Ölkə 22:00 18.04.2019

Öz ətimizi niyə yeyə bilmirik?

Ukraynadan dondurulmuş ət idxalı kəskin artıb...

Azərbaycan xaricdən dondurulmuş qırmızı ət idxalını getdikcə artırır. Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6.85 min ton dondurulmuş mal əti idxal edib. Məlumatı Ukraynanın Dövlət Gömrük Xidməti yayıb. Bildirilir ki, Azərbaycana ixrac edilən dondurulmuş mal əti Ukraynanı ümumi ət ixracının 26.4 faizini təşkil edir.

Azərbaycan Dövlət Gömrük Xidmətinin statistikasına əsasən isə ölkəyə bu ilin yanvar ayında xaricdən 5.04 min ton ət idxal edilib. Bu malın idxal gömrük bəyannaməsində ümumi dəyəri 7 milyon dollardan çoxdur. Fevral ayında isə Azərbaycana 9.14 min ton ət idxalı (12.6 milyon dollar dəyərində) həyata keçirilib. Beləliklə, təkcə iki ayda ölkəyə ət idxalı 14 min tonu keçib.

Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır. İki il əvvələ qədər bunun 263 min tonu yerli istehsal hesabına ödənilirdi.

Lakin statistik rəqəmlərdən görünür ki, ölkəyə dondurulmuş ətin idxalı artır və təkcə son iki ayda idxal edilən dondurulmuş ətin həcmi orta hesabla iki aylıq tələbatın (62 min tona yaxın) az qala dörddə birini təşkil edir. Bu da ölkədə ət istehsalının sürətlə azaldığını və yerli təzə ətin yerini xaricdən idxal edilən dondurulmuş ətin tutmağa başladığını göstərir.

Dövlət Statistika Komitəsi ilin əvvəllərində açıqlamışdı ki, ötən il ölkəyə ət idxalı miqdar ifadəsində 16.3 faizdən çox artıb.

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycan hökumətinin pambıq sevdası yaranan gündən bu günə qədər ölkəyə xaricdən ət idxalı durmadan artır: "Bu ilin ilk 3 ayında keçən ilə nisbətən ölkəyə ət idxalı 17%-ə yaxın artıb. Neft qiyməti enəndə hökumətin yadına pambıq düşdü, guya qara qızılı, ağ qızılla əvəz edəcəkdilər. Əvvəlcədən elmi, iqtisadi araşdırmalar aparılmadı, inzibati yolla, əmrlə pambıq siyasətinə girişdilər. Nəzərə almadılar ki, ölkənin əkinə yararlı torpaq fondu azdır, pambıq daha çox su tələb edir, su potensialı da məhduddur, pambıq torpağı daha çox zəhərləyir - bütün bunlara baxmayaraq hətta ənənəvi heyvandarlıq rayonlarında, örüş və otlaq yerlərində pambıq əkməyə başladılar. Nəticədə ət istehsalı azaldı, xaricdən idxal kəskin artmağa başladı, pambıqdan gələn valyutanın üzərinə iki-üç qat dollar qoyub ət almağa başladıq. Halbuki, Azərbaycan xalqı ənənəvi olaraq heyvandarlığı yaxşı bacarır. 

İqtisadçı ekspert Rəşad Həsənov da müsavat.com-a açıqlamasında idxalın artmasına təsir edən iqtisadi faktorlara toxundu: "Azərbaycanda son illərdə fərqli istiqamətlərin təşviq olunması ilə bağlı müəyyən mexanizmlərin hazırlanması, ət istehsalının həyata keçirilməsi ilə bağlı təsərrüfat fəaliyyətlərini çətinləşdirir. Son nəticədə sektorda marağın azalmasına, investisiya qoyuluşlarının həcminin azalmasına gətirib çıxartmaqla xüsusilə də ixrac potensialı olan məhsulların istehsalına marağın artmasına gətirib çıxarır. Yəni , müəyyən qədər istehsal fəaliyyətlərinin istiqamətinin dəyişdiyi müşahidə olunur. Ancaq mən müəyyən rəqəmləri həm də gömrük sistemində baş verən dəyişikliklərlə izah edərdim. Gömrük əməliyyatlarının şəffaflaşdırılması istiqamətində görülən işlər faktiki olaraq rəqəmlərin kəskin şəkildə dəyişməsinə gətirib çıxarır. Son 3 ayda ət idxalında 50 faiz artım müşahidə olunur. 

Bu heç də hər hansı iqtisadi faktorla əlaqələndirilə bilən artım deyil, kifayət qədər sərt bir artımdır. Böyük ehtimalla burada artımın müəyyən bir qismini uçotun dəqiqləşdirilməsi ilə bağlıdır. Əvvəlki dövrlərdə bu məhsullar ölkəyə idxal olunsa da, əksər hallarda qeyri-rəsmi sövdələşmələr nəticəsində uçotu aparılmırdı, biz bu rəqəmləri görə bilmirdik”. 

İqtisadçı turizmin inkişafı ilə bağlı ölkəyə gələn xarici qonaqların sayının artmasına da toxunaraq, bunun statistik göstəricilərə təsir etdiyini qeyd etdi: "Turizm sektorunda artım tempi zəifləsə də dinamika müəyyən qədər davam etməkdədir və bu dinamikanın özü də daxili bazarda tələbatın həcminə müəyyən təsirlər göstərir, idxalı tətikləyir. Burada əsas narahatedici məqam odur ki, Azərbaycan uzun illər aqrar ölkə olsa da, kənd təsərrüfatı siyasətinin düzgün aparılmaması, zamanında resurs gəlirlərinin bolluğu fonunda iqtisadiyyatın digər istiqamətlərinə yönələn dövlət proqramlarının zəifliyi , təşviq mexanizmlərinin olmaması və sair səbəblərdən biz aqrar sektorun öz çəkisini itirməsini müşahidə etmiş olduq. Təxminən, 2000-ci illərdə Azərbaycan iqtisadiyyatının 15 faizi kənd təsərrüfatı idi. Amma artıq bu göstərici 5,5 faizə qədər azalıb. Kənd təsərrüfatı sektoru təxminən 10 faizdən çox öz mövqeyini itirib. Təbii ki, enerji sektorunda müşahidə edilən kəskin böyümə bu rəqəmlərə öz təsirini göstərsə də, eyni zamanda müqayisəli dinamikanın göstəricilərinə baxsaq, görərik ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının böyümə tempinə uyğun olaraq artmadı. Burada əsas problem mənfəət normasının əhəmiyyətli dərəcədə aşağı olması və resurs gəlirlərinin formalaşdırdığı müvəqqəti komfort idi. Digər bir problem isə ondan ibarətdir ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün alternativ imkanlar kifayət qədər məhduddur. Sektorda sığortanın olmamasından tutmuş maliyyə əlçatanlığının aşağı olmasına qədər bazarlama imkanlarının məhdudluğu, ixrac mexanizmlərinin zəif təşkil olunması, investisiya qoyuluşlarının həcminin aşağı olması, ekstensiv böyüməyə meyllilik və digər amillər sonunda ölkədə kiçik tələb dəyişməsi fonunda bu qədər ciddi idxal artımı ilə bağlı göstəricilərinin ortaya çıxmasına səbəb olur”. 

İqtisadi onu da vurğuladı ki, idxal olunan ətin əksər hissəsinin Ukraynadan gətirilən dondurulmuş ət olması da alıcılıq qabiliyyətinin aşağı düşməsindən xəbər verir: "Son illərdə əhalinin alıcılığı ciddi şəkildə azalıb. Bu təkcə qırmızı ətdə müşahidə olunmur, quş ətinin idxalının da coğrafiyası kəskin dəyişib. 

Zamanında bu məhsullar daha çox Avropa dövlətlərindən, Braziliyadan, Türkiyədən, ABŞ-dan idxal olunurdusa, indi daha çox Rusiya və Ukrayna kimi ölkələrdən maya dəyəri daha aşağı olan məhsullar idxal olunur. Onu da nəzərə almaq lazımdır ki, bu ölkələrdən idxal olunan məhsulların keyfiyyətində əvvəlkilərlə müqayisədə ciddi çatışmazlıqlar var. Buna baxmayaraq, faktiki şəkildə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi son nəticədə onların istehlak etdiyi məhsulların keyfiyyətinə öz təsirini göstərir. Nisbətən daha keyfiyyətli və yüksək qiymətə olan məhsulları vətəndaşlar istehlak edə bilmir. Bu məhsul növləri də əhalinin böyük əksəriyyətinin istehlak etdiyi tələbat məhsullarına daxildir, lüks kateqoriyalı məhsullar deyil. İdxalçı şirkətlər də daha çox böyük bazara hesablanmış siyasət həyata keçirirlər ki, əhalinin 90 faizi bu məhsulları idxal etməlidir ki, bu şirkətlərin fəaliyyəti rentabelli olsun. Bu baxımdan son nəticədə idxalın coğrafiyasında da dəyişiklik baş verib və birbaşa olaraq qiymətdən və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən asılıdır”.