"Yüz ildən çoxdur ki, ermənilər dünyanın bir çox yerinə səpələnib. Onlar Avropa ölkələrində, hətta ABŞ-da toplu şəkildə məskunlaşıb, orada yaşayırlar. Artıq yerli əhali onları özününki hesab edir, tanıyır və onlar vətəndaş olmaqla yanaşı, həm də seçicidirlər".
Bunu Qaynarinfo-ya "Ayna-Zerkalo” qəzetlərinin təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski Qərb mətbuatında Ermənistanın mövqeyinə dəstək, Azərbaycanla bağlı qeyri-peşəkar və ermənipərəst yazıların səbəbləri haqqında danışarkən deyib.
Elçin Şıxlı bildirib ki, xüsusən də ABŞ və Fransada prezident seçkilərində, digər seçkili orqanlara keçirilən seçkilər zamanı ermənilərin lobbiləri, diasporaları güclü olduğuna görə, erməni əsilli vətəndaşlarının fikirləri diqqətə alınır:
"Çünki ermənilərin hər zaman bir şüarı olub, "erməni soyqırımı”. Hətta bilirik ki, onlar Amerikada hər bir prezident seçkisi zamanı, seçkidən sonra prezidentin "erməni soyqırımı” kəlməsini işlətməsini gözləyirlər. Ermənilər 100 ildən artıqdır ki, "soyqırım" deyə-deyə bütün dünyaya şivən salıblar. Biz isə bilirik ki, bu, soyqırım deyil”.
Elçin Şıxlı digər bir səbəb kimi, ermənilərin məskunlaşdığı ölkələrin media strukturlarına da yol aça bildiklərini göstərib:
"Qərbi kənara qoysaq, Rusiyanın özündə ictimai fikrə təsir edəcək, ictimai fikir formalaşdıracaq bir çox media strukturlarının başında ermənilər durur. Təkcə Marqarita Simonyanın adını çəkmək kifayətdir. Onun rəhbərlik etdiyi "Sputnik" agentliyi Azərbaycanda da fəaliyyət göstərir. Amerikanın özündə istənilən Hollivud filminin titrlarına diqqətlə fikir versək, ən azı bir ermənin soyadını görərik. Bu ölkələrin yerli əhalisi ermənini özününki hesab etsə də, bizi tanımırlar. Biz vətəndən uzaqda çox yaşaya bilməmişik. Yalnız son bir neçə on ildir ki, bizim gənclər Qərb ölkələrinə, ABŞ-a oxumağa gedirlər. Bir çoxları da bacarıqlarını nümayiş etdirə bildiklərinə görə orda iş tapıb qalırlar.
Media məsələsinə gəlincə, fikir verirsinizsə, xarici media deyəndə türk mediasını nəzərdə tutmuram. Çünki onlar biz özümüzük. Bizdə son zamanlar ən populyar, əlimiz çatan xarici media "Əl Cəzirə”dir. O da ərəb kanalıdır, kifayət qədər güclü media strukturudur. Amma bir "The New York Times”, "The Washington Post”, yaxud ingilislərin”Economy”si, "Times"ı, almanların "Velt”i, "Deutsche Welle”si deyil".
Elçin Şıxlı əlavə edib ki, Gorusda ”Deuttsche Welle”nin, BBC-nin müxbirlərinin günlərlə reportajlar hazırladığını görürük:
"Lakin onlar bu reportajda nə qədər obyektiv olmağa çalışsalar da, gördükləri ermənilərdir, ayaqları da erməni torpaqlarına dəyir. Ona görə də sona qədər obyektiv ola bilmirlər. Düzü, səbəblərini dəqiq bilmirəm, amma biz nədənsə onları ya öz ərazimizə buraxmırıq, ya da ki, dəvət edirik, amma gəlmirlər. Bunun səbəblərini bu işlərlə bilavasitə məşğul olan aidiyyatı strukturlar bilir. Ona görə dəqiq nə pisləyə, nə də tərifləyə bilirəm. Amma fakt odur ki, həmin dünyaca məşhur media orqanlarının Azərbaycanda fəaliyyəti görünmür. Ermənistandan isə hər gün reportajlar verirlər.
Bu yaxınlarda bir yəhudi "YouTube” kanalına baxdım, guya politoloqdur, amma Ermənistanda yaşayıb, ora köçənlərdəndir. Deyir ki, Laçın dəhlizini Azərbaycan 9-10 aydır kəsib və Dağlıq Qarabağda ermənilər acından ölürlərmiş. Bu fikir, ifadə yalandır. Lakin bu adam söylədiklərinə nə qədər də inanırdı?
Bizim İsraillə aramız çox yaxşıdır. Səlahiyyətim olsa, həmin adamı tapıb bura gətirərdim, həmin ərazilərdə gəzdirərdim ki, bax gör burada qırılan kimdir. Heç olmasa bir erməninin adını çək. Lakin o, bunu təbii olaraq edə bilməzdi. Mənə elə gəlir ki, biz dünyaya qapalıyıq, açılmalıyıq”.
Qərb dövlətlərində, Rusiyanın özündə yaşayan azərbaycanlı iş adamlarının həmin ölkələrdəki böyük media qruplarına yatırım etmədikləri haqqında danışan Elçin Şıxlı deyir ki, bunun müxtəlif səbəbləri var:
"Qərb ölkələrində güclü milyonçu azərbaycanlı tanımıram. Bilmirəm bəlkə də var, amma eşitməmişəm. Rusiyaya gələndə isə guya "Lukoyl”un başında duran bizimkidir, adlarını bilmədiyim digərləri də var. Görünür, onların hərəsi öz başının dərdindədir və sadəcə adları azərbaycanlıdır. Bizim həmin ölkələrdə ermənilər kimi elə güclü lobbimiz yoxdur. Bu çatışmayan cəhətimizdir. Biz həmin insanlar üçün Azərbaycanda hansısa imkanlar yaratsaq belə, onlar dövlətə dəstək kimi heç bir iş görmürlər. Yəni bu istiqamətdə bir iş görmürlər. Azərbaycanın mədəniyyətini tanıdırlar, tanıtmağa çalışırlar, Azərbaycan mədəniyyəti günləri keçirirlər, Azərbaycanın hara olduğunu göstərməyə çalışırlar, amma media strukturlarından pay aldıqlarını, yaxud media strukturlarına öz adamlarını yerləşdirmək kimi bir iş gördüklərinin şahidi olmamışam. Ola bilsin var, amma mən bilmirəm. Geniş ictimaiyyətin də bu məsələlərə şahidlik etdiyini görməmişik. Mən heç kimi pisləmək istəməsəm də, vəziyyət belədir”.
Günay İlqarqızı
Şərhlər