Xəbər lenti

Dünya 18:46 24.02.2024

Zelenski Ermənistana gedəcəkmi? (ŞƏRH)

"Bu informasiyanı sızdırmaqda məqsəd Rusiyanı daha çox qıcıqlandırmaqdır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlı məlumatları şərh edərkən deyib.

"Zelenskinin İrəvana mümkün səfəri barədə ilkin məlumat erməni kanalının təsdiqlənməmiş xəbəri və ona Ukraynanın Ermənistandakı nümayəndəsinin müəmmalı reaksiyasıdır. Düşünürəm ki, bu sızdırmanın məqsədi Rusiyanı daha çox qıcıqlandırmaqdır. Reallıqda bunun Rusiyaya siyasi təzyiq göstərməkdən başqa hər hansı mənasını görmürəm. Ukraynanın özünün Ermənistanda iqtisadi, hərbi və s. sahədə əhəmiyyətli maraqları yoxdur. Bu ölkənin mövqeyi uzun illər Azərbaycanın mövqeyi ilə daha çox uzlaşıb. Doğrudur, Ukraynanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində rol oynamaq fikrində olması barədə də bəzi mülahizələr var. Ancaq açığı, buna onun nə resursları, nə də böyük istəyi olmadığını söyləmək mümkündür. Əvvəllər, 2020-2021-ci illərdə Ukrayna rəsmilərinin bu mövzuda açıqlamaları olmuşdu, amma Rusiya ilə müharibə başlayandan sonra Kiyevin belə bir təşəbbüslə çıxış etməsini eşitməmişəm. İstənilən halda, məncə, təhlükəli gedişdir və istisna etmirəm ki, Rusiya ondan öz məqsədləri üçün istifadə edə bilər", deyə Arif Əliyev bildirib.

Qeyd edək ki, mətbuatda Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda Ermənistana səfərə gələcəyi barədə məlumatlar yer alıb. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb. Tərəflər səfərin mart ayında baş tutacağını ehtimal edir.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?