Zaur Əliyev: “Azərbaycanı Rusiyaya o ölkə qurban verdi”

Zaur Əliyev: “Azərbaycanı Rusiyaya o ölkə qurban verdi”

"Azərbaycan Xalq Cümhuriyyəti o dönəmdə dünyanın 20 ən demokratik dövlətindən biri sayılırdı. Cümhuriyyətin digərlərindən əsas fərqi bundaydı. Təsəvvür edin ki, dövlət rəsmilərinin nəqliyyat vasitəsi belə yox idi. Pulla kareta tutmuşdular, bu karetalarla Tiflisdən Gəncəyə, Gəncədən Tiflisə gedirdilər”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi-alim Zaur Əliyev belə deyir. Onun müsahibəsini təqdim edirik.

- Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən danışanda həmişə bu məqama diqqət çəkirlər ki, Azərbaycanın müstəqil olması üçün şərtlər irəli sürülmüşdü. Məsələn, İrəvanın ermənilərə verilməsi kimi... Sizcə, bu ön şərtlərsiz və ya bunlardan yan keçməklə müstəqilliyə nail olmaq mümkün idimi?
- Proses 1912-ci ildən başlamışdı, xalqlar Çar Rusiyasının parçalanmasından sonra müstəqil olacaqlarını gözləyirdilər. Artıq 1912-ci ildən Rusiya Dövlət Dumasında təmsil olunan azərbaycanlı deputatlar müstəqillik çıxışları edirdilər. Çünki görürdülər ki, ermənilər Qafqazda və ya Azərbaycanda hansı vəhşiliklərə əl atırlar, bu səbəbdən müstəqillik uğrunda mübarizə aparırdılar.

Ümumiyyətlə, həmin dövrdə beynəlxalq güclərin gündəmində erməni dövlətinin yaradılması məsələsi yox idi. Osmanlı və İngiltərə arasındakı razılaşmaya görə, ermənilərə indiki Türkiyə ərazilərində muxtariyyət verilməli idi, paytaxtı da Gümrü olacaqdı.

Azərbaycan həmin dövrdə qurulan Zaqafqaziya Seyminin tərkibində idi. Osmanlı tələb edirdi ki, Batumu ona versinlər. Ermənistan və Gürcüstan da razılaşmışdılar ki, Batumun Osmanlıya verilməsinə mane olsunlar. Azərbaycan bu məsələdə neytral qaldı, çünki Osmanlıya qarşı savaşmaq istəmirdi. Hər şeyin taleyi Batum konfransında həll olundu. Həmin konfransda bölgədə yeni dövlətlərin yaranması tələbi qoyuldu.

Məsələn, Gürcüstanın müstəqilliyini ən çox tələb edən dövlətlərdən biri Almaniya idi. Plan bu idi ki, mayın 26-da Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın müstəqiliyi elan ediləcək. Lakin İran və Rusiya erməni məsələsini ortaya atdı, Türkiyə də geri çəkilməyə məcbur oldu. Çünki ermənilərə paytaxt vermək lazım idi. Osmanlı dövləti də öz ərazisində ermənilərə paytaxt vermək istəmirdi. Nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinə bildirildi ki, siz İrəvanı ermənilərə paytaxt kimi verməsəniz, cümhuriyyətin elan olunmasını görə bilməyəcəksiniz.

Azərbaycan böyük təzyiqlərə məruz qaldı. Ortada həm Osmanlının, həm İranın, həm Rusiyanın, həm də İngiltərənin təzyiqləri vardı. Azərbaycan güzəştə getməli oldu. İrəvanı Ermənistan dövlətinə yox, Erməni Milli Konfederasiyasına təqdim etməyə razılaşdı. Çünki o vaxt Ermənistan dövlətinin yaradılması gündəmdə yox idi. Ermənilər "Ararat Respublikası” qurmağı planlaşdırırdılar. Bu da Erməni Milli Konfederasiyası şəklində formalaşmalı idi. Lakin Azərbaycan Cümhuriyyəti İrəvanı güzəştə getməyə məcbur olduqdan sonra böyük dövlətlərin tələbi ilə Batum konfransında imzalanan müqavilə Azərbaycan və Ermənistanın müstəqilliyinin tanındığı ilk rəsmi sənəd idi.

Cümhuriyyət hökuməti bilirdi ki, İrəvanı güzəştə getməsə, müstəqilliyi elan etmək mümkün olmayacaq. Çünki ermənilərin arxasında duran dövlətlər çox güclü idilər. Hətta İrandan təzyiqlər edilirdi ki, yaranacaq yeni müstəqil dövlətlərin arasında Azərbaycanın adı olmasın.

- Bəs müzakirələrdə Azərbaycan hansı adla təqdim edilirdi?
- Həmin müzakirələrdə Azərbaycan Türk Respublikasından söhbəti gedirdi. Lakin nə Türkiyə, nə Rusiya, nə də İran buna razılıq verdi. Qərara gəlindi ki, Qafqaz Azərbaycan dövləti yaradılsın. Azərbaycanın müstəqil olmasını istəməyən respublikalar buna etiraz etdilər. Nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması məsələsi gündəmə gəldi. "İstiqlal Bəyannaməsi” qəbul edikdən sonra – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dünyaya elan olundu.

Bir faktı da deyim ki, o dönəmdə Azərbaycanın arxasında onu dəstəkləyən qüvvə yox idi. Böyük dövlətlərin Azərbaycanda yeganə marağı bu idi ki, Bakı neftini ələ keçirsinlər. Bütün maraqlar bunun üzərində qurulmuşdu. Almanlar bir tərəfdən, Türkiyə digər tərəfdən, Rusiya və ingilislər də başqa bir tərəfdən Bakı neftini ələ keçirmək istəyirdilər.

İran isə ümumiyyətlə Azərbaycan adlı dövlətin yaranmasını istəmirdi. Böyük Britaniya Tağıyevin vaxtından – 1905-ci ildən Bakıda oturmuşdu. Britaniya Bakı neftini itirmək istəmirdi.

- Əgər onlara Bakı nefti maraqlı idisə, niyə Bakı və bütöv Azərbaycanın ələ keçirilməsini gözləri yumulu seyr etdilər?
- Rusiya Azərbaycanı aldatdı. Rusiyanın məqsədi bu idi ki, Mərkəzi Asiya və Hindistanı İngiltərənin əlindən alsın. Çünki Şərq regionunu Rusiya idarə etmək istəyirdi. Amma Britaniya Hindistan və İranı itirmək istəmirdi. Buna görə də, Britaniya Azərbaycanı qurban verdi. Çünki artıq Hollandiya və Britaniyanın neft şirkətləri öz paylarını satmışdılar. Yəni, onlar üçün Azərbaycan öz əhəmiyyətini itirmişdi.

Böyük dövlətlərin siyasi xəritəsində Britaniyanın sözü keçirdi. Britaniya da Hindistanı itirməmək üçün Cənubi Qafqazı, o cümlədən, Azərbaycanı Rusiyaya qurban verdi.

- İşğaldan sonra mühacir hökumət hansı işləri həyata keçirirdi, yenidən müstəqil olmaq üçün planları vardımı, buna cəhdlər olmuşdumu?
- Mühacir hökumət Azərbaycanla əlaqə saxlayırdı. Gəncə üsyanının hazırlanması, Gəncədə 32-lər savaşı, Tərtər, Zaqatala və Balakən üsyanları mühacir hökumətin yenidən Azərbaycana qayıtması üçünü hazırlanan planlar idi. Onlar istəmirdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasın. Mühacir hökumət uzun müddət Sovet Rusiyasının işğalçı olduğunu sübut etməyə çalışdı. Hətta Amerikada yaşayan azərbaycanlılar da çalışırdılar ki, Azərbaycanın müstəqilliyini bərpa etsinlər. O faktı irəli sürürdülər ki, Azərbaycanın müstəqilliyi Paris Sülh Konfransında de-fakto tanınıb və bu respublikanın azad olunması vacibdir. Amma artıq elə bir dövr idi ki, dünya SSRİ-nin qurulması ilə razılaşmışdı, geri qayıtmaq üçün bir yol yox idi.

Mühacir hökumət İkinci Dünya Müharibəsində də buna cəhdlər etdi, amma bu da baş tutmadı. Baxmayaraq ki, Almaniya tərəfi məğlub olan anda Azərbaycanın müstəqilliyini tanıdı, lakin gec idi. Çünki Rusiya artıq ABŞ-ı da, İngiltərəni də, digər gücləri də razı salmışdı. Digər yandan, Britaniya nə Azərbaycan, nə Gürcüstan, nə də digər dövlət üçün Sovet Rusiyası ilə savaşa girmək gücündə deyildi, əslində isə maraqlı deyildi. Bu səbəbdən də, o illərdə Azərbaycan hökumətinin yenidən bərpa olunması mümkün deyildi.

Azərbaycan Xalq Cümhuriyyəti o dönəmdə dünyanın 20 ən demokratik dövlətindən biri sayılırdı. Cümhuriyyətin digərlərindən əsas fərqi bundaydı. Təsəvvür edin ki, dövlət rəsmilərinin nəqliyyat vasitəsi belə yox idi. Pulla karet tutmuşdular, bu karetlərlə Tiflisdən Gəncəyə, Gəncədən Tiflisə gedirdilər. Yəni, cümhuriyyətin heç nəyi yox idi.

Hətta Ermənistan və Gürcüstan birləşib Azərbaycanı yarı yolda qoymuşdular. Azərbaycan borc üçün bir neçə dövlətə, o cümlədən, Osmanlıya müraciət etmişdi. Osmanlı Azərbaycana 1 milyon vəd etmişdi, amma o pul da gəlib Azərbaycana çatmadı.

Mənbə: Teleqraf.com
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR