Ermənistan indiki vəziyyətdə mövcudluğu ilə həm öz vətəndaşları, həm də region üçün ciddi təhlükəyə çevrilib. Qan tökməklə bir-birini əvəzləyən hakimiyyətlər Ermənistan cəmiyyətinin tələblərini ödəyə bilmir. 1999-cu ilin oktyabr, 2008-ci ilin mart, 2016-cı ilin iyul və 2018-ci ilin hakimiyyət dəyişikliyi zamanı tökülən qanlar ölkənin köklü problemlərini həll edə bilməyib.
2013-cü il sentyabrın 3-də Ermənistanın o vaxtkı prezidenti Serj Sarqsyan ölkəsinin Avropa İttifaqının assosiativ üzv olmasından imtina edib, Avrasiya İqtisadi İttifaqına üzvlüyü seçdi. Onda indiki baş nazir Nikol Paşinyan Ermənistanın bu İttifaqa üzvlüyünə qarşı çıxdı və hakimiyyətə gələnədək ölkəsinin bu qurumda fəaliyyətinə müxalifət oldu, hətta Qərb dəyərlərinə üstünlük verilməsinin vacibliyini vuruğulayırdı. Ancaq hökumət başçısı olandan sonra Rusiya başda olmaqla bu İttifaqa üzv dövlətlərin qapısını döyərək yardım istəməyə başladı. Bu, azmış kimi İttifaqa qarşı çıxmasından bir neçə ay sonra təşkilatın əhəmiyyətindən danışdı. Elə bu fakt Ermənistan hakimiyyətinin, hökumətinin beynəlxalq arenada mövqesizliyinin göstəricisidir. Rusiya Ermənistanın sürücülük vəsiqəsini belə qəbul etmir. 2020-ci ildən İttifaqda Ermənistana tətbiq olunan gömrük güzəştləri ləğv ediləcək. Hətta Rusiya rəsmi Yerevanın barələrində axtarış elan etdiyi vətəndaşlarını, o cümlədən keçmiş müdafiə naziri Mikael Arutyunyan və məhkəmə aktlarının icrası xidmətinin keçmiş rəisi Miqran Poqosyanı hələ ki Ermənistana vermir.
Yeri gəlmişkən, ABŞ da Nikol Paşinyana və komandasına etibar etmir. Rəsmi Yerevan Nikol Paşinyanın Ağ Evə dəvət edilməsinə çalışsa da, buna nail ola bilməyib. Hökumətin Suriya məsələsində tutduğu mövqe, İranla əməkdaşlığın da buna təsiri olduğu istisna edilmir.
Bu arada 2019-cu ilin iyununda ötən ilin uyğun dövrü ilə müqayisədə Ermənistandan pul köçürmələri iki dəfə artaraq 126 milyon 400 min dollar təşkil edib. Ölkəyə xaricdən pul axını isə hesabat dövründə 1,4 faiz azalıb. Ermənistandan Rusiyaya pul köçürmələri 7 faiz, ABŞ-a isə 2,4 dəfə artıb. Ölkədən xarici valyutanın çıxması sosial-iqtisadi vəziyyətin inkişafını əngəlləyən başlıca faktordur. Bundan başqa, strateji sənəddə təbii resurslardan asılılığın azaldılması istiqamətində görülməsi gərəkən işlər qeyd olunsa da, bunun reallığa çevrilməsi mümkünsüz görünür. Çünki 2018-ci ildə Ermənistanın ixrac strukturunun özəyini dağ-mədən sənayesinin xam və yarımfabrikat malları (23 faiz), təbii daş-qaş və digər metallar (12,8 faiz), tütün məmulatları (11,2 faiz) və içkilər (9,63 faiz) təşkil edib. Bu da ölkə iqtisadiyyatının bəsit iqtisadi modelə sahib olduğunu təsdiqləyir. Bu tendensiya uzun müddətdir davam edir və 2016-2018-ci illər ərzində də qeyd edilən məhsulların ümumi ixracda payı 50 faizdən çox olub.
Cari il oktyabrın 1-də Avrasiya İqtisadi İttifaqının sammiti Yerevanda keçiriləcək. Bu tədbirə Rusiya prezidenti Vladimir Putinin də qatılacağı gözlənilir. O, Ermənistanın keçmiş prezidenti Robert Koçaryana həbsxanada baş çəkmək niyyətindədir.
Göründüyü kimi, Ermənistan hökuməti ilyarımdır ABŞ-la Rusiya arasında girinc qalıb.
Bir il ərzində Avrasiya İqtisadi İttifaqı barədə mövqeyini 180 dərəcə dəyişən Ermənistan hökumətinin başçısı Nikol Paşinyan 2050-ci ilədək "İnkişaf Strategiyası” planını irəli sürüb:
- Əhalinin sayını 5 milyona çatdırmaq;
- 1,5 milyon yeni iş yeri açmaq;
- İnsanların məşğulluğunu 2,5 milyon nəfərə çatdırmaq;
- Yoxsulluğu ləğv etmək;
- Döyüş qabiliyyətinə görə dünyanın 20 ən güclü ordusunun siyahısına daxil olmaq;
- Turistlərin sayını 15 milyon nəfərə çatdırmaq və s.
Ermənistandakı hakimiyyətlərin bölgədə tutduğu təcavüzkar, pozuculuq mövqe davam edərsə, bu iddialar ölkə ictimaiyyəti üçün şirin yuxu olaraq qalacaq. Heç şübhəsiz, bu hədəflərə qonşu dövlətlərin, ilk növbədə, Azərbaycanın və regional maraqlar nəzərə alınmadan yetişmək mümkünsüzdür. Bura Ermənistanın iqtisadi, ictimai və siyasi baxımdan riskli dövlət olduğunu da əlavə etsək, ölkənin gələcəyi ilə bağlı təsəvvür təkmilləşər.
Ermənistanda irəli sürülən iddiaları həyata keçirmək üçün heç bir rersurs mövcud deyil. Sovetlər dağılandan sonra bu ölkənin əhalisi 3 milyon nərəfə çatmayıb. İllik doğulanlarla ölənlərin fərqini nəzərə alsaq, 30 ildə bu ölkədə əhalinin artımı 300 mindən çox olmayacaq. Rəsmi məlumatlara əsasən, Ermənistanda ildə 38-39 min nəfər doğulur. Hər min nəfərə düşən ölənlərin sayı isə 28-30 min nəfər təşkil edir. Belə çıxır, Ermənistan əhalisinin sayı ildə 10 min nəfər artacaq, 30 ildə isə bu rəqəm 300 min nəfər təşkil edəcək. BMT-nin hesablamasına görə, 2050-ci ildə ən pis halda 2 milyon 573, orta vəziyyətdə 2 miyon 816, ən yaxşı halda isə 3 milyon 65 min nəfər, 2100-cü ildə isə ən pis halda 1 milyon 207 min, orta vəziyyətdə 2 milyon 39 min, ən yaxşı halda isə 3 milyon 175 min nəfərə çata bilər. Ermənistan Statistika Komitəsinin məlumatında bildirilib ki, bu ilin son 6 ayında ölkə əhalisinin sayı 3 500 nəfər azalıb. Məlumata görə, cari ilin iyun ayında ölkə əhalisinin sayı 2 milyon 961 min 600 nəfər olub. Ötən ilin uyğun dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 8 200 nəfər azalıb. Əsasən, vilayətlərin şəhər və kəndlərinin daimi əhalisinin sayında azalma müşahidə edilib. Məlumata görə, cari ilin ilk 6 ayında yeni doğulanların sayı da azalaraq 16 min 111 nəfər olub. Ötən ilin uyğun dövründə bu rəqəm 16 min 261 nəfər, 2017-ci ildə isə 17 min 171 nəfər təşkil edib.
"Strateji-2050”də ümumi daxili məhsulun (ÜDM) həcminin qarşıdan gələn 30 il ərzində, təxminən, 15 dəfə artımının planlaşdırıldığı da göstərilir. Beynəlxalq və yerli ekspertlər bunu şişirdilmiş və heç bir perspektivi olmayan hədəf adlandırıblar. Beynəlxalq təşkilatların verdiyi proqnozlara əsaslanmayan inkişaf konsepsiyası qısamüddətli dövrə hədəflənmiş populist addım hesab olunur. Çünki sənəddə göstərilən hədəflərlə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları arasında ciddi fərqlər var. Strateji sənəddə 2024-cü ildə ÜDM-nin ümumi həcminin 22 milyard dollar, adambaşına düşən miqdarı isə təxminən, 6,6 min dollar olacağı qeyd edilsə də, BVF-nin proqnozlarına əsasən, ÜDM-in həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5,7 min dollar təşkil edəcək. İqtisadiyyatın inkişafında digər həlledici indikator hesab edilən ixrac həcminin də gələcəyi sual atındadır. Çünki BVF-nin proqnozlarına əsasən, bu günədək ticarət əməliyyatlarında idxalın ixracdan üstün olması tendensiyası hələ uzun müddət artaraq davam edəcək.
Ermənistan hökumətinin açıqladığı hədəflər içərisində turizm sektorunun inkişafına diqqət ayrıldığı da qeyd edilib. Bunun üçün ölkədə bir sıra idman yarışlarının keçirilməsi və turizm sektoruna investisiya yatırılması ilə 2050-ci ildə ölkəyə 15 milyon turistin gəlməsi hədəflənməkdədir. Ermənstanın İqtisadiyyat və Qiymətləndirmələr Araşdırma Mərkəzinin təhlilinə əsasən, xarici turist olaraq ölkəyə səfər edən qonaqların 62 faizi dünyanın müxtəlif yerlərində yaşayan etnik ermənilərdir. Bu tendensiyanın davamlı olma ehtimalı və ölkənin Cənubi Qafqaz regionunda qonşularına nisbətən cəlbediciliyinin olduqca aşağı olması, verilən vədlərin reallaşmasını mümkünsüz edir.
Beynəlxalq və yerli erkspertlər Nikol Paşinyanın 2050-ci il hədəflərinin xülya və əhalinin başını qatmağa yönəldiyi ilə bağlı təkzibedilməz faktlar irəli sürürlər. Ermənistan iqtisadiyyatı ələbaxımdır. Ölkənin energetika sahəsi tamamilə xarici ölkədən asılı vəziyyətdədir. Elektrik enerjisinin qiyməti ilə bağlı etiraz aksiyalarının keçirilməsi və bu sahədə hələ də qeyri-müəyyənlik, təbii qazın qiymətinin bahalaşmasının Rusiyadan asılı olmasını xatırlatmaq Ermənistan iqtisadiyyatının ələbaxımlığını təsdiqləməyə yetərli olar.
BVF Ermənistan iqtisadiyyatının 4,5 faiz geriləcəyini bildirib. Fond hesab edib ki, Ermənistan iqtisadiyyatı Rusiyanın yardımı və investiyasından asılıdır. 2018-ci ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 11,2 faiz azalaraq 1,9 milyard dollar təşkil edib.
Amulsar qızıl yatağı ətrafında son aylar baş verən hadisələr də Ermənistan iqtisadiyyatı ilə bağlı bədbin proqnozları irəli sürməyə imkan verir. Qeyd edək ki, bu yataq ABŞ-ın "Lydian International" şirkəti tərəfindən istismar olunur. Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal olunur. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad (ermənilər Vorotan deyir) çayları arasında yerləşir. Ermənistanda Cermuk kurort şəhərinin sakinləri, ictimai fəallar Amulsar qızıl yatağının bağlanması tələbi ilə aksiya keçirir. Bir neçə gün əvvəl Nikol Paşinyan Cermukda səfərdə olub. Yerli ekoloqları onun səfərinin formal olduğunu iddia ediblər. Ekoloq Anya Xaçatryan bildirib ki, səfər ciddi əhəmiyyət daşımayıb: "Baş nazirin Cermuka səfəri formal alındı. O, camaatla görüşməkdənsə, ayrı-ayrı sakinlərin mənzillərinə baş çəkdi”. Amulsar mədəni ilə bağlı hadisə Ermənistanda investisiya mühitinin olmadığını da təsdiqləyir. Azərbaycan ərazisini işğal etdiyindən bu ölkənin iqtisadiyyatı risklidir. Xarici iş adamları bu ölkəyə sərmayə qoymaqdan çəkinirlər.
Nəhayət, 30 illik strateji hədəf irəli sürən Nikol Paşinyanın dövlətinin vətəndaşları Türkiyə başda olmaqla qonşu ölkələrdən etdikləri zənbillə ticarət hesabına yaşayırlar. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bildirib ki, bu ilin yanvar-iyun aylarında Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı 23 min 160 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur. Türkiyədəki 170 min erməninin 100 mini Ermənistan vətəndaşıdır.
Beləliklə, Türkiyə, Gürcüstan, İran və Rusiyadan gətirilən zənbillə ticarət Nikol Paşinyanın 2050-ci il strategiyasının reallıqdan uzaq olduğunu təsdiqləyir. Baş nazir isə zənbil ümidinə mövcud olan iqtisadiyyatla vədlər verməklə Ermənistan vətəndaşlarını aldadır. Bu baxımdan, "Yalan ayaq tutar, yeriməz” atalar sözümüz Ermənistan üçün də keçərlidir. Ona görə də Paşinyanın "Strategiya-2050”si "Avantüra-2050”ya daha çox oxşayır.
Şərhlər