Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.
Qaynarinfo xəbər verir ki, əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılmış Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni tikilən klubun açılışını ediblər. Müdafiə nazirinə məlumat verilib ki, iki mərtəbəli klubda 520 nəfərlik iclas zalı, Heydər Əliyev muzeyi, kinoteatr, brifinq zalı və digər xidməti otaqlar var. Binada avtomatik işıqlandırma sistemi quraşdırılıb, klub akustika və mərkəzləşdirilmiş kondisioner sistemlərilə təchiz olunub. Ətrafda abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.
Müdafiə naziri və rəhbər heyət tədris ocağında əsaslı təmir işləri aparılmış qış üzgüçülük hovuzu və atıcılıq tiri ilə də yaxından tanış olub.
Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi təhsil müəssisəsinin zabit və kursantları ilə görüşərək prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan islahatları, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirləri, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi məsələlərini, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb.
Müdafiə naziri döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edildiyini, modernləşmə aparıldığını, müxtəlif səviyyəli genişmiqyaslı təlimlərin keçirildiyini, yeni poliqonların tikildiyini və digər istiqamətlərdə həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıb.
General-polkovnik Z.Həsənov bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.
Nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir.
Müdafiə naziri çıxışının sonunda hərbi məktəbin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb və onları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının həmrəyli Günü və Yeni il bayramları münasibətilə təbrik edib, əmin olduğunu bildirib ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfəsini verəcək.
Şərhlər