Özəl universitetlərə maraq azalıb. Ötən il keçirilən qəbul imtahanlarında dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan cəmi 299 nəfər təhsilini özəl ali təhsil müəssisələrində davam etdirmək istəyib. 299 nəfərdən 219 nəfəri isə Xəzər Universitetini seçib. Bu isə digər özəl ali məktəblərə inamın az olmasından irəli gəlir.
Qaynarinfo xəbər verir ki. ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Tələbələrdən biri bildirib ki, təhsil haqqının məbləği dövlət universitetlərinə nisbətən bahadır: Eyni zamanda özəl ali təhsil müəssisələri bağlana bilər amma dövlət müəssisələrinin belə bir təhlükəsi yoxdur”.
Ekspertlərin sözlərinə görə, bu inamsızlığın arxasında özəl universitetlərdən asılı olan və olmayan məqamlar durur. Son illərdə bir neçə özəl ali məktəbin bağlanması valideynlərin gözünü qorxudub.
"Təəssüflər olsun ki, hətta ən az bal toplayan abituriyentlər belə ilk sırada dövlət universitetlərini seçirlər. Bu abituriyentlərin və onların valideynlərinin özəl universitetlərə inamsızlığının olması ilə bağlıdır” deyə təhsil eksperti Kamran Əsədov bildirib.
Digər məqam özəl universitətlərdə tədrisin keyfiyyəti məsələsidir. Bir çox hallarda işəgötürənlər belə müəssisələrin məzunlarını işə götürmək istəmirlər.
Kamran Əsədov deyir ki. dövlət qulluğuna qəbul zamanı, müəllimlərin işə qəbulu zamanı, eyni zamanda ümumilikdə əmək bazarında özəl universitetlərin məzunlarının işə qəbul prosesində nəticələrin zəif olması valideynlərin və abituriyentlərin özəl universitetlərə inamını aşağı salıb.
Təhsil meneceri Rasif Dünyamalıyev isə bildirib kia, abituriyent universiteti seçdiyi zaman həmin o universiteti bitirən uğurlu şəxslərə baxır: "Əgər universitetin uğurlu məzunları yoxdursa və yaxud da varsa, universiteti onu göstərə bilmirsə, önə çəkə bilmirsə, təqdim edə bilmirsə, o zaman problem çıxır. Yəni problem inamsızlığa gətirir ki, necə oldu universitetdən məzunları bir yerə çıxmadı”.
Özəl ali təhsil müəssisələrinə marağın bu cür azalmasına digər səbəb kimi təhsil haqqının yüksək olması göstərilir.
"İndiki dövrdə artıq Türkiyədə təhsil almaq Azərbaycanda təhsil almaqla qiymət baxımdan eyni olub. Yəni Tükiyədəki özəl universitetlə Azərbaycandakı özəl universitetin qiyməti bərabərdir. Artıq biraz imkanı yaxşı olan valideyn düşünür ki, buranı seçməkdənsə, oranı seçim” deyə Rasif Dünyamalıyev bildirib.
Ekspertlər hesab edir ki, özəl ali təhsil müəssisələri öz imicini qaldırmaq istəyirsə, maddi texniki baza düzəldilməli, xarici ölkələrdən tələbə qəbulu həyata keçirilməli, beynəlxalq layihələrdə iştirak etməlidir. Özəl universitetlər əgər işəgötürənlərlə müqavilə əsasında işləsə və təminat versələr ki, məzunlar işlə təmin olunacaq, abituriyentlər əminliklə özəl universitetləri seçərlər.
Şərhlər