v.s. Bu cür parollar xakerlər və xüsusi proqramlar tərəfindən asanlıqla tapılıb, sındırıla bilər. Bu halda adətən email qeydiyyatında göstərilmiş telefona təsdiq mesajı gəlir. Telefon sahibi onu təsdiqləsə, parolun bərpasını sifariş edən xaker onu ələ keçirmiş olar. 
 


Virus, troyan və ya fişing yolu ilə. Email-a daxil olunan kompüterə ya da telefona virus salınır, onun vasitəsi ilə parol oğurlanır. Parol xakerlər tərəfindən ələ keçirilibsə, əlbəttəə ki, sadalanan yollardan hansısa birindən istifadə olunub.

- Belə olan halda səhifəni necə geri qaytarmaq və qorumaq olar?

- Email parolunun bərpası yolu ilə. Əvvəlcə, parollar ancaq etibarlı şəxslərin əlində olmalıdır. Giriş üçün istifadə olunan gmail ünvanları şəxsi poçt ünvanları olmamalıdır. Onlar hansısa telefonda hesab kimi sitifadə edilməməlidir. Təsdiq telefon nömrəsi ayrı telefonda olmalı, gündəlik istifadə olunan telefon olmamalı, seyfdə saxlanılmalıdır.
 
Günay İlqarqızı