Zakir Həsənov Şuşa və Laçındakı birliklərə yeni tapşırıqlar verdi

Zakir Həsənov Şuşa və Laçındakı birliklərə yeni tapşırıqlar verdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.

Z.Həsənov Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.

Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Z.Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.

Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR